Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2022 10:00
  • A-
  • A
  • A+

Görkəmli nizamişünas alim Xəlil Yusifli ilə vida mərasimi keçirilib

Görkəmli nizamişünas alim Xəlil Yusifli ilə vida mərasimi keçirilib

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli görkəmli alim Xəlil Həmid oğlu Yusifli ilə vida mərasimi keçirilib.

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, şəhərdəki ali təhsil və elmi-tədqiqat ocaqlarının nümayəndələri, müəssisə və təşkilat rəhbərləri, mərhumun ailə üzvləri iştirak ediblər.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında professor Xəlil Yusiflinin vəfatını Azərbaycan filologiya elmi, xüsusən nizamişünaslığımız üçün əvəzsiz itki kimi səciyyələndirərək, elmi ictimaiyyətimizə və mərhumun ailə üzvlərinə başsağlığı verib.

Çıxışlarda Azərbaycanda nizamişünasların və klassik ədəbiyyatımızın inkişafında və bu sahədə tədqiqatçıların bir neçə nəslinin formalaşdırılmasında professor Xəlil Yusiflinin mühüm xidmətləri olduğu vurğulanıb, həmçinin o, dövlətçilik ideallarımıza sədaqətlə xidmət edən yüksək mənəviyyatlı şəxsiyyət kimi səciyyələndirilib.

Mərasimdə görkəmli alimin vəfatı münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin göndərdiyi başsağlığı məktubu səsləndirilib. Həmçinin Gəncə Regional Mədəniyyət İdarəsi də görkəmli alimin vəfatı münasibətilə başsağlığı verib.

AMEA-nın Gəncə Bölməsinin yaydığı nekroloqda isə görkəmli alimin ömür yolu və elmi fəaliyyəti haqda geniş məlumat verilib.

Gəncədəki vida mərasimindən sonra professor Xəlil Yusiflinin tabutu onun doğma yurduna aparılıb. Qazağın Aslanbəyli kəndinin qəbiristanlığında keçirilən dəfn mərasimində alimin həmkarları və yetişdirmələri onun haqqında vida sözlərini söyləyiblər.

Onu da qeyd edək ki, bu yaxınlarda Nizami Gəncəvinin yaradıcılığının tədqiqi ilə məşğul olan və dahi şairin məqbərəsini ziyarət üçün Gəncəyə gələrək, professor Xəlil Yusifli ilə birgə bu müqəddəs missiyanı gerçəkləşdirən pakistanlı alimlər - Lahor Dövlət Kollec Universitetinin əməkdaşları da görkəmli alimimizin vəfatı ilə bağlı AMEA-nın Gəncə Bölməsinə başsağlığı məktubu göndəriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: