AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edib.
Alim Qarabağda elmi tədqiqatların gələcək inkişafı üçün mühüm rol oynayacaq vacib tədbirlərdən olan bu mötəbər konfransın 27 sentyabr - Anım Gününə bir neçə gün qalmış keçirilməsinin özünəməxsus simvolik məna yükü daşıdığını bildirib.
“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda ilk oxşar konfransın AMEA-da 20-21 may 2021-ci il tarixlərində uğurla həyata keçirildiyini xatırladan akademik İradə Hüseynova tədbirin Azərbaycanın müvafiq sahələrdə çalışan alim və mütəxəssislərini vahid virtual məkanda toplamaqla işğaldan azad edilmiş bölgələrə elmin böyük qayıdışı ilə bağlı müvafiq yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması, növbəti tədqiqatları stimullaşdırmaq, bu istiqamətdə elmi ictimaiyyəti səfərbər etmək vəzifəsini daşıdığını diqqətə çatdırıb. Əlavə edib ki, Qarabağın biomüxtəlifliyini, torpaq və su ehtiyatlarını yenidən öyrənməklə, bərpa və inkişaf etdirməklə bağlı görülən işlər, həmçinin hər iki konfransın keçirilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Böyük Qələbə sayəsində mümkün olmuşdur.
“Zəngin biomüxtəlifliyə, su və torpaq ehtiyatlarına, əlverişli torpaq-iqlim şəraitinə və coğrafi mövqeyə, torpaq və su təminatına malik olan azad edilmiş ərazilərin inkişafının sistemli xarakter alması üçün elmin intensiv iştirakı və fəaliyyətlərin elmi yanaşmalara əsaslanması tələb olunur”, - deyən AMEA-nın vitse-prezidenti 30 ilə yaxın müddət ərzində işğal altında qalmış ərazilərdə elmi tədqiqatlar aparmağın mümkün olmadığını təəssüf hissi ilə qeyd edib. O, bu ərazilərə elmi müəssisələr və mütəxəssislər tərəfindən çoxsaylı ekspedisiyaların təşkil olunduğunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində monitorinq tədqiqatları aparıldığını deyib.
Akademik İradə Hüseynovanın sözlərinə görə, Qarabağda alimlərimiz tərəfindən həyata keçirilmiş tədqiqat işlərinin istiqamətləri sırasında ayrı-ayrı obyektlərin radioekoloji vəziyyətinin, bioloji ehtiyatlarının və biotəhlükəsizlik məsələlərinin öyrənilməsi ilə bağlı işlər, su resurslarına və su ilə bağlı problemlərin həllinə aid araşdırmalar, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinə daxil edilməsi planlaşdırılan növlərin monitorinqi ilə bağlı tədqiqatlar, eləcə də Qarabağ Elmi Tədqiqat Bazasının bərpasına və burada region üçün yaradılmış və yaradılan bitki sortlarına dair fəaliyyətlər xüsusi olaraq qeyd edilməlidir.
Vitse-prezident regionun radioekoloji və biotəhlükəsizliyi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, AMEA-nın institutları tərəfindən bu istiqamətdə tədqiqatlar əsasən mənbəyini Ermənistandan götürən çay sistemlərində, işğal müddətində intensiv istismara məruz qalmış faydalı qazıntı yataqları zonalarında, içməli su mənbələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılmışdır.
Regionun bioloji müxtəlifliyi və Azərbaycan Respublikasının “Qırmızı kitabı” ilə bağlı monitorinqlərdən söz açan alim Ermənistanın hərbi təcavüzü nəticəsində bölgənin nadir fauna və flora növlərinin ekoloji terrora məruz qaldığını, bununla əlaqədar növlərin beynəlxalq kateqoriyalara uyğun qiymətləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə əvvəllər bizə məlum olan nadir, nəsli kəsilməkdə olan, endem, subendem bitkilər 59 fəsilə, 140 cins, 224 növ təşkil edir.
Akademik İradə Hüseynova, həmçinin Mərkəzi Nəbatat Bağının, Botanika və Zoologiya institutlarının əməkdaşlarının azad edilmiş ərazilərimizdə apardıqları tədqiqatlar barədə məlumat verib, son dövrlərdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Botanika və Zoologiya institutlarını təmsil edən 16 əməkdaş üçün Qarabağ ərazilərində tədqiqat monitorinqlərinin aparılmasına rəsmi icazə alındığını diqqətə çatdırıb: “Artıq 3 ekspedisiya həyata keçirilmiş, Füzuli və Cəbrayıl rayonlarının Arazboyu ərazilərində, Zəngilan və Qubadlı rayonlarında, Şuşa şəhəri və ətraf ərazilərdə Qırmızı siyahı növləri ilə bağlı araşdırmalar aparılmışdır. Müvafiq ekspedisiya tədqiqatları davam etdiriləcək”.
Son bir ildə Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında 2 tarla seminarının keçirildiyini söyləyən vitse-prezident AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin və institutların mütəxəssislərinin bazaya səfərlərinin təşkil edildiyini vurğulayıb. Bildirib ki, Böyük Zəfərdən sonrakı dövrdə bazanın 100 hektar ərazisi minalardan təmizlənmiş, burada genofond bağı salınmağa başlanılmış, prioritet kənd təsərrüfatı bitkilərinin bölgə üçün yaradılmış yeni sortlarının və potensial sort nümunələrinin əkinləri aparılmış və onlar üzərində tədqiqat işləri həyata keçirilmişdir. Hazırda bazada calaq işləri aparılır, yeni əkinlər üçün hazırlıq görülür.
Alim ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərin su resurslarına, onların bərpasına, yeni mənbələrin tapılmasına və su ilə bağlı mövcud problemlərin həllinə istiqamətlənmiş çoxsaylı təkliflərin verildiyini və əsaslandırıldığını da deyib, onlardan bir çoxunun fəaliyyət üçün qəbul edildiyini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova bugünkü konfransa Azərbaycanla yanaşı, Türkiyə, İran, Ukrayna, Şimali Kipr Türk Respublikası, Cənubi Koreya, Çin, Gürcüstan və s. ölkələrdən 250-dən çox tezisin təqdim edildiyini söyləyib, plenar məruzələrdə son bir il yarım ərzində regionda aparılmış tədqiqatların da əksini tapacağını nəzərə çatdırıb. Əlavə edib ki, Azərbaycandan daxil olan tezislərin müəllifləri respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələrini, o cümlədən AMEA-nı, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikası Energetika Nazirliyini, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələrini, Bakı Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini, Milli Aviasiya Akademiyasını, Milli Aerokosmik Agentliyi, Qarabağda iş aparan şirkətləri və digər təşkilatları təmsil edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.