Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 16:35
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub

Aşqarlar Kimyası İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd olunub

AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılan mərasimdə çıxış edən AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 27 sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Çünki bu gün həm şəhidlərimizi anmaq, həm də qürur günümüzdür. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın hesabına bu missiyanı yerinə yetirdik. O vətənpərvər gənclərimiz bu problemi gələcək nəsillərə saxlamadılar”.

Akademik rəhbərlik etdiyi institutun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini qeyd etməklə, 44 günlük Vətən müharibəsində isə müəssisə əməkdaşlarının yaxın ailə üzvlərinin könüllü surətdə döyüşə getdiyini və qazi olduğunu söyləyib: “Onlardan ikisi hazırda bugünkü tədbirimizdə iştirak edirlər”.

Tədbirdə AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova şəhidlərə həsr olunan videotəqdimatla çıxış edib.

Sonra tədbirdə iştirak edən Qarabağ qaziləri – Rüfət Salmanov və Məqsəd Məmmədli müharibə təəsüratlarını bölüşüb, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışıblar.

Daha sonra institutun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev və AKİ-nin Qadınlar Şurasının sədri, professor Həqiqət Cavadova çıxış edərək Anım gününün əhəmiyyətini vurğulayıb, bu əlamətdar təqvim gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd ediblər.

Sonda tədbirdə iştirak edən qazilərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: