AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutununn Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsində dahi bəstəkar, tanınmış ictimai xadim, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə seminar keçirilib.
Şöbə müdiri f.ü.f.d., dosent Faiq Ələkbərli “Üzeyir Hacıbəylinin dünyagörüşünün milli fəlsəfi aspektləri” başlıqlı məruzəsində onun sosial-demokrat, milli demokrat görüşlərindən, ictimai və fəlsəfi fikir baxışlarından bəhs edib. Onun sözlərinə görə, Üzeyir Hacıbəyli yaradıcılığında soydaşlarını, dindaşlarını tərəqqiyə, maariflənməyə səsləməklə yanaşı, islamlıqla türklüyün dirilişi və inkişaf yollarını da göstərmişdir. O, bir tərəfdən geriçilik dövrünü yaşayan türk-müsəlman xalqlarının problemlərinin əsas mahiyyətini göstərməyə çalışmış, digər tərəfdən Qərbə nisbətdə geridə qalan Şərq xalqlarının, o cümlədən türk-müsəlman millətlərinin çıxış yollarını aramışdır. Azərbaycan türklərinin tərəqqisi uğrunda mübarizə aparan Üzeyir Hacıbəyli ilk dövrlərdə hesab edirdi ki, bunun üçün ən optimal cərəyan sosial-demokratizm olub, yalnız sosializm əqidəsi bütün insanların sosial və hüqüqi bərabərliyindən yanadır.
“Ancaq çox keçmədən o, belə bir qənaətə gəlmişdir ki, artıq bütün millətlər kimi türk-müsəlman xalqlarının da milli cəmiyyətlər yaratması, milli-dini birliyə nail olması vaxtıdır. Xüsusilə də, milli birlik, yəni türk xalqlarının birliyi yolunda o, milli təşkilatların yaranmasını vacib hesab etmişdir. Bizcə, onun dünyagörüşündə türk-İslam aləminin vəziyyəti və çıxış yolları ilə bağlı irəli sürdüyü bir çox mülahizələr günümüzdə də aktuallığını qoruyub saxlamaqdadır”, - deyə F.Ələkbərli bildirib.
Faiq Ələkbərliyə görə, Ü.Hacıbəylinin türkçülük və islamçılıqla bağlı baxışları daha çox Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşının fikirləri ilə üst-üstə düşmüşdür.
Sonra fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, sosiologiya elmləri doktoru Səadət Məmmədova, f.ü.f.d., dosent Şahin Bağırov, f.ü.f.d. Zaur Rəşidov, dosent Mətləb Mahmudov, doktorant Rasim Məcidov və başqaları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.