AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Tədbirdə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və universitetin əməkdaşları iştirak ediblər.
Müqaviləyə əsasən kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq məqsədilə GEİ-nin nəzdində ADAU-nun baza kafedrası yaradılıb. Kafedranın yaradılmasında məqsəd ADAU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, genetika, biotexnologiya, virusologiya, seleksiya və toxumçuluq, tərəvəzçilik və meyvəçilik sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması və inkişaf etdirilməsindən ibarətdir.
Universitetin Elmi şurasının iclasında İ.Cəfərov və Z.Əkpərov baza kafedrasının fəaliyyət istiqamətləri haqqında məruzə ilə çıxış etmişlər. Baza kafedrasında ADAU-nun magistr və doktorantlarının GEİ-nin əməkdaşları ilə birgə müasir üsullarla tədqiqat işləri aparmasının nəzərdə tutulduğu vurğulanıb.
İmzalama mərasimindən sonra AMEA-nın müxbir üzvü Z.Əkpərov Aqronomluq fakültəsinin professor-müəllim heyəti qarşısında “Azərbaycanda aqrar elm və təhsilin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdən sonra ADAU-da yaradılmış yeni laboratoriyalara və auditoriyalara baxış keçirilib. Z.Əkpərov universitetdə son illərdə aparılan köklü islahatları yüksək qiymətəndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.