Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutunun alimlərinin məqaləsi beynəlxalq topluda nəşr olunub
28.10.2022 09:29
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimlərinin məqaləsi beynəlxalq topluda nəşr olunub

Bu günlərdə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi – 880” (“Низами Гянджеви – 880”) adlı elmi məqalələr toplusu işıq üzü görüb.

Dahi şairin 880 illik yubileyinə həsr olunmuş Azərbaycan, Rusiya, Türkiyə, Almaniya və Macarıstandan olan 19 alimin məqaləsinin yer aldığı bu topluda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da təmsil edilib.

Nizamişünaslıq sahəsində aparılan ən son və daha orijinal elmi tədqiqatları dünyaya çatdırmaq məqsədi ilə nəşrə hazırlanan topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi”, fil.e.d. Nəsib Göyüşovun “Nizaminin poetik irsinin öyrənilməsində əsas problemlərə baxış”, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadənin “Şərqin parlayan Günəşi və ya dahi humanist Nizami Gəncəvi” və fil.ü.f.d., dosent Nəzakət Məmmədlinin “Nizami yaradıcılığında sufizm” başlıqlı məqalələri yer alıb.

Qeyd edək ki, yeni nəşrin tərtibçisi və “Ön söz” müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq Şahnaz Kamalova, elmi redaktorları Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Darya Jiqulskaya, elmi məsləhətçiləri isə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru, professor Vilayət Quliyev və Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Vaqif Sultanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: