Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813-1828)” adlı kitab nəşr olunub
12.06.2025 17:35
  • A-
  • A
  • A+

“Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813-1828)” adlı kitab nəşr olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) elmi katibi, tar.ü.f.d. Cəmil Quliyevin “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813-1828)” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya cənab Prezident İlham Əliyevin verdiyi Sərəncamlardan irəli gələn vəzifələrin icrasının elmi təhlilinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə AMEA-nın illik plan işlərinə uyğun olaraq hazırlanmışdır. Kitab AMEA-nın yaradılmasının 80 illiyinə həsr olunmuşdur.  Tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrü təşkil edir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə tarixi Azərbaycan torpaqlarının Qacarlar İranı və Çar Rusiyası tərəfindən işğalı arxiv sənədləri əsasında elmi mənbələrlə təhlil olunaraq araşdırılmışdır.

Lənkəran REM-in Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın Elmi redaktoru və ön sözünün müəllifi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Rəyçilər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvvəlləri tarixi şöbəsinin müdiri, Elm üzrə Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənovdur.

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: inkişaf mərhələləri və müasir dövr” adlı məqaləsi də yer almışdır.

Tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin oxuculara təqdim etdiyi bu monoqrafiya 5503.02 “Vətən tarixi” ixtisası üzrə elmi-tədqiqatlarla məşğul olan alimlər, mütəxəssislər, dissertantlar üçün əhəmiyyətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: