Bu gün Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin bacısı Fatma xanımın nəticəsi Fatma Verdiyeva və Rəsizadələr şəcərəsinin daha bir nümayəndəsi, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin müəllimi Gülsüm Eldarova ilə görüş keçirilib. Görkəmli nəslin nümayəndələri Mişkinaz və Turan Cavidlər haqqında öz xatirələrini muzeyin əməkdaşları ilə bölüşüblər.
Gülsüm Eldarova Hüseyn Cavidə ithaf etdiyi əsərini özündə ehtiva edən “Fortepiano əsərləri” kitabını, Fatma xanım Yılmaz Əsədoğlunun (Verdiyev) “Lehçe farkımız ferqimizdedir”, “Bir fizikçinin hatıraları ve düşünceleri” kitablarını muzeyə hədiyyə ediblər.
Muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyeva da qonaqlara Mişkinaz Cavidin “Cavidi xatırlarkən” və “Ərtoğrol Cavidin musiqi əsərləri” kitablarını hədiyyə edib.
Qonaqlar muzeyin rəy kitabına öz ürək sözlərini yazıblar.
Qeyd edək ki, Fatma xanım, həmçinin Hüseyn Cavidin qonşusu Əsəd Verdiyevin gəlini, oğlu riyaziyyat-fizika elmləri doktoru Yılmaz Verdiyevin həyat yoldaşıdır. Əsəd Verdiyev Hüseyn Cavid həbs edilərkən şahid qismində dəvət edilmiş, axtarış protokolunu (evdən müsadirə edilən əşya və sənədlərin siyahısı) imzalamışdır. Lakin elə Hüseyn Caviddən bir neçə gün sonra 1937-ci il 5 avqustda özü də həbs edilərək, 1938-ci ilin 2 yanvar tarixində güllələnmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.