Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər son illərdə bütün istiqamətlərdə, xüsusilə elm, ədəbiyyat və mədəniyyət sahələrində daha da inkişaf etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq münasibətləri və qarşılıqlı etimada əsaslanan siyasi dialoq Azərbaycan–Özbəkistan əlaqələrinin bütün istiqamətlər üzrə dinamik inkişafına, o cümlədən elm və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Ortaq tarixi köklərə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən bu əlaqələrin möhkəmlənməsində klassik irsin tədqiqi və təbliği mühüm rol oynayır. Türk dünyasının iki dahi söz ustadı – Azərbaycan poeziyasının zirvəsi Nizami Gəncəvi və özbək klassik ədəbiyyatının böyük nümayəndəsi Əlişir Nəvai yaradıcılığı xalqlarımız arasında mənəvi körpü olmaqla yanaşı, ortaq mədəni irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Qədim tarixə malik Gəncə şəhəri əsrlər boyu Şərqin mühüm elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biri kimi tanınmış, dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini bəşəriyyətə bəxş etmişdir. Bu gün də Gəncə Azərbaycanın əsas elm və mədəniyyət ünvanlarından biri olmaqla yanaşı, beynəlxalq elmi-mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verməkdədir. Bu baxımdan Özbəkistan alimlərinin Gəncəyə səfəri Azərbaycan–Özbəkistan humanitar əlaqələrinin daha da möhkəmləndirilməsi və ortaq ədəbi-mədəni irsin birgə tədqiqi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, professor Sürəyya Kərimova və institutun Klassik ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri namizədi, dosent Səlimxon Eşonova Azərbaycana səfərləri çərçivəsində Gəncə şəhərini ziyarət ediblər.
Qonaqları AMEA-nın Gəncə Bölməsinin elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov qarşılayıb.
Səfər çərçivəsində qonaqlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsini, Nizami Gəncəvi Muzeyini, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzini, Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini, eləcə də “İmamzadə” dini-memarlıq kompleksini ziyarət ediblər.
Görüş zamanı Əlimuxtar Muxtarov qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun Azərbaycan şairi kimi ümumbəşəri ideyaların parlaq ifadəçisi olması, türk kimliyi ilə fəxr etməsi, doğma Azərbaycan xalqına bağlılığı ilə yanaşı, bütün bəşəriyyətə ünvanlanan humanist ideyaları haqqında ətraflı məlumat verib. O, həmçinin dahi mütəfəkkirin irsinin Azərbaycan alimləri tərəfindən öyrənilməsi istiqamətində görülən işlərdən, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvi irsinin, “Xəmsə”sinin, Nizami Məqbərəsinin və qədim Gəncə şəhərinin qorunması, bərpası və beynəlxalq səviyyədə təbliği sahəsində həyata keçirdikləri ardıcıl dövlət siyasətindən, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən geniş bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində müasir tələblərə cavab verən Nizami Gəncəvi Muzeyi inşa edilərək istifadəyə verilib. Bu mühüm mədəniyyət ocağı dahi mütəfəkkirin zəngin irsinin qorunması, öyrənilməsi və dünya miqyasında təbliği istiqamətində həyata keçirilən ən əhəmiyyətli layihələrdən biridir.
Özbəkistanlı alimlər öz növbələrində göstərilən yüksək qonaqpərvərliyə və Nizami Gəncəvinin həyatı, yaradıcılığı, irsinin tədqiqi, eləcə də Azərbaycanda dövlət səviyyəsində qorunması və təbliği istiqamətində görülən işlər barədə verilən ətraflı məlumata görə səmimi minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan ilə Özbəkistan arasında elm və mədəniyyət sahəsində əməkdaşlığın son illərdə yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq, bu münasibətlərin klassik irsin tədqiqi istiqamətində daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüş çərçivəsində AMEA-nın Gəncə Bölməsi ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitututu arasında gələcək elmi əməkdaşlığın perspektivləri, Nizami Gəncəvi və Əlişir Nəvai irsinin müqayisəli tədqiqi, birgə elmi layihələrin hazırlanması, beynəlxalq konfransların təşkili, alim və tədqiqatçıların qarşılıqlı səfərləri, elmi nəşrlərin mübadiləsi və ortaq tədqiqatların aparılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfərin Azərbaycan və Özbəkistan arasında elmi, ədəbi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, iki qardaş xalqın ortaq mənəvi irsinin beynəlxalq miqyasda birgə tədqiqi və təbliğinə yeni töhfələr verəcəyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.