Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.07.2026 13:00
  • A-
  • A
  • A+

Özbəkistan Elmlər Akademiyasının nümayəndələri Əlyazmalar İnstitutunda olublar

Özbəkistan Elmlər Akademiyasının nümayəndələri Əlyazmalar İnstitutunda olublar

Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Əl-Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini tarix e.d., professor Surayyo Kərimova  və həmin institutun Klassik ədəbiyyat şöbəsinin müdiri fil.ü.f.d., dosent Salimaxon Eşonova AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

Qonaqları institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova qarşılayıb, onlara institutun tarixi və elmi fəaliyyət istiqaməti, burada mühafizə olunan qədim və nadir əlyazma nümunələri, yazılı abidələr,  əski çap kitabları, aparılan elmi tədqiqat işləri və yeni nəşrlər barədə geniş məlumat veriblər.

Daha sonra özbəkistanlı alimlər Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin tərcüməçisi Aysel Atakişiyeva qonaqlara burada sərgilənən nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib. Qonaqlar, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlament zalı və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olublar.

Görüş əsnasında S.Kərimova və S.Eşonova “Özbəkistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları Kolleksiyası: Dublikat Fondunun qısa kataloqu” üçcildliyini institut fonduna hədiyyə ediblər. X.Yusifova isə “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscə versiyasını və institutun yeni nəşrlərindən bir neçəsini qonaqlara təqdim edib.

Sonda özbəkistanlı alimlər Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: