Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.07.2026 11:56
  • A-
  • A
  • A+

Pakistanlı nizamişünas alimlər Gəncəyə səfər ediblər

Pakistanlı nizamişünas alimlər Gəncəyə səfər ediblər

 

AMEA-nın təşəbbüsü ilə formalaşan əməkdaşlıq, yeni elmi istiqamətlər

Pakistan İslam Rspublikasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqatçıları - Pakistanın Lahor Dövlət Kollec Universitetinin Dil, İslam və Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrasının dosenti, Dr. Almas Khan və Pakistanın Pəncab əyaləti Ali Təhsil Departamentinin Kitabxana və informasiya elmləri şöbəsinin müdiri Dr. Faiza Bəşir Azərbaycana səfərləri çərçivəsində Gəncəyə, Nizami yurduna səfər ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu səfərdə qonaqları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşı Hürnisə Bəşirova və Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin əməkdaşı  Könül İsgəndərova müşayiət ediblər.

Qonaqları AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev və Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev qarşılayıblar. 

Səfər çərçivəsində qonaqlar Gəncənin Baş Meydanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsini, Nizami Gəncəvi Muzeyini, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzini, Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini, eləcə də “İmamzadə” dini-memarlıq kompleksini, Şah Abbas Məscidini, Cavad xan türbəsini ziyarət ediblər.

Qonaqlarla görüşdə Əlimuxtar Muxtarov qeyd edib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında tarxi dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər son illərdə bütün istiqamətlərdə, xüsusilə elm, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində daha da inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında formalaşmış səmimi dostluq münasibətləri və qarşılıqlı etimada əsaslanan siyasi dialoq iki qardaş ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə dinamik inkişafına, o cümlədən elm, ədəbiyyat və mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verir. Bu əlaqələrin elmi və ədəbi istiqamətlər üzrə inkişaf etdirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin, Azərbaycan alimlərinin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq elmi əməkdaşlıq layihələri, alimlər arasında qarşılıqlı elmi mübadilənin genişləndirilməsi və ortaq tədqiqatların təşviqi mühüm rol oynayır.

Əlimuxtar Muxtarov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə şəhərin inkişafına verdiyi töhfələrdən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

O eyni zamanda Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəri dəyərləri dünya miqyasında təmsil və təbliğ edən dahi bir sənətkar olduğunu qonaqların diqqətinə çatdırıb. Tədqiqatçı qeyd edib ki, istər Şərq, istərsə də Qərb ölkələrində dahi şairin irsinin böyük maraqla öyrənilməsinin əsas səbəblərindən biri onun yaradıcılığında tolerantlıq, multikulturalizm, birgəyaşayış və humanizm kimi ideyaların aparıcı xətt təşkil etməsidir ki, bu da Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının müdrikliyinin təzahürüdür.

Ə.Muxtarov qonaqlara Azərbaycan nizamişünaslığının və dahi şairin məqbərəsinin tarixindən söhbət açıb. Qeyd edib ki, bir əsrdən artıq tarixə malik olan Azərbaycan nizamişünaslığının intibah dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin XX əsrin 60-cı illərinin sonlarından başlayaraq dahi mütəfəkkirin irsinin öyrənilməsi, tərcüməsi, yubileylərinin qeyd edilməsi, həmçinin məqbərəsinin qorunması və bərpası istiqamətində həyata keçirdiyi dövlət tədbirlərinin tarixi əhəmiyyətindən danışan Ə.Muxtarov, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının dahi mütəfəkkirin 870 və 880 illik yubileylərinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi, Prezidentin himayəsi altında keçirilən Qlobal Bakı forumlarının tarixi missiyası və 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması kimi mühüm addımların məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Azərbaycanda və dünya miqyasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı həyata keçirilən tarixi işləri qonaqların diqqətinə çatdırıb.

Pakistanlı alimlər Azərbaycana, Gəncəyə səfər təəssüratlarını bölüşüblər: “Azərbaycana ilk dəfə 2019-cu ildə beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlmişdik. O zaman mən və həmkarım, dostum, Pakistanın Ali Təhsil Departamentinin İnformasiya İdarəetməsi şöbəsinin əməkdaşı Dr. Faiza Bəşirlə ilk dəfə bu ölkəyə səfər edirdik. Səfərdən əvvəl Azərbaycan haqqında çox oxumuşduq, lakin burada gördüyümüz səmimiyyət, qonaqpərvərlik və bizə göstərilən isti münasibət bütün gözləntilərimizi üstələdi. Bu səfər bizim yaddaşımızda silinməz iz buraxdı.

Bu görüşlərimizin, elmi-ədəbi, mədəni əlaqələrimizin zirvəsi akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında imzalanan memorandum oldu. Bu sənəd iki ölkənin müvafiq qurumları arasında mühüm əməkdaşlığın əsasını qoymuşdur.

2026-cı ilin iyul ayında yenidən Azərbaycana gəlmək bizim üçün böyük sevinc idi. Bu dəfə səfərimizin məqsədi təkcə elmi tədbirlərdə iştirak etmək deyildi. Biz artıq dost hesab etdiyimiz insanlarla yenidən görüşmək, başladığımız elmi əməkdaşlığı davam etdirmək və yeni layihələri müzakirə etmək istəyirdik. Hazırda mən Almas Khan və  Dr. Faiza Bəşir Azərbaycan Milli Elmlər Akademiyasında postdoktoral tədqiqat aparan qadın alimlərik. Bu, həm bizim, həm də Pakistan elmi üçün qürurverici hadisədir.

Bütün səfərlərimizdə olduğu kimi, bu dəfə də akademik İsa Həbibbəyli ilə görüşmək imkanımız oldu. Görüşdə Azərbaycan və Pakistan xalqları arasında tarixi dostluqdan, dövlət rəhbərlərimizin tarixi köklərə söykənən müdrik siyasətlərindən, o cümlədən  elmi və ədəbi əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycan şairləri ensiklopediyasının hazırlanması, hər iki ölkədə birgə beynəlxalq konfransların təşkili, böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinə dair ortaq elmi tədqiqatların aparılması, eləcə də Pakistan–Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş kitab bölmələrinin beynəlxalq müəlliflərin iştirakı ilə hazırlanması kimi mühüm təşəbbüslər müzakirə olundu. İnanırıq ki, bu layihələr ölkələrimizin alimlərini daha da yaxınlaşdıracaq.

Görüşümüz zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında müəllifi olduğum iki kitabı akademik İsa Həbibbəyliyə təqdim etdim. Bu kitablar akademik İsa Həbibbəylinin Nizami Gəncəvi haqqında "آذربائیجان کا عظیم المرتبت شاعر نظامی گنجوی"  “Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi” adlı kitabının urdu dilinə tərcüməsi və “Pənc Gənc Nizami Gəncəvi” adlı əsərlərim idi. Bu kitab Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş beytlər toplusunu həm urdu, həm də ingilis dillərinə tərcümə edir. Buraya, həmçinin Nizami Gəncəvi poeziyasının mövzularını və ruhunu əks etdirən orijinal sənət əsərləri də daxildir.

Akademik İsa Həbibbəylinin dəstəyi ilə Gəncəyə etdiyimiz hər iki səfər isə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrində olmuşuq, lakin Gəncə bizdə tamam fərqli hisslər oyadır. Bu şəhərdə qəribə bir mənəvi rahatlıq, daxili sakitlik və tarixin nəfəsi duyulur.

Bizim üçün Gəncə sadəcə qədim bir şəhər deyil. Bura İmamzadənin şəhəridir, Nizami Gəncəvinin şəhəridir, Cavad xanın şəhəridir. Burada tarix, ədəbiyyat və mənəviyyat bir-birini tamamlayır. Gəncəyə hər səfərimiz bizə xüsusi mənəvi rahatlıq bəxş edir və bu şəhərə olan sevgimizi daha da artırır.

Nizami Gəncəvinin məqbərəsini ziyarət etmək bizim üçün ən yaddaqalan anlardan biri oldu. Böyük mütəfəkkirin məhz bu torpaqda yaşayıb yaratdığını, ölməz “Xəmsə”sini burada qələmə aldığını düşünmək insana xüsusi hisslər yaşadır. AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzini ziyarət etmək, bu mərkəzlə, “Nizamişünaslıq” elmi əsərlər jurnalı ilə gələcək əməkdaşlıq, Nizami Gəncəvi Muzeyini və şairin həyatı ilə bağlı digər məkanları ziyarət etmək... Bütün bunlardan sonra bir daha əmin olduq ki, Nizami Gəncəvinin irsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin ortaq mənəvi sərvətidir.

Kim “Leyli və Məcnun”u tanımır? Kim “Xosrov və Şirin”i, yaxud “Yeddi Gözəl”i eşitməyib? Bu əsərlər əsrlərdir müxtəlif xalqları bir-birinə yaxınlaşdırır, insanları sevgi, ədalət və humanizm kimi ali dəyərlərə səsləyir. Biz inanırıq ki, Nizami Gəncəvinin irsinin daha geniş şəkildə öyrənilməsi Azərbaycan ilə Pakistan arasında humanitar və elmi əməkdaşlığın inkişafına da mühüm töhfə verəcək.

Azərbaycana hər səfərimiz bizə bir daha göstərir ki, Pakistan və Azərbaycan dostluğu yalnız diplomatik münasibətlərə əsaslanmır. Bu dostluğun təməlində ortaq tarix, mədəniyyət, ədəbiyyat, elmə hörmət və səmimi insan münasibətləri dayanır. Biz özümüzü burada qonaq deyil, doğma dostlar arasında hiss edirik.

Gələcəkdə də Azərbaycan ilə Pakistan arasında akademik əməkdaşlığın daha da genişlənməsi, gənc alimlərin bir-birindən öyrənməsi və ortaq elmi layihələrin həyata keçirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik. İnanırıq ki, elm və ədəbiyyat xalqlarımızı birləşdirən ən möhkəm körpülərdən biridir və biz bu körpünün daha da möhkəmlənməsinə öz töhfəmizi verməyə çalışacağıq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: