Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2022 16:32
  • A-
  • A
  • A+

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransı keçirilir

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransı keçirilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransı öz işinə başlayıb.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin və Rəyasət Heyəti üzvlərinin konfrans iştirakçılarına təbrikini çatdırıb.

O, “Şuşa ili”nə həsr olunmuş konfransın əhəmiyyətini vurğulayaraq, işğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi istiqamətində aparılmış tədqiqatlardan danışıb, bu sahədə institut alimlərinin fəaliyyətini yüksək qiymətləndirib.

“Prezidenti İlham Əliyevin elmə və alimlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün alimlərimiz yüksək nəticələr göstərir, ətraf mühitin qorunması və radiasiya təhlükəsizliyi sahələrində innovativ layihələrlə çıxış edirlər. Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda gələcək inkişafın elmi əsaslarının hazırlanmasında fəal iştirak edirlər”, – deyə akademik Rasim Əliquliyev bildirib.

Radiasiya Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq əlaqələrinə də toxunan vitse-prezident bu istiqamətdə alimlərin fəaliyyətini yüksək qiymətləndirib.

Sonra çıxış edən RPİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə daxil olan “təmiz ətraf mühit və yaşıl artım” sahələrində institutun fəaliyyətindən danışıb.

Qarabağ regionunda aparılmış çöl tədqiqatlarından bəhs edən İslam Mustafayev bildirib ki, müəssisə alimlərinin hazırladıqları müvafiq innovativ cihaz və avadanlıqlar ərazidə tətbiq edilib və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.

İnstitutun beynəlxalq əlaqələrindən, qrant layihələrdə iştirakından və kadr potensialından da danışan baş direktor elmi tədqiqatlarda gənc alim və mütəxəssislərin fəal rol oynadığını vurğulayıb. O, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribov, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin sədri Vüqar Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Ərəstun Həsənov və RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək işğaldan azad edilmiş ərazilərdə kompleks elmi tədqiqatlar üçün yaradılmış şəraitdən, müxtəlif dövlət qurumlarının bu sahədə qarşılıqlı əlaqələrindən, tədqiqatların və əldə edilmiş elmi nəticələrin əhəmiyyətindən danışıblar.

Tədbir öz işini plenar iclaslarla davam etdirib.

Qeyd edək ki, konfransın ikinci günü iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: