AMEA Arxeologiya və Antropologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev açaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin həmin ağır dönəmində ictimaiyyətin müraciəti ilə Bakıya gəlişini və Milli Məclisin sədri vəzifəsinə seçilməsini Azərbaycan xalqının və dövlətçiliymizin xilası üçün möhtəşəm bir tarixi hadisə olduğunu vurğuladı. “O dövrdə gənc bir ziyalı olaraq Vətənimizin hansı bir təhlükə ilə üzləşdiyinin şahidi idik. Gəncədə hərbi qiyam, dövlət idarəçiliyində özbaşınalıq və xaos, erməni işğalları, separatçı təxribatlar nəinki Azərbaycan dövlətçiliyinin, hətta Azərbaycan xalqının fiziki mövcudluğunu təhlükə qarşısında qoymuşdu. Heydər Əliyevin hakimiyyətə dönüşü faktiki olaraq dövlətimizi və xalqımızı xilas etdi. Dövlətin idarə edilməsində böyük təcrübəsinə əsaslanaraq Ümummilli Lider mahir siyasətlə qısa bir müddətdə separatçı hərəkatları neytrallaşdırdı, orduda və digər güc strukturlarında hərc-mərcliyin qarşısının almasına nail oldu. Onun səyləri nəticəsində artıq 1994-cü il üçün mərkəzləşdirilmiş idarəçiliyə malik ordumuz dünyanın bəzi siyasi dairələrinin dəstəklədiyi erməni işğalçı hücumlarını dəf etdi. Cəmiyyətdə sabitlik bərpa edildikdən sonra Əsrin Müqaviləsi gerçəkləşdi, dövlətin iqtisadi inkişafı üçün möhkəm zəmin yarandı. Bütün bu nəhəng əziyyətlər nəticəsində Ulu Öndərin siyasi xətti, onun layiqli davamçısı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönəmində məntiqi nəticələrini bütün dünyaya nümayiş etdirdi: Vətən torpaqları yağı düşməndən azad edildi, Azərbaycan Respublikası - dünya güclərinin hesablaşdığı bölgənin aparıcı qüvvə mərkəzinə çevrildi” – deyə Fərhad Quliyev çıxışında bildirdi.
Daha sonra çıxış edən institutun Orta və Son Tunc dövrü şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov vurğuladı ki, 15 iyun Milli Qurtuluş Günü barədə gənclər arasında maarifləndirici işin aparılması milli mənafelərimiz baxımından vacib bir tədbirdir. Müasir gənc nəsillərimiz dövlətimizin hansı təhlükə ilə üzləşdiyini və Ümummilli Liderin dövlətimizi və xalqımızı hansı uçurumdan xilas etdiyini bilməlidirlər. “Bəziləri bildirir ki, o dönəmdə xalqımız vətəndaş müharibəsi ərəfəsində idi. Əslində, artıq vətəndaş müharibəsi başlanmışdı. Heydər Əliyevin müdrikliyi və siyasi məharəti məhz onda idi ki, o, düşmən işğalı davam etdiyi bir zamanda vətəndaş müharibəsini, qardaş qırğınını başlanğıcında durdurdu” – deyə professor Hidayət Cəfərov vurğuladı.
İnstitutun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev həmin ağır dönəmdə baş verən hadisələri xatırladı. Professor Qafar Cəbiyev bildirdi ki, Heydər Əliyevin hakimiyyətə xalqın dəvətilə qayıtması ərəfəsində baş verən dərəbəylik artıq təhlükəli səviyyəyə yüksəlmişdi. “Bölgələrdə silahlı dəstələr açıq soyğunçuluğa, talana, icra hakimiyyəti başçılarını devirməyə başlamışdılar. Gözümüzün qarşısında anarxiya baş alıb gedirdi, dövlətimiz, siyasi terminlə desək “livanlaşmaya”, silahlı dəstələrin dərəbəyliyi girdabına yuvarlanırdı” – deyə çıxışçı bildirdi. “Ona görə də, bu günki sabitlik, rifah yüksəkliyindən, möhkəm təmələ bağlı dövlətçilik zirvəsindən həmin faciəli günlərə nəzər saldıqda, 15 İyunu həqiqətən də Dövlətimiz və Xalqımız üçün Milli Qurtuluş günü kimi dəyərləndirməliyik” – deyə professor Qafar Cəbiyev qeyd etdi.
İnstitutun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev çıxışında göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin hər bir sahəsində olduğu kimi, elm sahəsində də inkişafına zəmin yaratdı. “Arxeologiya elminin institutlaşması, Əsrin Müqaviləsinin imzalanması, bunun da nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar arxeoloji tədqiqatların vüsət alması və bu zəmində müasir arxeologiyamızın inkişafı – bütün bu uğurlarımızın kökündə məhz, Ümummilli Liderin hakimiyyətə dönüşü, 15 İyun – Milli Qurtuluş günü durmaqdadır” – deyə M.Mustafayev vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.