Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Dairəvi iqtisadiyyata” keçidin aktuallığı
15.11.2022 14:25
  • A-
  • A
  • A+

“Dairəvi iqtisadiyyata” keçidin aktuallığı

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə “Yaşıl məkan” layihəsi

11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları “Yaşıl məkan” layihəsi çərçivəsində Səmərqəndin “Registan” meydanında ağac əkdilər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak etdi.

Qeyd edək ki, mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm “Registan” meydanında ağacəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını təcəssüm etdirir.

Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir “Yaşıl marafon” proqramı əsasında ağacəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslərin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü olduğunu bildirdi.

Azərbaycanda “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində bir milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 27-ci konfransı ərəfəsində təşkil olunan kütləvi ağacəkmələr eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılması ilə bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Qlobal problemlərin həllinə töhfə vermək üçün böyük səylər göstərən Azərbaycan BMT-nin fəal üzvü kimi 17 Davamlı İnkişaf Məqsədi və 169 məqsədi özündə əks etdirən BMT-nin Qlobal Davamlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmuşdur.

İqtisadiyyat və ekologiya sahəsində transformasiya dünyanın iqtisadi xəritəsinə köklü şəkildə təsir etdi və qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq cəmiyyətdə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilir, təmiz enerji mənbələrindən istifadə genişlənir, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməkdədir.

Dairəvi iqtisadiyyata keçid, maraqlı tərəflərin qarşılıqlı əlaqələrini və qərar qəbuletmə mexanizmlərini ekoloji imperativlərə uyğunlaşdırmağı tələb edir. Azərbaycanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ümumi siyasət sənədi ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəni təmin etməyi və enerji səmərəliliyinə nail olmağı hədəfləyir.

Zirvədə - Dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə dair çağırış

11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb. Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.

Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir.

Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir.

Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir.

Dünya Bankının proqnozlarına görə, 2050-ci ilə qədər qlobal tullantı istehsalı 70% artaraq 3,4 milyard metrlik tona çatacaq. Bu, o deməkdir ki, əgər biz cəmiyyət olaraq daha çox tullantı istehsal ediriksə, bu, o deməkdir ki, biz resurslardan səmərəli istifadə edə bilmirik. Ümumiyyətlə, mövcud iqtisadi modelin səmərəsizliyi təbii ehtiyatlardan istifadənin durmadan artması, tullantıların əmələ gəlməsi və nəticədə ətraf mühitə dəyən zərərlərin aradan qaldırılması ilə bağlı həlli yollarının axtarılmasıdır.

Bütün Türk dövlətləri kimi, Azərbaycan da yeni çağırışlarla: Dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinin zəruriliyini şərtləndirir. Bu ekologiyanın bu gün iqtisadiyyat olduğunu əsas götürərək istehsal və istehlakın “ekolojiləşdirilməsinin” zəruriliyi deməkdir. Bu gün dairəvi iqtisadiyyat “yaşıl iqtisadiyyatın” tərkib hissəsi olaraq davamlı inkişafın təmin edilməsinin əsas mexanizmi kimi Türk birliyi səviyyəsində müəyyən edilmişdir.

Beləliklə, iqtisadiyyat və ekologiya sahəsində transformasiya dünyanın iqtisadi xəritəsinə köklü şəkildə təsir etdi və qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq cəmiyyətdə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilir, təmiz enerji mənbələrindən istifadə genişlənir, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməkdədir. Dairəvi iqtisadiyyatlara keçid, maraqlı tərəflərin qarşılıqlı əlaqələrini və qərar qəbuletmə mexanizmlərini ekoloji imperativlərə uyğunlaşdırmağı tələb edir.

Dairəvi iqtisadiyyat modelinin məqsədi

Dairəvi iqtisadiyyata keçid iqlim dəyişikliyinə qarşı əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur. Dairəvi iqtisadiyyat modeli resursdan daha səmərəli və ekoloji cəhətdən təmiz bir cəmiyyət yaratmağa kömək edə bilər.

Dünya elmi ədəbiyyatlarında Dairəvi iqtisadiyyat mövzusunun öyrənilməsi hələ tam nəzərdən keçirilməyib və iqtisadçılar, ekoloqlar üçün yeni tədqiqat sahəsidir.

Dairəvi iqtisadiyyat anlayışı iki elmin: ekologiya və iqtisadiyyatın kəsişməsində meydana çıxır və bu konsepsiyanın inkişafı ilə bağlı ilk əsərlər ekoloji ağırlıqlı məzmunda idi.

1966-cı ildə amerikalı iqtisadçı K.Bouldinq qeyd edir ki, Yer kürəsi yeganə kosmik gəmiyə çevrilib ki, burada məhdud su anbarları mövcuddur, buna da insan dövri ekoloji sistemdə öz yerini tapmalıdır” (The economics of the coming spaceship earth // Environmental Quality in a Growing Economy: Essays from the Sixth RFF Forum. H. Jarrett. Baltimore: John Hopkins University. – 1966. P. 3–14.).

Dairəvi iqtisadiyyat anlayışı akademik ədəbiyyatda yeni yaranmışdır və indi getdikcə daha çox ölkə onu dövlət səviyyəsində tanıyır, çünki müasir dünyada ekoloji problemlər həlli ən çətin məsələdir. Buna görə də idarəetmənin aktual vəzifələri ətraf mühitə vurulan ziyanların minimizə edilməsi və istehlak olunan tullantıların təkrar emalıdır.

Dairəvi iqtisadiyyatın əsas məqsədi istehsal-istehlak sistemini ekoloji dayanıqlığının tələblərinə uyğunlaşdırmaqdır.

Dairəvi iqtisadiyyat modeli resursdan daha səmərəli və ekoloji cəhətdən təmiz bir cəmiyyət yaratmağa kömək edə bilər.

Dairəvi iqtisadiyyat resurs səmərəliliyi, resurs məhsuldarlığı, davamlı material idarəçiliyi və s. kimi əlaqəli anlayışları əhatə edən hərtərəfli konsepsiyadır.

Bu konsepsiyalara əsaslanaraq, dairəvi iqtisadiyyat iqtisadi, sosial və ekoloji faydaları maksimuma çatdırmaq üçün sistemli yanaşma təklif edə bilər. Bununla belə, dairəvi iqtisadiyyat siyasət konsepsiyası kimi inkişaf mərhələsindədir və ya hazırda inkişaf etdirilir.

İstehsal və istehlakın xətti modelindən “Resurslardan istifadə et, bir şey yarat, yerdə qalanları isə at getsin” fikrindən fərqli olaraq dairəvi iqtisadiyyat - xammalın təkrar istifadəsi, tullantıların, su və enerjidən istifadənin azaldılması yolu ilə onların tükənməsini minimuma endirməyi hədəfləyir.

Dairəvi iqtisadiyyat xammalın, komponentlərin və məhsulların mümkün qədər az öz dəyərini itirdiyi, bərpa olunan enerji mənbələrindən istifadə edildiyi və sistem düşüncəsinin əsas yer aldığı qapalı dövrlərdən ibarət iqtisadi sistemdir.

O, üç prinsipə əsaslanır:

- Tullantıların və çirklənmənin layihələndirilməsi - bu tullantıların miqdarının azalması və ya onların tamamilə aradan qaldırılmasıdır. Buna nail olmaq üçün məhsullar uzun ömürlü olmalı və təkrar emal və ya təkrar istifadə üçün optimallaşdırılmalıdır. Bunun üçün onlar keyfiyyətli materiallardan hazırlanmalıdır;

- Məhsul və materialların istifadədə saxlanması - məhsul və materiallar ekosistemdə daimi istifadədə olmalıdır. Təbii resurslardan hazırlanmış qida və ya geyim kimi bioloji materiallar çürüyərək təbii yolla ekosistemə qayıdır. Plastik kimi süni materiallar eko-zəncirlərdə təkrar istifadə və ya təkrar emal yolu ilə bərpa olunur;

- Təbii sistemlərin bərpası - dairəvi iqtisadiyyatı idarə etmək üçün istifadə olunan enerji bərpa oluna bilən olmalıdır. Bu, məhdud resurslardan (məsələn, neft) asılılığı azaldır və sistemin sabitliyini təmin edir.

Azərbaycan iqtisadiyyatında da belə tendensiyalar var. Bunlara enerji səmərəliliyinin və enerjiyə qənaətin təmin edilməsi üzrə tədbirlər, bərpa olunan energetikanın inkişafı, istixana qazı emissiyalarının məhdudlaşdırılması barədə qərar və innovativ inkişafa və modernləşməyə doğru kursun özü aiddir. Bütün bunlar dairəvi iqtisadiyyata doğru atılan addımlardandır.

Bizim fikrimizcə problem ondadır ki, biznes strukturları formalaşmış doqmaya arxalanır: “iqtisadi artım tərəqqinin açarıdır” və burada biznesin inkişafı vahid göstərici ilə - mənfəət ilə qiymətləndirilir.

Sual yaranır ki, bir tərəfdən iqtisadi artımı, digər tərəfdən isə ətraf mühitin vəziyyətini nəzərə ala biləcək hansı göstəricilər bu ziddiyyətləri aradan qaldıra bilər?

Dairəvi iqtisadiyyat - “öncə artım, daha sonra ekologiyaya qayğı” yanaşmasını qəbul etmir

Bu gün aydın oldu ki, “əvvəlcə artım, sonra ekologiyaya qayğı” yanaşmasına əsaslanan ənənəvi siyasi ssenaridən nəhayət ki, uzaqlaşmağa təcili ehtiyac yaranmışdır. Əksər beynəlxalq siyasi qurumlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) kursu təcili dəyişdirməyə çağırır. Bundan əlavə, kompleks yanaşmanın zəruriliyi 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə Konfransının (Rio+20) işində də öz əksini tapmışdır ki, onun da gedişində layiqli əmək davamlı inkişafın və ekoloji cəhətdən daha dayanıqlı iqtisadiyyatın əsas məqsədi və hərəkətverici qüvvəsi kimi vurğulanmışdı.

BƏT və onun üçtərəfli iştirakçıları davamlı inkişaf proseslərində fəal iştirak etmək və onları dəstəkləmək üzrə artıq təcrübəyə malikdirlər və beynəlxalq ictimaiyyətin marağının yenidən artması ilə BƏT qarşısında ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatı təşviq etməklə yanaşı, öz missiyasını yerinə yetirmək üçün xüsusilə mühüm imkanlar açılır.

BƏT-in üçtərəfli iştirakçıları geniş miqyasda yüksək keyfiyyətli iş yerlərini yaratmaq, adekvat sosial müdafiəni genişləndirmək, sosial inteqrasiyanı təşviq etmək və həm indiki, həm də gələcək nəsillər üçün fundamental prinsipləri və hüquqları həyata keçirmək məqsədilə davamlı istehsal və istehlak modellərinə doğru struktur dəyişikliklərini aparmaq üçün bu qüvvədən yararlana bilərlər.

Ənənəvi iqtisadi artım modelindən dairə iqtisadiyyatına keçid təkcə ayrı-ayrı milli iqtisadiyyatların deyil, bütövlükdə planetin inkişafının davamlılığını şərtləndirən ümumdünya trendidir, “yaşıl iqtisadiyyat”ın təşviqi isə əsas inkişaf yoludur.

Azərbaycanda təbiətdən istifadə və ekoloji təhlükəsizlik məsələləri zərurəti getdikcə daha çox gündəmə gətirilir.

Davamlı və dairəvi iqtisadiyyata keçid sosial inkişaf üçün böyük imkanlar açır:

1) əlavə iş yerlərinin yaradılması;

2) çox sayda iş yerlərinin keyfiyyətinin yüksəldilməsi;

3) genişmiqyaslı sosial inteqrasiya.

Azərbaycan iqtisadi və sosial inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təminatı prioritet olaraq müəyyən edilib. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunacaqdır: yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı.

Sağlam insan və dairəvi iqtisadiyyat

Davamlı inkişaf məsələlərinin mərkəzində insanlar durur. Sağlamlığın, iqtisadiyyatın, ekoloji davamlılığın yaxşılaşdırılması arasında əlaqə dəqiq müəyyən edilmişdir: sağlam insanlar daha yaxşı oxuya, qazanc əldə edə və yaşadıqları cəmiyyətə müsbət töhfə verə bilərlər.

Sağlam “yaşıl” iqtisadiyyat həyat keyfiyyətini, rifahı, əhalinin sağlamlığını və sağlamlıq baxımından bərabərliyi təmin etmək üçün ən mühüm imkanlardan biridir. Bunun üçün iqtisadiyyatın müxtəlif sektorlarında cərəyan edən tendensiyaların mümkün nəticələrinin tam dərk olunması, eləcə də sağlamlıq üçün maksimum faydaları təmin edən ”yaşıl” islahatlara dəstək göstərilməsi tələb olunacaq. Məsələ iqtisadi və ekoloji inkişafı sağlamlığın yaxşılaşdırılması ilə əlaqələndirən biliklərdən istifadə etməkdə və bu məlumatı praktiki formada siyasətçilər üçün əlçatan etməkdədir.

Avropa regionunda iqlim dəyişikliyi nəticəsində əhalinin sağlamlığı üçün ən böyük risklər aşağıdakılardır: hava kataklizmlərinin (istilik, quraqlıq, daşqınlar, yanğınlar) tezliyinin artması; dəniz səviyyəsinin qalxması və bunun sahilyanı ərazilər və yaşayış məntəqələri üçün nəticələri; Şimalda əbədi donun əriməsi və bunun infrastruktur, həyat qabiliyyətliliyi və səhiyyə xidmətlərinə çıxış imkanları baxımından riskləri və bəzi mövcud ekoloji problemlərin (havanın, suyun keyfiyyəti və s. ilə bağlı) kəskinləşməsi; ərzaq təhlükəsizliyi riskləri; yeni və ya yenidən yaranan yoluxucu xəstəliklərin (məsələn, denqe qızdırması) lokal alovlanma ehtimalı ilə yoluxucu xəstəliklərin coğrafi paylanmasında dəyişikliklər.

Əhalinin sağlamlığının vəziyyətinə və gözlənilən ömür uzunluğuna daha çox hava və suyun vəziyyəti təsir göstərir. ÜST-ün 2016-cı il üçün məlumatlarına görə, 3 mln. insan ətraf mühitin çirklənməsi nəticəsində, 4,3 milyon yemək hazırlamaq üçün yanacaqdan havanın çirklənməsi nəticəsində ölür; 1,8 milyard insan isə çirklənmiş su içir.

Ətraf mühitin qeyri-qənaətbəxş keyfiyyəti ilə bağlı xəstəlik və ölüm halları zəruri olaraq ümumi daxili məhsul istehsalı prosesində iqtisadi fəal əhalinin məşğulluğunun itirilməsinə gətirib çıxarır. Ətraf mühit amillərinin vəziyyətinin, əhalinin sağlamlıq vəziyyətinin və gözlənilən ömür uzunluğunun müasir qiymətləndirilməsini nəzərə alaraq, bu sahədə vəziyyətin inkişafı ilə bağlı proqnoz vermək və peşəkar ictimaiyyəti və kütləvi informasiya vasitələrini cəlb etməklə bir sıra sənaye sahələrinin əlaqələndirilmiş hərəkətlərini işləyib hazırlamaq mümkündür. Qarşıya qoyulan vəzifənin həyata keçirilməsi üçün səmərəli mexanizm prioritet milli layihələrdir.

“Yaşıl” energetikaya keçid və ətraf mühit

“Yaşıl” energetika ətraf mühitin çirklənməsini minimuma endirən, o cümlədən atmosferə istixana qazı atılmalarını istisna edən enerji istehsal texnologiyalarıdır. Eyni zamanda “yaşıl” energetika tükənməyən və bərpa olunan mənbələrdən, ilk növbədə, külək enerjisindən, Günəş enerjisindən və su elektrik enerjisindən istifadə edir.

Bununla belə hazırda həm dünya enerji balansında, həm də ayrı-ayrı ölkələrin enerji balansında ənənəvi (qazıntı) enerji mənbələri üstün rol oynayır. Lakin asanlıqla əldə edilə bilən resurslar tükəndikcə, bu növ enerjinin istehsalının dəyəri artır. Əksinə, ekoloji cəhətdən daha təmiz (və ya alternativ) enerji mənbələrinin dəyəri innovativ texnologiyalara miqyaslı investisiyalarla əlaqədar aşağı düşür. Digər amillər də, o cümlədən Günəş “fermaları” kimi nisbətən ucuz, lokallaşmış enerji həllərini həyata keçirmək imkanı da “yaşıl” energetikanın xeyrinə dəlalət edir. Bundan əlavə, “yaşıl” energetik qurğular bərpa olunan enerji mənbələrindən istifadə etdikləri üçün istismara verildikdən sonra çox miqdarda əlavə enerji xərclərini tələb etmir. Nəticədə “yaşıl” enerji həm iqtisadi cəhətdən həyat qabiliyyətli olur, həm də üstünlük verilməli olan inkişaf variantına çevrilir, baxmayaraq ki, onun səmərəliliyi əsasən coğrafi yerlə şərtlənir. Məsələn, Günəş şüalanmasının intensiv olduğu bölgələrdə Günəş batareyaları əsasında səmərəli enerji müəssisəsini daha asanlıqla və tez bir zamanda yaratmaq mümkün olur.

Hazırda dünyada elektrik enerjisinin təxminən 1%-ni Günəş qurğuları, 2%-dən bir qədər çoxunu isə külək qurğuları istehsal edir. Günəş və külək enerjisindən istifadə üçün quraşdırılmış güclər dörd ildən bir iki dəfə artır. Çin 2040-cı ilə qədər 250 giqavat həcmində “yaşıl” enerji istehsal etməyi planlaşdırır. ABŞ-da əsrin sonuna qədər elektrik enerjisinin 65%-ni fotoenergetik konversiya vasitəsilə əldə etmək planları mövcuddur. Rusiyada “yaşıl” energetikanın payı təxminən 2% təşkil edir.

Ən çox yayılmış və sürətlə inkişaf edən “yaşıl” energetika növləri hazırda aşağıdakılardır:

1. Hidroenergetika – ən geniş istifadə olunan Bərpa Olunan Enerji (BOE) növünə əsaslanır ki, onun da payına dünyada bu mənbələr əsasında işləyən istehsal güclərinin 54%-i düşür. Bu gün üçün su elektrik enerjisinin istehsalında Çin liderdir;

2. Külək enerjisi - istehsal miqyasına görə ikinci yeri tutur. Texnoloji nailiyyətlər və yeni kompozit materialların tətbiqi külək turbinlərinin ömrünü artırdı və maya dəyərini aşağı saldı. Nəticədə, məsələn, sahil külək enerjisi Böyük Britaniyada bütün enerjinin təxminən 10%-nin istehsalını təmin edir və onun üçün ən sərfəli alternativ enerji variantıdır. Dəniz külək elektrik stansiyaları bu ölkədə təxminən 4,5 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təchiz edir;

3. Günəş enerjisi – “yaşıl” energetikanın ən sürətlə inkişaf edən və 2021-ci ildə bərpa olunan enerji əsasında istehsal həcminə görə dünyada üçüncü olan ən böyük növüdür. Ən böyük Günəş elektrik stansiyası Birləşmiş Ərəb Əmirliklərindədir və 200 min avtomobilin ləğvindən yaranan effektə ekvivalent olan karbon izini azaltmaq üçün kifayət qədər elektrik enerjisi istehsal edir;

4. Bioenergetika - ölçüsünə görə “yaşıl” energetikanın dördüncü növüdür. Elektrik enerjisinin və istiliyin istehsalı kənd təsərrüfatının əlavə məhsulları və məişət tullantıları kimi ənənəvi biokütlə mənbələrindən innovativ istifadəyə əsaslanır. Çin, Böyük Britaniya və Hindistan hazırda bioenerji istehsalında liderdirlər. Braziliya, Almaniya, ABŞ və İsveç də bu texnologiyaları geniş şəkildə inkişaf etdirir.

Geotermal enerji də bərpa olunan enerji mənbələri siyahısına daxildir. Geotermal elektrik enerjisinin ən iri istehsalçısı İslandiyadır. Bu sahədə diqqətəlayiq mövqeləri İndoneziya, İtaliya, Meksika, Filippin və ABŞ tutur.

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanda ciddi işlər həyata keçirilir. Təkcə bir faktı qeyd edək ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Hazırda “yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Qarabağ və Şərqi Zəngəzur ölkəmizdə sənayenin və turizmin inkişafına böyük töhfə verəcəkdir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində iki xüsusi iqtisadi zona – Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası sənaye parkları qurulur.

Müzakirə

Dairəvi iqtisadiyyat inkişaf nəzəriyyəsi iqtisadi, sosial və ekoloji komponentlərin balansını nəzərdə tutur. Dairəvi iqtisadiyyatda prioritet ətraf mühitdən daha az resurs istehlak etmək, sıfır tullantı yanaşması, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılması durur.

Dairəvi iqtisadiyyatın mahiyyəti - istehsal olunan və ya istifadə olunan hər şey sistem daxilində tamamilə təkrar emal olunsun ki, bəşəriyyətdə ekoloji problemlər yaşanmasın. Onun məqsədi məhsul və ya xidmətin tsikli dövründə hər bir prosesdən maksimum səmərəliliyi təmin etməkdir.

İqtisadi artımın ənənəvi (ekspansionist) modeli bir çox sosial və ekoloji məhdudiyyətlərlə üzləşir və təbii mühitin deqradasiyasına və cəmiyyətdə destruktiv proseslərə gətirib çıxarır. Bu hadisələrə reaksiya olaraq, beynəlxalq birlik balanslaşdırılmış və ahəngdar iqtisadi-sosial-ekoloji inkişafı təmin etməli olan davamlı inkişaf (sustainable development) konsepsiyasını işləyib hazırlamışdır.

Davamlı inkişaf modelinə keçidin zəruriliyi bir neçə onilliklərdir ki, beynəlxalq səviyyədə müzakirə olunsa da, bu məsələdə hələ də yetərli irəliləyiş əldə olunmayıb. Dairəvi iqisadiyyatın ayrı-ayrı aspektləri üzrə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların mövqelərinin əlaqələndirilməsi ilə bağlı müəyyən çətinliklər mövcuddur.

Buna baxmayaraq, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”nin imzalanması – Türk dövlətlərində dairəvi iqtisadiyyat inkişaf modelinə keçidə təkan verəcəkdir.

Bu gün həqiqətən də dairəvi iqtisadiyyata keçid verən yeni ideyalara ehtiyac var.

Fikrimizcə, Azərbaycan iqtisadiyyatının dairəvi iqtisadiyyata keçidi üçün ilk növbədə aşağıdakı addımlar atılmalıdır: ekoloji maarifləndirmə layihələri genişləndirilməli; vergilərin diqqətinin çirklənməyə yönəldilməsi məqsədilə ən yaxın gələcəkdə vergiqoyma sistemində islahatlar aparılmalı, qabaqcıl aşağı karbonlu texnologiyaların tətbiqini stimullaşdıracaq “karbon qiyməti” tətbiq edilməli; “yaşıl” dövlət satınalmaları siyasəti vasitəsilə ekoloji məhsulların istehsalı təşviq edilməli; “ənənəvi” sənaye sahələrinin yenidən texniki təchiz edilməsinin maliyyələşdirilməsinə paralel olaraq “yaşıl” infrastruktura (o cümlədən ictimai nəqliyyat, bərpa olunan enerji, enerji baxımından səmərəli binaların tikintisi) dövlət investisiyaları artırılmalı; təsərrüfat subyektlərinin ətraf mühitə təsiri haqqında məlumatlar və korporativ ekoloji nəzarətə dair məlumatlar açıqlanmalıdır.

Biz hesab edirik ki, Azərbaycanın iqtisadi inkişafının ekolojiləşdirilməsi şaxələnməyə və məhsulların ixracının artmasına, təbii sərvətlərin emalında yüksək payı olan Azərbaycan şirkətlərinin xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaqdır.

Nəticə

İqtisadiyyatın dairəviləşməsi trendləşməsinə “yaşıl” dövlət satınalmaları böyük təsir göstərə bilər.

Dairəvi iqtisadiyyatın mühüm xüsusiyyətləri təbii kapitaldan səmərəli istifadə, onun qorunması və artırılmasıdır; bütün növ mənfi təsirlərin, o cümlədən çirklənmənin davamlı şəkildə azaldılması; ekosistem xidmətlərinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması; iqtisadi dinamikanın innovativ xarakteridir.

Dairəvi iqtisadiyyatın məqsədi məhsul və ya xidmətin həyat dövründə hər bir prosesdən maksimum səmərəliliyi təmin etməkdir. Dairəvi iqtisadiyyatda iqtisadi həvəsləndirmələr tullantıların təkrar emalının təşkili üçün əsasdır.

Təkrar emal üçün və ümumiyyətlə dairəvi iqtisadiyyatın işləməsi üçün iqtisadi stimullardan biri zərərli məhsullara tətbiq olunan vergidir. Bu da öz növbəsində, zərərli məhsulların qiymətini artırar və nəticədə də ekoloji məhsulları daha rəqabətli edər.

Digər stimullaşma mexanizmlərindən biri də “yaşıl” dövlət satınalmaları ola bilər. Beləliklə, dövlət ekoloji məhsul istehsalçılarına dəstək ola bilər.

Avropa İttifaqında (Aİ) da dövlət “yaşıl” satınalmalarının həcmi ÜDM-in təxminən 14%-ni təşkil edir (illik 2 trilyon avro). Ona görə də dövlət satınalmaları ekoloji məqsədlərə nail olmaqda mühüm rol oynaya bilər.

Həvəsləndirici tədbirlərlə yanaşı, cərimələr də tətbiq oluna bilər. Beləliklə, Aİ ölkələrinin əksəriyyətində tullantıların atılması üçün cərimələr çox yüksəkdir. Məsələn, İsveçdə bir ton tullantının atılması üçün təxminən 160 avro, Almaniyada 140 avro, İtaliyada 120 avro rüsum təşkil edir. Əgər zibilləri təkrar emala təhvil verirsinizsə, o zaman heç bir haqq ödəməyə ehtiyac yoxdur.

Tullantıların idarə olunması problemi bilavasitə dairəvi iqtisadiyyatın inkişafı və resurslardan istifadəsi ilə bağlıdır. Davamlı istehlak və istehsal nümunələrinə keçidin təmin edilməsi və resurslardan müdrik istifadə davamlı inkişafın məqsədlərindən biridir. Bu vəzifə planetə dağıdıcı təsiri minimuma endirəcək şəkildə təbii mühitdən və ehtiyatlardan səmərəli istifadə etməyi nəzərdə tutur.

Azərbaycanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ümumi siyasət sənədi ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəni təmin etməyi və enerji səmərəliliyinə nail olmağı hədəfləyir.

Azərbaycanda dairəvi iqtisadiyyat sisteminin tətbiqi üçün əsas perspektivləri formalaşdırmaq mümkündür: müxtəlif növ tullantıların “ağıllı” çeşidlənməsi; tullantıların müstəqil şəkildə utilizasiyası məqsədilə sənaye müəssisələri üçün güzəştli və vergi güzəştlərinin tətbiqi; daha çox sayda emal təşkilatlarının yaradılması; əhali arasında ekoloji düşüncə tərzinin formalaşdırılması.

Sadiq H.QURBANOV, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, enerji və ekologiya komitəsinin sədri, Dos. dr.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: