Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 100 illik inkişaf yolu
12.05.2025 11:36
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 100 illik inkişaf yolu

AMEA-nın Mərkəzi Elmi Kitabxanası respublikamızın aparıcı kitabxana müəssisələrindən biri olaraq, yalnız elmi işçilər və mütəxəssislərə xidmət göstərməklə qalmır, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin informasiya ehtiyaclarını da qarşılayan vacib bir qurumdur. Kitabxana artıq bir əsrlik zəngin fəaliyyət tarixinə malikdir və bu müddət ərzində öz rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu illər  ərzində kitabxana mürəkkəb və zəngin inkişaf yolu keçmiş, onun formalaşması və inkişafı isə ölkəmizdə elmi  fikrin təşəkkülündə mühüm rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 1923-cü ilin  noyabrında təsis edilməsi ilə paralel olmuşdur.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın tarixi, arxeologiyası və təbii sərvətlərinin öyrənilməsi, eləcə də ölkəmizlə bağlı ölkəşünaslıq materiallarının toplanması istiqamətində mühüm elmi fəaliyyət göstərmişdir. 1924-cü ildə isə N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi və H.Zeynallının təşəbbüsü  A.V.Baqrinin rəhbərliyi altında fəaliyyətə başlayan Biblioqrafik Büro elmi və biblioqrafik məlumatların toplanması, sistemləşdirilməsi və elmi ictimaiyyətə təqdim olunması sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir.

Zaman keçdikcə artan informasiya tələbatı və elmi ədəbiyyatın vahid mərkəzdə cəmlənməsi zərurəti, yeni bir strukturun yaradılmasını qaçılmaz etmişdir. Bu məqsədlə 1925-ci ildə Cəmiyyətin kitabxanası ilə Biblioqrafik Büronun fəaliyyətindəki təkrarçılığı aradan qaldırmaq və kitabxanadakı materialların sistemli şəkildə biblioqrafiyalaşdırılmasını təmin etmək üçün bu iki qurum birləşdirilərək Kitabxana-Biblioqrafiya Bürosunun təsis edilməsi barədə qərar qəbul edilmişdir.

Kitabxananın ilk rəhbəri tanınmış maarifçi və ədəbiyyatşünas Hənəfi Zeynallı olmuşdur. Kitabxana yarandığı dövrdə 430 adda nəşrlə fəaliyyətə başlasa da, qısa müddətdə fondun zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, sistemli şəkildə kataloqlaşdırma işlərinə başlanılmış, biblioqrafik kartotekalar və inventar qeydiyyat sistemi yaradılmışdır. Məhz bu mərhələdən etibarən Azərbaycanla bağlı materialların planlı şəkildə toplanması və onların intensiv biblioqrafik təsviri prosesinə başlanılmışdır. Kitabxana istifadəçilərin informasiya tələbatını ödəmək məqsədilə ölkəşünaslıq yönümlü və elmi-tədqiqat xarakterli biblioqrafik arayışlar hazırlayaraq təqdim edirdi. Bu arayışlar ədəbiyyatşünaslıq, dilçilik, tarix, etnoqrafiya və iqtisadiyyat kimi müxtəlif elmi sahələri əhatə etməklə tədqiqatçılar üçün dəyərli informasiya mənbəyinə çevrilmişdi. 1925-ci ilin sonunadək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin kitabxanasının fondu sürətlə genişlənmiş, nəticədə Azərbaycana və region ölkələrinə dair 20 mindən artıq sənəd və informasiya resursu toplanmışdır. Bu proses kitabxananın elmi informasiya mərkəzi kimi formalaşmasının əsasını qoymuş, onun gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Kitabxananın strukturlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 1926-cı ildə burada oxu zalı və elmi-metodik kabinet yaradılmış, 1928-ci ildə isə kitabxana işinin təkmilləşdirilməsi məqsədilə ATTC-nin nəzdində Kitabxana Komissiyası təsis olunmuşdur.  Bu prosesdə Q.Sultanov, Q.S.Qubaydulin və A.R.Zifeld kimi görkəmli alimlərin  fəal iştirakı kitabxananın elmi potensialının gücləndirilməsinə  əhəmiyyətli töhfə vermişdir.

1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təsis olunmuş, 1932-ci ildə isə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi yaradılmışdır. 1935-ci ildə bu şöbə SSRİ EA Azərbaycan Filialına çevrilmişdir. Həmin dövrdə filialın tərkibində fəaliyyət göstərən Mərkəzi Kitabxana artıq adi bir kitabxana deyil, elmi kitabxana kimi xüsusi əhəmiyyət kəsb edirdi. Digər kitabxanalardan fərqli olaraq, o, ölkədə elmi biliklərin yayılmasında aparıcı mərkəzə çevrilmiş, sənəd və informasiya resurslarının əhəmiyyətli dərəcədə artması üçün əlverişli şərait yaratmışdır. Nəticədə kitabxana həm yerli, həm də xarici tədqiqatçılar üçün etibarlı və dəyərli bir informasiya mənbəyinə çevrilmiş, Azərbaycan və ümumilikdə Şərq elminin inkişafında mühüm rol oynamışdır.

Həmin dövrdə Şərq ədəbiyyatı fonduna özbək, türkmən, ərəb, fars, türk, yapon, çin və digər Şərq dillərində yazılmış 15 mindən artıq nüsxə toplanmışdı. Bu əsərlər öz zamanının ən qiymətli elmi və ədəbi nümunələrini əhatə edirdi. Xüsusilə XV–XVI əsrlərə aid İstanbul, Tehran, Təbriz və Qahirədən gətirilmiş əlyazmalar və litoqrafik çap kitabları fondun ən dəyərli hissəsini təşkil edirdi. 1000-dən artıq nüsxədən ibarət olan bu nadir əsərlər təkcə Şərq ədəbiyyatının inciləri deyil, həm də zəngin mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edirdi.

Fond yalnız klassik ədəbiyyat nümunələri ilə məhdudlaşmırdı, burada görkəmli şəxsiyyətlərin əsərləri, eləcə də “Molla Nəsrəddin” jurnalının tam komplekti toplanaraq kitabxananı elmi tədqiqatlar üçün unikal bir mənbəyə çevirirdi.

 1936-cı ilə qədər kitabxananın fondunda artıq 175000-dən çox kitab, nadir və qiymətli əlyazma, elmi əsər toplanmışdı. Bu  göstərici  1940-cı ilə qədər artaraq 200000 nüsxəyə çatmışdır.

XX əsrin birinci yarısında dünyada baş verən siyasi, iqtisadi və elmi dəyişikliklər ittifaq miqyasında da elmin inkişafına xüsusi diqqət ayrılmasına səbəb olmuşdu. İkinci Dünya müharibəsi dövründə və ondan sonra elmi-texniki potensialın artırılması strateji prioritetlərdən birinə çevrildi. Bu şəraitdə Azərbaycanda da elmi tədqiqatların təşkili və inkişafı mühüm əhəmiyyət kəsb edirdi. Respublikanın sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrində davamlı inkişafını təmin etmək məqsədilə müstəqil elmi mərkəzin yaradılması zəruri idi. Əvvəlki illərdə bu ehtiyaclar Azərbaycan Filialı vasitəsilə ödənilsə də, artan tələbat və güclənən yerli elmi potensial fonunda müstəqil Elmlər Akademiyasının təsisi artıq zərurətə çevrilmişdi. Bu məqsədlə SSRİ hökuməti SSRİ EA-nın və Azərbaycan SSR Xalq Komissarları Sovetinin təqdimatına əsasən   Azərbaycan  SSR Elmlər Akademiyası yaradılması barədə qərar qəbul etdi. Akademiyanın yaradılması yalnız elmi idarəçiliyin mərkəzləşdirilməsi üçün deyil, həm də respublikanın elmi resurslarının daha effektiv səfərbər olunması üçün əhəmiyyət daşıyırdı. 27 mart 1945-ci ildə keçirilən ilk ümumi iclasda Akademiyanın strukturu təsdiqlənmiş, elmi istiqamətlər müəyyənləşdirilmiş və aparıcı elmi-tədqiqat müəssisələrinin fəaliyyəti sistemli şəkildə təşkil olunmuşdur.

Bu tarixi mərhələdə Mərkəzi Elmi Kitabxananın (MEK) da rolu mühüm şəkildə dəyişdi. Əvvəllər sadəcə bir kitab toplusu funksiyası daşıyan kitabxana artıq Akademiyanın rəsmi tərkib hissəsi kimi, elmi informasiya təminatını həyata keçirən, tədqiqatçıların araşdırmalarına bilavasitə dəstək verən əsas mərkəzə çevrildi. Kitabxananın fondlarının zənginləşdirilməsi, xarici və yerli elmi ədəbiyyatın sistemli şəkildə toplanması, kataloqlaşdırılması və tədqiqatçılara operativ informasiya təqdim olunması istiqamətində ardıcıl işlər görülməyə başlandı.

1963-cü ildə AMEA-nın Mərkəzi Kitabxanasına “Əsaslı Kitabxana” statusu verilmiş, 1982-ci ildən etibarən isə  “Mərkəzi Elmi Kitabxana” adı ilə fəaliyyətini davam etdirmişdi.

Qeyd etmək lazımdır ki, MEK-in biblioqrafik çap məhsulları Elmi-Biblioqrafiya şöbəsi tərəfindən hazırlanaraq nəşr olunurdu. 1964-cü ildən başlayaraq “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası  altında yüzlərlə biblioqrafik göstərici tərtib edilərək çap olunmuşdu. Bu biblioqrafik göstəricilər sırasında M.Ə.Mirqasımov, Y.H.Məmmədəliyev, M.Topçubaşov, B.Nəbiyev, Z.M.Bünyadov, Ü.Hacıbəyov, “Görkəmli dövlət xadimi Heydər Əliyev”,  Z.Əliyeva, A.İmanquliyeva, İ.Həbibbəyli, X.Məmmədov, Z.Səmədzadə, M.Nemət, Ş.Muradov, “Şuşa -270”, “Naxçıvan Respublikası - 100”, “Qərbi Azərbaycan”, “Nizami Gəncəvi”     başqalarının adlarını çəkmək olar.

Bundan əlavə  “Azərbaycanın sel hadisələri”, “Azərbaycanda üzümçülük”, “Neftdən çirklənmiş torpaqların təmizlənməsi” kimi mövzulara həsr olunmuş göstəricilər, eləcə də uçot-qeyd biblioqrafik göstəricilər hazırlanmışdı. Bu baxımdan Azərbaycan Elmlər Akademiyasının müxtəlif dövrlərdəki elmi fəaliyyətini əhatə edən  üç cilddə toplanmış (1923–1965-ci illəri əhatə edən) “AEA nəşrlərinin biblioqrafiyası”  xüsusi qeyd olunmalıdır.

1967-ci ildə Mərkəzi Elmi Kitabxana yeni binaya köçürülmüş və müasir texniki avadanlıqlarla təchiz olunmuşdu. Bu yeniliklər informasiya xidmətinin keyfiyyətini artıraraq elmi tədqiqatların dəstəklənməsində mühüm rol oynamışdı.

1973-cü ildə kitabxananın  nəzdində “Elmi-Texniki İnformasiya” şöbəsi yaradılmış və bu struktur təbiət və texniki elmlər üzrə məlumat təminatını gücləndirmişdi. Şöbə alimlərə operativ və dəqiq informasiya təqdim etməyə başlamışdı. Həmin ildən etibarən 360-dan çox elmi mövzu üzrə fərdi məlumat təmin edən “Məlumatın Seçilib Yayılması” (İRİ) sistemi tətbiq olunmuşdu.

1970-ci illərdə həyata keçirilmiş mərkəzləşdirmə prosesi kitabxana işinin təşkili və idarə olunmasında yeni mərhələ olmuş, elmi informasiya təminatını əhəmiyyətli dərəcədə təkmilləşdirmişdi. 1976-cı ildə təsis edilmiş Elmi-tədqiqat şöbəsi kitabxananın inkişafında mühüm rol oynamış, “Azərbaycan Elmlər Akademiyasının kitabxana fondlarının istifadə səmərəliliyi    elmlər kompleksi üzrə oxucunun məlumat tələbatına uyğunluğunun öyrənilməsi” mövzusunda geniş elmi tədqiqat işləri aparılmışdı.

1980-ci illərin sonunda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) 24 filialı fəaliyyət göstərirdi. Mərkəzləşmə prosesi başa çatdıqdan sonra isə MEK 27 elmi-tədqiqat müəssisəsini əhatə etmiş, kitab fondu 4 milyon 355 min nüsxəyə çatmış, oxucuların sayı isə 42400 nəfərə yüksəlmişdir. 1980-ci illərdə oxu zallarında istifadəçilərə açıq rəf prinsipi əsasında təşkil olunmuş köməkçi fondlar vasitəsilə xidmət göstərilirdi.

Lakin 1990-cı illərdə SSRİ-nin dağılması və ölkədə yaşanan iqtisadi çətinliklər nəticəsində bu sistem zəifləmiş, 1992-ci ildə MEK-in filialları müvafiq elmi-tədqiqat institutlarının tabeliyinə verilmişdi.

Kitabxananın fəaliyyəti daim Azərbaycan Elmlər Akademiyasının diqqət mərkəzində olmuşdu. Onun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 1967 və 1987-ci illərdə xüsusi qərarlar qəbul edilmiş, 1998-ci il 13 may tarixli sərəncamla MEK-in inkişafı üçün yeni istiqamətlər müəyyən olunmuşdu. Bazar iqtisadiyyatı şəraitində müasir iş üsullarının tətbiqi və informasiya xidmətlərinin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdu.

1998-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana MDB ölkələrinin kitabxanalararası abonement sisteminə qoşulmuş, 2000-ci illərdə isə 27 institut kitabxanasına metodiki rəhbərliyi davam etdirmişdi. 2000-ci illərin əvvəlində MEK elektron kataloqlar yaratmağa başlamış, 2003-cü ildə isə “Kitabxana proseslərinin avtomatlaşdırılması” şöbəsini təsis edərək üç dilli veb-səhifəsini istifadəyə vermişdi.

20 aprel 2007-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamından sonra Mərkəzi Elmi Kitabxana (MEK) qlobal informasiya inteqrasiyası tələblərinə uyğun olaraq qarşısına yeni hədəflər qoymuş, kitabxana işinin rəqəmsallaşdırılması, elektron resursların yaradılması və beynəlxalq informasiya mübadiləsi sahəsində fəal fəaliyyətə başlamışdır.

2014-cü il mayın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) yeni binası istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Yeni binaya köç MEK-in inkişafını sürətləndirmiş, müasir tələblərə cavab verən geniş imkanlar yaratmışdır.

Müasir mərhələdə MEK yalnız ənənəvi kitabxana xidmətləri ilə məhdudlaşmır, həmçinin rəqəmsal informasiya resurslarının təşkili, elmi bazaların formalaşdırılması və beynəlxalq informasiya mübadiləsində fəal iştirakı ilə fərqlənir, elektron kataloq sisteminin imkanları əhəmiyyətli dərəcədə genişləndirilir.

Zamanla kitabxana struktur və funksional baxımdan mühüm dəyişikliklərə uğrayaraq, Kitabxana-Biblioqrafik Bürosundan zəngin fondlara malik, informasiya və biblioqrafiya sahəsində ixtisaslaşmış elmi mərkəzə çevrilmişdir. Bu gün Mərkəzi Elmi Kitabxananın fondu elm, texnika və mədəniyyət sahəsində müasir nəşrlərlə yanaşı, nadir və qiymətli əsərlərlə də zəngindir. Xüsusilə, savadsızlığın ləğvi dövründə istifadə edilən dərslik və qiraət kitabları fondun formalaşmasında əhəmiyyətli rol oynamış, M.Mahmudbəyovun “Qiraət kitabı”, H.Zeynallı və A.Şaiqin “Ədəbiyyat dərsləri'” bu sahədə seçilən nəşrlərdəndir. Fond M.Füzulinin “Leyli və Məcnun”u, M.P.Vaqif, S.Ə.Şirvani, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı materialları” kimi dəyərli nüsxələrlə zənginləşmişdir. MEK-in fondunda həmçinin Üzeyir Hacıbəyovun tərtib etdiyi ilk dərslik və musiqi nəşrləri də yer alır.

1998-ci ildə yaradılan “Nadir kitablar” fondu XVI əsrə aid 22 əsər də daxil olmaqla dəyərli nəşrlərlə zəngindir. Bu əsərlər  şüşəli stendlərdə qorunur və “Azərbaycan Respublikasının Kitab Abidələri” siyahısına daxil edilərək elmi və mədəni irsimizin mühüm hissəsini təşkil edir.  Fondun ən nadir nüsxəsi 1502-ci ildə nəşr olunmuş “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” əsəridir. Burada həmçinin  XIX əsrdə nəşr eilmiş E.Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebil” (1893), 82 cildlik Ensiklopedik lüğət, 44 cildlik Qranat ensiklopedik lüğəti, 31 cildlik Britanica ensiklopediyası (1875), 28 cildlik Amerikan ensiklopediyası (1944), 14 cildlik “Yeni Universal Ensiklopediya“  kimi mənbələr də saxlanılır. Miniatür kitablar isə fondun maraqlı və özünəməxsus hissəsini təşkil edir".

Dünyanın 46 ölkəsinin 130-a yaxın  təşkilatı ilə mübadilə əlaqələri quran MEK  oxucuların elmi tələblərini tam şəkildə təmin etmək  məqsədilə  nüfuzlu elektron bazalara çıxış imkanı yaradır. Bu mərkəzlər arasında ABŞ Konqres Kitabxanası, Fransa Milli Kitabxanası, Rusiya Elmlər Akademiyasının Kitabxanası, Türkiyə Türkdili Qurumu, eləcə də Çin, Almaniya, Macarıstan, Belarus, Rumıniya, Bolqarıstan və bir çox digər beynəlxalq təşkilatları da qeyd etmək mümkündür.

Hazırda Azərbaycanda elmi sahədə ən iri kitabxana olan MEK-in fondu 1,5 milyona yaxın informasiya resursu ilə 50-dən çox dildə nəşrlər qorunur. Xüsusi fondlar arasında “Qarabağ müharibəsi qəhrəmanları” fondu önəmli yer tutur.

Kitabxananın uğurlu fəaliyyəti, onun peşəkar əməkdaşlarının və rəhbər heyətinin fədakar və məqsədyönlü əməyinin nəticəsidir. Mərkəzi Elmi Kitabxananın 100 illik fəaliyyəti dövründə H.Zeynallı, S.M.Yəhyəzadə, Y.İ.Tahirov, M.P.Karpinskaya, N.F.Axundov, R.Ə.Kazımov, M.M.Həsənova, T.D.Sadıqova, Ə.T.Əfəndiyev, A.Ə.Kəngərli, L.B.İmanova, S.K.Zülfüqrova, M.A.Əliyev rəhbərlik etmiş, hal-hazırda isə texnika elmləri doktoru, dosent  Hüseyn Hüseynov rəhbərlik edir. Bu şəxslərin hər biri kitabxananın inkişafında müəyyən  rol oynamışdır. Kitabxana kollektivi və rəhbərliyi uğurlu fəaliyyətlərinə görə bir neçə dəfə keçirilən kitabxana monitorinqlərində yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşdur.

100 illik tarixi inkişaf yolu keçmiş AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu gün ölkədə elmi informasiya təminatının əsas mərkəzlərindən birinə çevrilmişdir. Kitabxananın təşəkkülü və inkişafı Azərbaycan elminin struktural quruluşunun formalaşmasında, biblioqrafik fəaliyyətin sistemləşdirilməsində və elmi-intellektual potensialın inkişafında mühüm rol oynamışdır. Mərkəzi Elmi Kitabxana Azərbaycan elminin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, xidmət keyfiyyətini artırmaq və yeni, müasir metodları tətbiq etmək üçün daima axtarışda olan bir elm ocağıdır.

Hüseyn HÜSEYNOV, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika  elmləri doktoru, dosent                                                  

Şəfəq İSLAMOVA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Kitabxana müdiri, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: