Tarixi missiya
Müasir Azərbaycanın banisi və xilaskarı, xalqımızın milli iftixarı, dahi dövlət xadimi Heydər Əliyev həyat və fəaliyyətini doğma Vətəninə və xalqına sonsuz sevgi ilə xidmətə həsr edib. Anadan olmasının 102-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə onun misilsiz xidmətlərini dərin ehtiramla xatırlayırıq.
Onun rəhbərliyi ilə Azərbaycanın bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də mühüm islahatlar aparılıb, xalqın sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ulu öndər daim xalqının mənafeyini üstün tutub, respublikamızın inkişafı naminə mövcud olan bütün imkanları səfərbər edib.
Dahi lider Heydər Əliyev yalnız böyük dövlət qurucusu kimi deyil, eyni zamanda Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına xüsusi diqqət və qayğı göstərən uzaqgörən şəxsiyyət kimi yaddaşlarda əbədi iz qoyub. O, səhiyyəni cəmiyyətin və dövlətin həyatında prioritet sahə kimi qiymətləndirir, xalqın sağlamlığını isə milli təhlükəsizlik və inkişaf məsələsi kimi dəyərləndirirdi.
Həmin dövrdə səhiyyə sahəsində mövcud olan ciddi problemlərin aradan qaldırılması üçün Heydər Əliyev mövcud vəziyyəti dərindən təhlil edir, təcrübəli mütəxəssislərlə, o cümlədən həyat yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva ilə sıx məsləhətləşərək, mövcud çətinliklərə real və effektli həll yolları axtarırdı. Bu səmərəli əməkdaşlıq nəticəsində səhiyyə sistemində köklü dəyişikliklərin əsası qoyuldu və bu sahənin inkişafına güclü təkan verildi.
Azərbaycanın siyasi tarixində xüsusi yeri olan Ümummilli Lider Heydər Əliyev, ölkəyə rəhbərlik etdiyi təqribən 35 illik dövrdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət göstərib, bu sahədə məqsədyönlü islahatlar həyata keçirib. Onun rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, demoqrafik vəziyyətin yaxşılaşdırılması və tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili istiqamətində mühüm qərarlar qəbul olunub, səhiyyənin normativ-hüquqi bazası möhkəmləndirilib.
Sağlamlıq sahəsində qarşıya çıxan problemlərin sistemli şəkildə həllinə hüquqi islahatlarla başlayan Ulu Öndər, bu sahənin dinamik inkişafına güclü təkan verib.
1969-cu ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında qəbul olunmuş “Sağlamlıq Məcəlləsi” bu istiqamətdə atılan ən mühüm addımlardan biri oldu. Həmin sənəd ölkə səhiyyəsinin gələcək inkişaf prioritetlərini müəyyənləşdirən, uzunmüddətli fəaliyyət proqramı rolunu oynayan strateji bir sənəd idi. Məcəllədə əsas hədəflərdən biri mövcud tibb müəssisələrinin yenidən qurulması və yeni səhiyyə obyektlərinin inşası ilə bağlı məsələlər oldu. Bu strategiyanın tərkib hissəsi olaraq, 1970–1980-ci illər ərzində respublikanın müxtəlif bölgələrində yeni səhiyyə ocaqları istifadəyə verildi. Uşaq səhiyyəsinin inkişafına xüsusi diqqət göstərildiyi üçün 1975-ci ilə qədər 185 uşaq poliklinikası inşa olundu. Lakin yeni tikilən müəssisələrin fəaliyyəti üçün kifayət qədər ixtisaslı tibbi personalın olmaması ciddi çətinliklər yaradırdı. Bu problemi həll etmək məqsədilə 1970-ci illərin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə müxtəlif sahələr üzrə təhsil almağa göndərildi. Eyni zamanda, ölkədə tibb kadrlarının hazırlanmasına xüsusi önəm verildi, Azərbaycan Tibb İnstitutuna və digər tibb təhsili müəssisələrinə qəbul planı genişləndirildi. Ucqar bölgələrdən olan abituriyentlər üçün xüsusi güzəştlər tətbiq edilərək, regionlarda da kadr təminatının yaxşılaşdırılmasına şərait yaradıldı. Bütün bu tədbirlər nəticəsində, səhiyyə sistemində kadr çatışmazlığı problemi mərhələli şəkildə aradan qaldırıldı.
Dahi lider Heydər Əliyevin həyata keçirdiyi yüksək səviyyəli səhiyyə siyasətinin mühüm göstəricilərindən biri də Azərbaycanın qısa zaman ərzində beynəlxalq tibb ictimaiyyətinin diqqətini cəlb etməsi oldu. Onun təşəbbüsləri nəticəsində yerli tibb mütəxəssisləri ilə xarici ölkələrin tanınmış alimləri arasında elmi əməkdaşlıqlar quruldu, bu isə azərbaycanlı həkim və tibb alimlərinin beynəlxalq elmi platformalarda təmsil olunmalarına şərait yaratdı. Tədricən ölkəmiz dünya səhiyyə sisteminə inteqrasiya yolunda ciddi addımlar atmağa başladı.
Uzaqgörən dövlət xadimi Heydər Əliyev yalnız müalicə yönümlü deyil, həm də ictimai sağlamlığın qorunmasına yönəlik kompleks tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirirdi. Bakı, Gəncə və Sumqayıt şəhərlərində sanitar-gigiyenik şəraitin beynəlxalq standartlara uyğunlaşdırılması, Xəzər dənizinin və daxili su hövzələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sənaye müəssisələrində çalışanların sağlam əmək mühitinin yaradılması bu sahədə atılan mühüm addımlar oldu. Eyni zamanda, kurort və sanatoriyalarda tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, dispanser qeydiyyat sisteminin genişləndirilməsi, sahə həkimlərinin fəaliyyətinin canlandırılması və xüsusilə ana və uşaq sağlamlığına göstərilən qayğının artırılması Ulu Öndərin səhiyyə strategiyasının əsas hədəflərindən idi.
Təəssüf ki, 1980-ci illərin sonlarından etibarən ölkədə baş verən ictimai-siyasi gərginlik, SSRİ-nin dağılması və müstəqillik dövrünün ilk illərindəki iqtisadi çətinliklər səhiyyə sisteminə də ciddi təsir göstərdi. Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz, torpaqlarımızın işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemləri vəziyyəti daha da mürəkkəbləşdirdi. Bu dövrdə yeni müstəqillik qazanmış və ağır iqtisadi böhran şəraitində olan Azərbaycanın səhiyyə sistemi üçün imkanlar məhdud, çağırışlar isə çoxsaylı idi.
Məhz belə bir çətin məqamda – 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Onun rəhbərliyi ilə formalaşan dövlətçilik konsepsiyası çərçivəsində səhiyyənin də strateji əhəmiyyətli sahə kimi inkişafına başlanıldı. Ulu Öndərin səyləri nəticəsində səhiyyə sahəsində kompleks islahatlar həyata keçirildi. Bu islahatların başlıca istiqamətlərindən biri özəl səhiyyə sisteminin formalaşdırılması, digər tərəfdən isə tibb işçilərinin sosial və maddi rifahının yüksəldilməsi idi. Özəl və dövlət sektoru arasında yaranan sağlam rəqabət mühitində tibbi xidmətin keyfiyyəti yüksəldi, vətəndaşların sağlamlığa çıxış imkanları genişləndi. Bundan əlavə, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirildi. Bir çox tibb müəssisəsi əsaslı şəkildə təmir edildi, yeni binalar inşa olundu, xəstəxanalar və poliklinikalar müasir avadanlıq və texnologiyalarla təmin edildi. Bu addımlar Azərbaycanın səhiyyə infrastrukturunun yenidən qurulmasına və dünya standartlarına uyğunlaşdırılmasına yönəlmiş irimiqyaslı strategiyanın tərkib hissəsi idi.
Gələcəyimizə sədaqət
Ümummilli lider Heydər Əliyevin xalqımızın sağlamlığına göstərdiyi əvəzsiz diqqətin zirvəsində uşaq səhiyyəsinə bəslədiyi xüsusi qayğı dayanırdı. Səhiyyə tariximizin səhifələrini vərəqlədikcə aydın görünür ki, ölkəmizdə elmi-tədqiqat institutlarının sabit inkişafı, çoxsaylı xəstəxana və tibb müəssisələrinin fəaliyyətə başlaması ilə yanaşı, gələcəyimiz olan körpələrin doğuluşdan etibarən etibarlı qayğıya cəlb olunması, doğum evlərinin modernləşdirilməsi və uşaqlar üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi Ulu Öndərin dərin uzaqgörənliyinin təzahürü idi. Bu istiqamətdə atılan hər bir addım onun xalqına olan sarsılmaz sevgisinin və vətənə sədaqətinin bariz nümunəsinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uşaq siyasətinin əsas qayəsi sağlam, savadlı, vətənə bağlı bir nəslin yetişdirilməsi idi. O, dəfələrlə qeyd edirdi ki, uşaqlar bizim gələcəyimizdir və onlara göstərilən diqqət – əslində dövlətin gələcəyinə edilən sərmayədir. Bu amalı rəhbər tutan Ulu Öndər, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, keyfiyyətli təhsil və tərbiyə imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atdı. Əsası məhz onun tərəfindən qoyulan dövlət uşaq siyasəti, bu gün də öz aktuallığını qoruyub saxlayır və uşaqların hərtərəfli inkişafını təmin edən fundamental mexanizmlərdən biri kimi fəaliyyət göstərir.
Sağlam gələcəyin təməlini möhkəmləndirmək məqsədilə aparılan islahatların mühüm bir qolu da körpə və uşaq sağlamlığının etibarlı şəkildə qorunması idi. Ulu Öndərin fərman və sərəncamları, qəbul olunan dövlət proqramları bu sahədə köklü dəyişikliklərə yol açdı. O, təkcə milli potensiala güvənməklə kifayətlənməyərək, beynəlxalq təcrübənin ölkəmizə transferinə xüsusi önəm verdi. Bu məqsədlə dünyanın qabaqcıl tibb mütəxəssisləri ilə əməkdaşlıq əlaqələri quruldu, elmi bilik mübadilələri həyata keçirildi. Tibb sahəsində xarici təcrübənin yerli mütəxəssislərlə paylaşılması, tibb təhsili və elmi arasında koordinasiyanın yaradılması Heydər Əliyev səhiyyə modelinin strateji hədəfləri sırasında idi.
Bu istiqamətdə imzalanmış sənədlər arasında 1994-cü ildə BMT-nin Uşaq Fondu (UNICEF) ilə Azərbaycan arasında bağlanan Əməkdaşlıq Proqramı xüsusi əhəmiyyətə malik idi. Bu proqram çərçivəsində uşaq ölüm hallarının minimuma endirilməsi, sağlamlıq göstəricilərinin zəif olduğu bölgələrdə mütərəqqi islahatların həyata keçirilməsi məqsədilə konkret və praktik addımlar atıldı. Proqramın icrası nəticəsində bir çox rayonlarda, xüsusən də kənd yerlərində, uşaq sağlamlığının mühafizəsi istiqamətində ciddi nailiyyətlər əldə olundu. Bu, təkcə tibbi tədbir deyildi – bu, xalqın sabaha olan inamının, dövlətin vətəndaşına göstərdiyi etibarın təcəssümü idi.
Azərbaycan Pediatrlar Assosiasiyasının formalaşma yolunda Lider uzaqgörənliyi
Ulu Öndər Heydər Əliyev həkimlik peşəsinin ən ali dəyərlərini, vətənə xidmət və sənətə sədaqət kimi əsas prinsipləri hər zaman vurğulayaraq, tibb işçilərinə olan böyük qayğısını və ehtiramını göstərib. O, yalnız Azərbaycan tibbinin inkişafını deyil, həm də həkimlərimizin dünyadakı nüfuzunu artırmaq məqsədilə müdrik qərarlar verib. Bu baxımdan, Heydər Əliyevin dərin rəğbətini qazanan şəxslərdən biri də, Azərbaycanın pediatriya elminin görkəmli simalarından biri, Azərbaycan Pediatrlar Assosiasiyasının keçmiş sədri, akademik Adilə Namazova olub. Ulu Öndər Adilə xanımı Azərbaycanın elmi pediatriyasının banisi kimi qəbul edib, onun fəaliyyətini yüksək qiymətləndirib.
Heydər Əliyev 1976-cı ildə Adilə xanımla apardığı mühüm görüşdə respublikada tibb sahəsində mövcud olan bir çox problemləri, xüsusilə elmi sahədəki boşluqları və elmlər doktorlarının olmaması məsələsini müzakirə edir. Uzaqgörən lider Heydər Əliyev həmin dövrdə tibb üzrə elmi-tədqiqat institutlarının zəif vəziyyətini nəzərə alaraq, bu məsələlərin tezliklə həllini tapması üçün konkret tapşırıqlar verir. Ulu Öndərin göstərişi ilə cəmi bir neçə il ərzində 30-a yaxın gənc tibb üzrə fəlsəfə doktoru, Moskva, Leninqrad və Kiyevdəki ən nüfuzlu institutlara göndərilir və onlar qısa müddətdə elmlər doktoru olaraq ölkəmizə geri dönürlər. Bu təşəbbüslər sayəsində, Azərbaycanın elmi-tədqiqat institutları birinci kateqoriyaya keçirilir, elmi müəssisələrin təchizatı yaxşılaşdırılır, əməkdaşlarına yüksək əmək haqları təyin edilir və tədqiqatların inkişafına geniş imkanlar yaradılır.
1994-cü ildə Azərbaycanda difteriya epidemiyasının yayılması zamanı, akademik Adilə Namazova əhalinin sağlamlığını qorumaq məqsədilə Ulu Öndərə müraciət edərək, təcili peyvəndlərin ölkəyə gətirilməsinə nail olur. Onun təşəbbüsü və dövlətin dəstəyi ilə həyata keçirilən peyvəndləmə tədbirləri nəticəsində Azərbaycanın MDB ölkələri arasında difteriya və digər epidemiyalarının qarşısını alan ilk ölkələrdən olur.
Bundan əlavə, Adilə xanımın Ulu Öndər Heydər Əliyevlə apardığı müzakirələr zamanı, analıq məzuniyyəti müddətinin 3 ilədək uzadılması məsələsi gündəmə gətirilib və bu təşəbbüs, anaların və uşaqların rifahının artırılması istiqamətində mühüm bir addım olub. Bu uğurlar Adilə xanımın fədakar fəaliyyətinin və dövlətin səhiyyə sahəsindəki səmərəli siyasətinin bariz nümunəsidir.
Adilə Namazova, həmişə qeyd edirdi ki, bu uğurların arxasında onun dəstəkçisi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fədakarlığı dayanır. Zərifə Əliyeva, Adilə xanımın kadr hazırlığı sahəsindəki əzmkarlığını dəstəkləyərək, onun işini daha da möhkəmləndirib və pediatriya elminə verdiyi töhfələri qiymətləndirib.
Müstəqillik dövründə, Ulu Öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində, Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti də yüksəliş mərhələsinə qədəm qoyub. Uzaqgörən liderin dəstəyi ilə, Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatları ilə sıx əlaqələr qurub, ölkəmizi ləyaqətlə təmsil edən ən nüfuzlu və köklü təşkilatlardan birinə çevrilib.
Uzun illərdir Azərbaycan Pediatrlar Assosiasiyası yerli və beynəlxalq ekspertləri birləşdirərək səhiyyə sahəsində əvəzsiz fəaliyyətini davam etdirir. Bu, ölkəmizin uşaq səhiyyəsi sahəsindəki müvəffəqiyyətlərinin təməlini təşkil edir və cəmiyyətin sağlamlığının qorunmasına yönələn yeni yanaşmaların inkişafına təkan verir.
Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə Assosiasiya Azərbaycanda tibb elminin inkişafını sürətləndirib, yerli mütəxəssislərin beynəlxalq səviyyədə təcrübə qazanmasına və Azərbaycanda elmi pediatriyanın inkişafına müstəsna töhfələr verib. O dövürdən başlayaraq Azərbaycan Pediatrlar Assosiasiyası bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, dünya pediatriya sahəsindəki ən böyük məsələlərə dair müzakirələrə fəal qatılıb.
Ulu Öndərin diqqət və himayəsi ilə Azərbaycan Pediatrlar Assosiasiyası, həm milli, həm də beynəlxalq səviyyədə sağlamlıq sahəsində mühüm islahatların aparılmasında önəmli rol oynayıb. Bu təşkilat, tibb sahəsindəki müxtəlif məsələlərə, xüsusən uşaq xəstəliklərinin qarşısının alınması, uşaq və yeniyetmələrin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və pediatrik yardımların keyfiyyətinin yüksəldilməsi kimi mövzulara dair dərin təhlillər və müzakirələr aparıb. Assosiasiya, həmçinin uşaq sağlamlığını qorumaq, onun qidalanmasına nəzarət etmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə mütəmadi olaraq respublikanın şəhər və regionlarında tədbirlər təşkil edir.
Bu gün Azərbaycan Pediatrlar Assosiasiyası, Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dünya miqyasında tibbi maarifləndirmə və səhiyyənin inkişafı istiqamətində mütəmadi olaraq öz fəaliyyətini davam etdirir. Ümummilli liderin irsini yaşadan bu təşkilat, uşaqların sağlamlığını qorumağa yönəlmiş irimiqyaslı layihələrə imza ataraq, həm respublikamızda, həm də beynəlxalq aləmdə Azərbaycanın səhiyyə sahəsindəki nüfuzunu daha da gücləndirir.
Ulu Öndərin zamanında başlanan bu mühüm missiya, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mükəmməl şəkildə davam etdirilir. Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə həyata keçirilən layihələr, cəmiyyətin diqqətini uşaqların sağlamlığına yönəldərək, sağlam gələcəyin qurulmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən perinatal xidmət və ana-uşaq sağlamlığının qorunmasına dair dövlət proqramları, ölkəmizin səhiyyə sahəsindəki ən önəmli nailiyyətlərindən biridir. Bu tədbirlər, yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də Azərbaycanı səhiyyə sahəsində güclü bir mərkəzə çevirir.
Bu gün Azərbaycan Pediatrlar Assosiasiyası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə pediatriya sahəsinin inkişafına yönəlmiş bir sıra mühüm tədbirlər həyata keçirir. Bu əməkdaşlıq nəticəsində uşaq sağlamlığının qorunması, müasir müalicə və profilaktika üsullarının tətbiqi, eləcə də pediatrik xidmətlərin keyfiyyətinin artırılması məqsədilə təlimlər, konfranslar və elmi-praktik tədbirlər təşkil olunur. Bu birgə fəaliyyətlər, həmçinin regionlarda uşaq sağlamlığının qorunmasında mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində yeni yanaşmaların təqdim edilməsinə xidmət edir.
Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın iştirakı ilə uşaq səhiyyəsində strateji islahatlar
Azərbaycanın bu günü və gələcəyi, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla həyata keçirilməsi sayəsində qurulur. Dövlət siyasətində insan amilini ən ali dəyər kimi önə çəkən bu kurs, sağlam və güclü cəmiyyətin formalaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirir. Xüsusilə səhiyyə sahəsində həyata keçirilən sistemli islahatlar, cəmiyyətin sağlamlığını qorumağa, hər bir vətəndaşın, xüsusilə uşaqların layiqli tibbi xidmət almasına yönəlib.
Azərbaycanda son illərdə istifadəyə verilən, müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə müəssisələri öz səviyyəsinə görə dünya standartlarına cavab verir. Bu kontekstdə Prezident İlham Əliyevin sözləri xüsusilə dəyərlidir: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Bu ifadə, dövlət başçısının səhiyyəyə göstərdiyi diqqətin və yüksək tələblərinin əyani təzahürüdür.
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ortaya qoyduğu çevik və məqsədyönlü yanaşma, Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış mükəmməl idarəetmə modelinin uğurlu nümunəsinə çevrildi. Ölkə daxilində effektiv tədbirlərlə yanaşı, Azərbaycanın beynəlxalq miqyasda da həmrəylik nümayiş etdirməsi, onlarla ölkəyə humanitar yardım göndərməsi və təcrübə mübadiləsi aparması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Təsadüfi deyil ki, ÜST Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsini bir çox ölkələr üçün nümunəvi model kimi tövsiyə edir.
İşğaldan azad olunmuş ərazilərdə də tibbi infrastrukturun bərpası və inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində bu bölgələrdə ailə sağlamlıq mərkəzlərinin, tibb məntəqələrinin yaradılması və ən müasir tibbi texnologiyalarla təchiz olunmuş müəssisələrin qurulmasına başlanılmaqdadır. Bu addımlar, bölgədə yaşayan insanların, o cümlədən uşaqların sağlamlıq hüququnun bərpasına və yüksək keyfiyyətli tibbi xidmətlə təminatına xidmət edir.
Müasir dünyada insan sağlamlığını təhdid edən transmilli təhlükələr — narkotiklər, orqan alveri, insan istismarı və digər qlobal cinayətlər dövlətin bu sahəyə olan diqqətini daha da artırmaqdadır. Məhz buna görə Azərbaycan dövləti yalnız tibbi infrastrukturun genişləndirilməsi ilə kifayətlənmir, eyni zamanda, səhiyyə qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırır, əhalinin maarifləndirilməsi və profilaktika tədbirlərinə xüsusi önəm verir.
Bütün bu fəaliyyətin mərkəzində bir hədəf dayanır: Azərbaycanın gələcəyinin təminatçısı olan uşaqların sağlam, güvənli və firavan böyüməsini təmin etmək. Bu baxımdan atılan hər bir addım, istər tibbi müəssisələrin tikintisi, istərsə də tibbi maarifləndirmə layihələri ölkənin gələcək vətəndaşlarına xidmət edir.
Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa Sağlamlıq və Sağlamlaşdırma Mərkəzinin açılışı bu istiqamətdə atılmış önəmli addımlardan biridir. Uşaqlar üçün nəzərdə tutulan ixtisaslaşmış bölmələri ilə bu mərkəz, azad olunmuş ərazilərdə yüksəkkeyfiyyətli tibbi xidmətin təminatçısına çevrilir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uşaq səhiyyəsi sahəsində mühüm təşəbbüslərlə çıxış edir. Fondun dəstəyi ilə yaradılan Uşaq Reabilitasiya Mərkəzləri və mobil klinikalar, ölkənin ən ucqar bölgələrində belə uşaqların tibbi xidmətə çıxışını təmin edir. Fondun “Diabetli uşaqlara dəstək”, “Talassemiya ilə mübarizə” və “Uşaqlar üçün eşitmə cihazları” layihələri minlərlə uşağın sağlam həyat tərzinə qovuşmasına şərait yaradır.
Bütün bu təşəbbüslər sübut edir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva üçün uşaq sağlamlığı yalnız səhiyyə məsələsi deyil, strateji dövlət vəzifəsidir. Onların liderliyi ilə həyata keçirilən layihələr, sağlam gələcəyin təməl daşlarını təşkil edir və Azərbaycanı bu sahədə də nümunəvi ölkəyə çevirir.
Təranə TAĞI-ZADƏ, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.