Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qərbi Azərbaycan folklorunun izi ilə
04.06.2025 10:24
  • A-
  • A
  • A+

Qərbi Azərbaycan folklorunun izi ilə

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı II kitabı nəşr olunub.

Müəllifin yeni kitabı vətənindən didərgin düşmüş soydaşlarımızla görüşləri əks etdirən məqalələri və mühitin adət-ənənələri ilə bağlı olan folklor nümunələrini əks etdirir.

Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı I kitabı 2023-cü ildə işıq üzü görüb. II kitabı isə eyni mövzunun məntiqi davamıdır. Kitab Əziz Ələkbərlinin yazdığı ön söz və 3 bölmədən ibarətdir.

Onu da qeyd edək ki, kitabda Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələri sadəcə poetika nöqteyi-nəzərindən dəyərləndirilməmiş, eyni zamanda xalqın milli mənəviyyatının təcəssümü kimi öz əksini tapmışdır.

Kitabda müxtəlif mövzularda folklor nümunələrinə geniş şəkildə yer verilmiş, xalqımızın etnodüşüncəsinin fərqli xüsusiyyətlərinə toxunulmuşdur.

“Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, rəyçiləri isə professorlar Mahirə Hüseynova, İbrahim Bayramov və dosent Zülfiyyə İsmayıldır.

Xalqımızın milli mentalitetinin əsasını təşkil edən folklorumuzun qədim incilərini qoruyub saxlamaq, çoxvariantlı ədəbiyyatımızın hər bir örnəyinə sahib çıxmaq kimi əhəmiyyətli bir işi çiyinlərində daşıyan Aytən Cəfərovanın bu fəaliyyəti tarixi-bədii yaddaşı xatırlamaq baxımından təqdirəlayiqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: