Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2025 10:16
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda İnsan Hüquqları Aylığına həsr olunmuş maarifləndirici seminar keçirilib

Biofizika İnstitutunda İnsan Hüquqları Aylığına həsr olunmuş maarifləndirici seminar keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində ETN Biofizika İnstitutunda maarifləndirici seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə tibb üzrə fəlsəfə doktoru Azad Əbdürəhimov açaraq “İnsan Hüquqları Aylığı”nın məqsəd və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. O, insan hüquqlarının universal dəyər olduğunu, hər bir fərdin həm hüquqlarını, həm də vəzifələrini bilməsinin cəmiyyətin sağlam və sülhə əsaslanan inkişafı üçün zəruri olduğunu vurğulayıb.

Seminarda Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Arzu Aydəmirova “İnsan hüquqları: tarix, anlayış və müasir yanaşmalar” mövzusunda çıxış edərək insan hüquqları anlayışının mahiyyəti, tarixi kökləri və müasir hüquqi baza barədə geniş təqdimatla çıxış edib. O, bildirib ki, insan hüquqları sadəcə qanuni anlayış deyil, eyni zamanda bəşəri dəyər kimi müxtəlif din və mədəniyyətlərdə əsrlər boyu ifadə olunmuş prinsiplərlə səsləşir.

Məruzə zamanı Arzu Aydəmirova qeyd edib ki, hüquqların ayrılmaz və bərabər şəkildə qorunması prinsipinə əsasən, hər bir insan doğulduğu andan azad və hüquqlara malikdir. Bunlar arasında yaşamaq hüququ, şəxsi toxunulmazlıq, ədalətli məhkəmə, fikir və vicdan azadlığı, sərbəst toplaşma, təhsil və mülkiyyət hüquqları xüsusi yer tutur.

Seminarda, həmçinin elm sahəsində müəllif hüquqlarının qorunmasının əhəmiyyəti də diqqətə çatdırılıb. A.Aydəmirova vurğulayıb ki, elmi yaradıcılığın təşviqi, tədqiqatların tanınması və müəlliflərin hüquqlarının müdafiəsi elm sahəsinin davamlı inkişafı üçün vacibdir. O, müəllif hüquqlarının şəxsi, əmlak və müstəsna hüquqlar olmaqla müxtəlif aspektlərdə qorunduğunu, bu hüquqların pozulmasının isə qanunvericiliyə uyğun məsuliyyət yaratdığını bildirib.

Tədbirin sonunda iştirakçılara insan hüquqları ilə bağlı maarifləndirici materiallar təqdim olunub, suallar cavablandırılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və insan hüquqlarının gündəlik həyatla əlaqəsi kontekstində geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: