Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda çıxış edib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəfləri və prioritet istiqamətlərinə nəzər yetirən alim vurğulayıb ki, dövlət proqramında əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun bərpası, sosial xidmətlərin və İnsan kapitalının inkişaf etdirilməsi, mədəni irsin qorunması və turizmin inkişafı kimi hədəflər müəyyən olunub.
Qarabağ və Şərqi Zəngəzurun 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmasının təkcə fiziki infrastruktura deyil, mədəni-mənəvi sferaya da böyük ziyan vurduğunu qeyd edən dosent Hikmət Quliyev fiziki qayıdışın mədəni qayıdışla tamamlanmasının zəruriliyini vurğulayıb. “Böyük Qayıdış prosesi təkcə tarixi torpaqlara fiziki qayıdışı deyil, həm də mədəni qayıdışı - yaddaşa, tarixə və milli kimliyə dönüşü özündə ehtiva edir” deyən alim fiziki dağıntılar səbəbindən folklor yaddaşının maddi izlərinin itməsi, ənənəvi yaddaş daşıyıcısı olan yaşlı əhalinin dünyasını dəyişməsi, yeni nəsillə folklor yaddaşı arasında semantik boşluqların yaranması, ənənəvi yaşayış məskənləri və mühitlərinin dağıdılması, nəsillərarası ənənəvi bilik-informasiya mübadiləsi prosesinin sarsılması, məkan-insan münasibətləri bağlılığında ortaya çıxan mədəni yaradıcılığın qırılması, bütövlükdə kollektiv mədəni yaddaşın unudulması kimi problemləri vurğulayıb.
Qeyd olunan problemlərə nəzər salan dosent H.Quliyev Qarabağ və Şərqi Zəngəzurun mədəni-mənəvi bərpasında kollektiv yaddaş mexanizmlərinin reaktuallaşdırılmasının mühüm rol oynayacağını qeyd edib. Məsələyə metodoloji olaraq, sosial-antropoloji folklorşünaslıq, məkan-insan münasibətlərinin semiotikası, sakral məkanların etnokulturoloji spesifikası kontekstində yanaşmanın zəruriliyini vurğulayan alim kollektiv mədəni yaddaş və onun reaktuallaşdırılması modelləri ilə bağlı düşüncələrini bölüşüb.
Alim qeyd edib ki, kollektiv yaddaşın tərkib hissəsi olan mədəni yaddaş, əslində, “mənanın ötürülməsi”ni, davranış, düşüncə, ünsiyyət və nəsnələrlə bağlı olan kollektiv hafizəni özündə ehtiva edir. Yəni mif, əfsanə, rəvayət, nağıl, etnoqrafik təsvir, xatirə, deyim, atalar sözü, məsəllər və s.-nin predmetinə çevrilən hər hansı bir davranış, düşüncə və ya məkan kollektiv mədəni yaddaşda dərin iz buraxmaqla xüsusi məna qazanır” - deyə məruzənin sonunda alim Qarabağ və Şərqi Zəngəzur folklor nümunələrinin, xüsusən məkanla bağlı kollektiv bilik faktlarının mədəni yaddaşın bərpası və canlandırılmasındakı potensial imkanlarını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.