Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

02.06.2025 11:45
  • A-
  • A
  • A+

“Heydər Əliyev heç zaman, heç kəsin qarşısında baş əyməyən dağa bənzəyir”

“Heydər Əliyev heç zaman, heç kəsin qarşısında baş əyməyən dağa bənzəyir”

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ilə söhbət

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

Mart ayından başlayaraq söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - İsa müəllim, 1990-1993-cü illər ərzində sizə Heydər Əliyevlə ünsiyyət saxlamaq, söhbətləşmək, onun keçirdiyi tədbirlərdə iştirak etmək qismət olub. Onun həyat və fəaliyyətinin Naxçıvan dövründə siz Heydər Əliyevin xarakterinin hansı xüsusiyyətlərini müşahidə etmisiniz? Və ümumiyyətlə, Ümummilli liderin həyatının həmin dövrünü necə qiymətləndirirsiniz?

İsa Həbibbəyli - Heydər Əliyevin həyatının Naxçıvan dövrü respublika əhalisinin gözü qarşısında keçmiş, regionda isə hər bir vətəndaş üçün əsl məktəbə çevrilmişdir. 1990-1993-cü illər Naxçıvan Muxtar Respublikasının əhalisi, xüsusən dövlət rəsmiləri, ziyalılar və gənclər, biz hamımız sözün ən yüksək və ciddi mənasında Heydər Əliyev dərsləri keçmiş, bu möhtəşəm və nadir şəxsiyyətin dövlətçilik və vətənpərvərlik universitetinin dinləyiciləri olmuşuq. Bu, bizim üçün həm məsuliyyət və həm də xoşbəxtlikdir.

Əlbəttə, SSRİ kimi fövqəldövlətin əsas rəhbərlərindən biri olmuş, dünyada böyük siyasi xadim olaraq qəbul edilən, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyev üçün Naxçıvan Muxtar Respublikası idarəetmə baxımından ölçüyəgəlməz dərəcədə kiçik fəaliyyət meydanı idi. Ancaq o böyük şəxsiyyət bunun fərqinə varmadan, yaranmış çətin tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını Ermənistanın işğalından xilas edərək Azərbaycan Respublikasının tərkibində qoruyub saxlamağa və daha da möhkəmləndirməyə ümummilli vəzifə kimi baxır, məsələyə geniş mənada respublikanın ərazi bütövlüyünün təmin edilməsinin tərkib hissəsi müstəvisindən yanaşırdı.

Qarabağda torpaqlarımızın günbəgün əldən getdiyi şəraitdə daha çətin region olan, üç tərəfdən Ermənistanla əhatə olunmuş Naxçıvanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin keçilməzliyinin təmin edilməsi ümumrespublika səviyyəli böyük və ciddi dövlət işi idi.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu ümumdövlət əhəmiyyətli xilaskarlıq işini Naxçıvanda uğurla yerinə yetirdi. Tərəddüdsüz demək olar ki, Naxçıvan Muxtar Respublikasının işğala məruz qalmaması və Azərbaycanın tərkibində qorunub saxlanılması Heydər Əliyevin müstəqil dövlətçiliyimizə ən böyük xidmətlərindən biridir. Bütün bunlara görə həyatının digər mərhələləri kimi, Heydər Əliyevin tərcümeyi-halının həmin tarixi dövrünün də hər günü, hər anı qiymətli və ibrətamizdir, mühüm siyasi-tarixi əhəmiyyətə malikdir. O çətin və şərəfli illər müstəqil dövlətçiliyin sınaq imtahanları dövrü olduğu üçün ətraflı, dərindən, sistemli şəkildə, elmi səviyyədə öyrənilməlidir.

E.A. - Bəlkə bir neçə belə tarixi anı yada salasınız?

İ.H. - Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında Ulu öndərin təklifi ilə üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi mühüm tarixi hadisədir. Həmin gün, 17 noyabr 1991-ci ildə müstəqillik tariximizin ən böyük tarixi hadisəsi baş vermişdir. Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin sədrliyi ilə keçən sessiyanın iclası radio vasitəsilə meydanda səsləndirilirdi. Çöldəki yüzlərcə dinləyicilər arasında gənclər, xüsusən, tələbələr çoxluq təşkil edirdi. Üçrəngli bayrağın zala gətirilməsi elan olunanda meydanda çəpik və alqış səsləri qopdu. Belə sürəkli, gur reaksiyanı mən yalnız kinolarda görmüşdüm.

Naxçıvanda 1992-ci ildə silahlı dövlət çevrilişi cəhdinin qarşısının dinc yolla alınması da Heydər Əliyevin müstəsna liderlik qabiliyyətinin əyani göstəricisi idi. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə xalqın sonsuz məhəbbətinin ifadəsi idi. Əliyalın xalq Heydər Əliyevin çağırışına cavab olaraq "Ya Heydər!" deyərək, Naxçıvan Daxili İşlər Nazirliyində yerləşmiş silahlı xəyanətkarların üstünə getdi və bu dövlət qurumunu azad etdi. Nehrəm kəndindən olan Şeyx Muradəli, Abbas kişi, Əqil həkim və kəndin digər sakinləri həmin dövrdə Naxçıvan camaatı ilə birlikdə Heydər Əliyev yolunda canlarından keçməyə hazır olan insanlar kimi silahlı üsyançılarla qarşı-qarşıya durdular və qalib gəldilər.

Naxçıvan Televiziyasının azad edilməsində isə qadınlar, ziyalılar və gənclər iştirak edirdilər. Xüsusən, qadınlar birləşərək sel gücü ilə televiziyanın qarşısında az qala BTR-i aşırırdılar. Bütün bunları görmədən Heydər Əliyevə ümumxalq sevgisinin və inamının nə qədər dərin və sarsılmaz olduğunu bütün reallığı ilə başa düşmək olmaz. Heydər Əliyev böyük xilaskardır.

Ya da dahi Hüseyn Cavidin yubileyinin Naxçıvanda yüksək səviyyədə keçirilməsini yada salaq. Hüseyn Cavidin 110 illiyinin Naxçıvanda keçirildiyi günlərdə də Heydər Əliyev sanki bu böyük sənətkara müstəqillik dövründə gerçək bəraət vermək, onu xalqa qaytarmaq missiyasını yerinə yetirirdi. O, Cavidin 110 illiyinin Bakıda qeyd olunmamasını da həmin dövr Azərbaycan rəhbərliyinin zəifliyinin və Naxçıvana münasibətinin təzahürlərindən biri hesab edirdi.

Naxçıvan teatrının binasında keçirilən yubiley gecəsində Heydər Əliyev çox dəyərli nitq söylədi. Deyirdi ki, biz sovet hakimiyyəti illərində Cavidi xalqa tanıtmaq üçün bir çox işlər gördük. "İblis" əsəri "Azdrama"da tamaşaya qoyuldu, böyük şairin cənazəsinin qalıqları Sibirdən Azərbaycana gətirildi, anadan olmasının yüz illiyinin dövlət səviyyəsində qeyd olunması üçün qərar qəbul etdik. Lakin bütün bunlar Hüseyn Cavidin sənəti ilə müqayisədə azdır. Müstəqil Azərbaycan dövləti Cavidi xalqa qaytarmaq üçün çox iş görməlidir.

Başqa bir hadisəni də qeyd etməyi vacib sayıram. Müxalifət görkəmli dövlət xadimi Heydər Əliyevə Siyasi Büronun üzvü və iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi Naxçıvan şəhərində ucaldılmış heykəli SSRİ dövrünün qalığı kimi uçurmaq istəyirdi. Naxçıvan şəhərinin və yaxın kəndlərin məktəbliləri hər gün səhərdən-axşama kimi heykəlin qabağına gedən yolun üstündə uzanaraq canlı sipər yaratmışdılar. Müxalifət qüvvələri elin gücünü, sonsuz ümumxalq məhəbbətini görüb, məqsədlərinə çata bilməyəcəklərini başa düşməyə məcbur oldular.

E.A. - Mən bilirəm ki, Heydər Əliyev təhsilə böyük diqqət yetirirdi, dəfələrlə sizin rəhbərlik etdiyiniz universiteti ziyarət etmişdi. Bu zaman o sizə hansı tövsiyələri verirdi?

İ.H. - Qeyd olunan tarixi mərhələdə Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi tədbirlərdən biri də Muxtar Respublikada ziyalılığın, ziyalı mühitinin qorunub saxlanılması sahəsindəki misilsiz xidmətləri ilə bağlıdır. Bu məqsədlə o, diyarda yaşayan və pərakəndə salınmış ziyalıların müxtəlif siyasi qrupların deyil, məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, xüsusən bu mötəbər təşkilatın sədrinin ətrafında birləşdirilməsinə nail oldu. Qısa müddətdən sonra ağsaqqalları və ziyalıları, düşünən gənc nəslin nümayəndələrini öz ətrafında birləşdirərək ictimai mühiti, siyasi prosesləri idarə etmək şansını əlinə aldı. Bu, regionun xilası üçün, birlik, həmrəylik və sabitlik yaratmaq baxımından çox əhəmiyyətli bir dönüşə nail olmaq demək idi.

Belə çətin sınaq günlərində, 1992-ci ilin oktyabr və noyabr aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin iki dəfə Naxçıvan Dövlət Universitetinə gəlməsi, burada ziyalılar və tələbələrlə görüşüb söhbətlər aparması, çıxışlar etməsi yeni ziyalı mühitinin formalaşdırılmasının əsasına çevrilmişdi. Heydər Əliyevin 11 oktyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetində "Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili" mövzusunda keçirilmiş beynəlxalq simpoziumdakı çıxışı hələ haqqında yalnız elmi mühitdə ilkin söhbətlərin getdiyi bir zamanda sərbəst bazar münasibətləri, keçid dövrü iqtisadiyyatı haqqında ən dərin, əhatəli, nəzəri cəhətdən əsaslandırılmış, dünya praktikasına və yeni mühitə uyğun gələn proqram idi. Heydər Əliyevin - Sovet İttifaqının keçmiş kommunist rəhbərinin simpoziumda bazar iqtisadiyyatına keçid haqqındakı konseptual çıxışı qonşu ölkələrdən - Türkiyə Cümhuriyyətindən və İran İslam Respublikasından dəvət olunmuş alimlərin təəccübünə və marağına səbəb olmuşdu.

Naxçıvan Dövlət Universitetinin 12 noyabr 1992-ci il tarixdə keçirilmiş 25 illik yubileyində görkəmli dövlət xadimi Heydər Əliyevin iştirak etməsi bu ali təhsil ocağının tarixi salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev yubileyin keçirildiyi günü bütünlüklə Naxçıvan Dövlət Universitetinə həsr etmişdi. O, universitetin ərazisini gəzmiş, kollektivin ayrı-ayrı üzvləri ilə söhbətlər aparmış, mövcud problemləri öyrənmiş, çıxış yolları haqda dəyərli tövsiyələr vermiş, universitetə əməli kömək göstərmişdi.

Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu nitqi, sözün geniş mənasında o vaxtkı çətin durumda respublikamızda ali təhsilə həsr olunmuş ciddi bir məramnamədir. Məhz həmin tədbirdə ali təhsilin keçmiş sovet ideologiyasından ayrılması, millilik və bəşərilik istiqamətində idarə olunması, universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinin zəruriliyi, bütövlükdə ali təhsilin yeni islahatlara möhtac olması ideyaları Heydər Əliyev tərəfindən uzaqgörənliklə irəli sürülmüşdür. Bu tarixi nitq Naxçıvan Dövlət Universitetinin inkişafının uzunmüddətli proqramıdır. Ümumiyyətlə, həmin ideya və tövsiyələr yeni dövrdə Azərbaycan ali təhsilinin tərəqqisi üçün də mühüm əhəmiyyətə malikdir. Aradan 30 ildən çox bir müddət keçməsinə baxmayaraq, Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki tarixi nitqi bu gün üçün də, gələcək üçün də aktualdır.

Möhtərəm Heydər Əliyevin həmin tarixi yubiley tədbirlərində qarşılanması, müşayiət olunması və yola salınması, universitet rəhbərliyi, o cümlədən, elmi işlər üzrə prorektor və yubiley tədbirlərinin aparıcısı kimi, mənim üçün də ciddi bir imtahan idi. Bununla biz görkəmli dövlət xadiminin timsalında rəsmi tədbirlərlə əlaqədar bir sıra vacib protokol qaydalarını dərindən mənimsəməli və böyük məsuliyyətlə sınaqdan keçirməli olduq.

Onu da qeyd etməliyəm ki, həm 11 oktyabr 1992-ci ildə keçirilmiş beynəlxalq elmi konfransın və həm də 12 noyabrdakı Naxçıvan Dövlət Universitetinin yubiley tədbirinin aparıcılığını Heydər Əliyev mənə tapşırmışdı.

Mənim 1996-cı ildə rektor vəzifəsinə təyinatım da, əməkdar elm xadimi fəxri adına layiq görülməyim də ölkə rəhbəri Heydər Əliyevin etimadı idi. Bu, mənim üçün böyük şərəf və unudulmaz tarixdir.

Naxçıvan Dövlət Universitetinin yenidən qurulmasına və daha da inkişaf etdirilməsinə Ulu öndərimiz Heydər Əliyev daim böyük qayğı göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 17 oktyabr 1999-cu ildə Naxçıvan Dövlət Universitetində yeni tədris korpusunun açılması münasibətilə keçirilmiş görüşdə dediyi fikirlər bu ali təhsil ocağının kollektivinə verilmiş yüksək qiymətin və bəslənilən böyük ümidlərin parlaq ifadəsidir - "Naxçıvan Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən biridir..."

Bu tarixi görüşün bir hissəsinin payız yağışının altında keçirildiyini, ölkə Prezidentinin ətrafındakı mühafizəçilər tərəfindən təklif olunan çətirdən imtina etdiyini, nitqini tələsmədən xeyli davam etdirib sona çatdıraraq yekunlaşdırdığını xatırlamamaq mümkün deyil. Universitetin foyesində təşkil olunmuş kitab sərgisində "Coğrafiya" kafedrasının müdiri Səfərəli Babayevin "Kitabi-Dədə Qorqud" dastanlarında Naxçıvan toponimləri" kitabını göstərdiyim zaman milli mənafelərə xidmət edən, Naxçıvan diyarının oğuz türklərinə və onların ulu əcdadlarına məxsus olduğunu dəlil-sübutlarla təsdiqləyən bu sanballı əsərə görə onun müəllifinə "Əməkdar elm xadimi" fəxri adının verilməsi barədə qərarını yerində bəyan etməsi də 17 oktyabr 1999-cu ilin tarixi anlarından biridir. Prezident Heydər Əliyevin həmin gün rəmzi lentini kəsib universitetin kollektivinə ərməğan etdiyi beşmərtəbəli tədris korpusundakı böyük akt zalında təşkil etdiyimiz konsertə maraqla tamaşa etdiyini və razı qaldığını da yaxşı xatırlayıram.

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin inkişafına ciddi əhəmiyyət verməyi bir vəzifə kimi qarşımıza qoymuşdu. Böyük Öndər hələ 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin 25 illik yubiley mərasimindəki dərin məzmunlu çıxışında həmin məsələnin əhəmiyyətindən bəhs edərək demişdir: "İndi artıq siz keçmiş Sovetlər İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə təşkil edəsiniz. ...İndi bütün dünya qarşımızda açıqdır. Və bütün dünyanın bəşəri elmindən, bəşəri ali təhsil təcrübəsindən biz gərək səmərəli istifadə edək. Bu sahədə Naxçıvan Dövlət Universiteti... öz vəzifələrini çox dəqiq müəyyən etməlidir".

Unudulmaz rəhbərin bu uzaqgörən mülahizələri Naxçıvan Dövlət Universitetinin fəaliyyətində əsas kimi qəbul edilmişdir. Hazırda NDU-nun dünyanın dörd qitəsində 73 ali məktəblə əlaqələri formalaşmışdı.

E.A. - Çox gözəl və ibrətamiz xatirələrdir... Heydər Əliyevin Naxçıvana gələn Bakı ziyalıları ilə görüşləri ilə bağlı müşahidələrinizi də bölüşərdiniz.

İ.H. - Naxçıvana Heydər Əliyevlə görüşmək üçün ən çox gəlib-gedənlərdən biri akademik Fəraməz Maqsudov idi. Mən onların söhbətlərində iştirak etməmişəm. Ancaq Heydər Əliyevlə görüşəndən dərhal sonra dəfələrlə Fəraməz Maqsudovla söhbət etmişəm. Maqsudovlar ailəsinə yaxın olduğum üçün Fəraməz müəllim həmin görüşlərin təəssüratları barədə mənə çox şey danışıb.

Onun danışıqlarından belə aydın olurdu ki, Heydər Əliyevin Bakıya qayıtmaq, yenidən vəzifə tutmaq fikri yox imiş. Fəraməz müəllim bundan çox narahat idi. O, yana-yana deyirdi ki, Azərbaycanın Heydər Əliyevə böyük ehtiyacı var. Biz bu yolda çalışmalıyıq. Fəraməz Maqsudovun fikrincə, Heydər Əliyev respublika rəhbərliyinin ona və Naxçıvana anlaşılmaz münasibətindən də narazı idi.

İkincisi isə Heydər Əliyev vaxtilə ad-san qazandırdığı, vəzifə və dəstək verdiyi adamların dönük çıxmalarını da "zamanın tərs üzü" kimi qarşılayırdı. Nəhayət, Heydər Əliyev yaranmış çətin hərbi-siyasi şəraitdə Naxçıvanda qalıb, muxtar respublika əhalisini Ermənistanın təcavüzündən qorumağı müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında məsuliyyətli bir borc hesab edirdi.

Hesab edirəm ki, akademik Fəraməz Maqsudov Bakıda yaşayan ziyalılarla Heydər Əliyev arasında bir körpü funksiyasını yerinə yetirmişdir. Keçmiş siyasi elita Heydər Əliyevin gözündə etibarını itirdiyi üçün ünsiyyət baxımından ziyalılar ön mövqeyə çıxmışdılar. Mən müxtəlif vaxtlarda Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Ziya Bünyadovun, Murtuz Ələsgərovun Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevlə görüş üçün Naxçıvana gəldiklərini müşahidə etmişəm. Adını çəkdiyim ziyalıların demək olar ki, hamısı Heydər Əliyevlə görüşdən ya əvvəl, ya da sonra şəxsən özünün tapşırığı ilə Naxçıvan Dövlət Universitetinə gəlmiş, tələbələrlə görüşmüş, bəzən hətta dərs də demişdilər. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmasında ona Murtuz Ələsgərov və Fəraməz Maqsudov çox dəstək olmuşdular.

E.A. - Mənim də xüsusi müxbir kimi "Literaturnaya qazeta"ya müsahibə almaq məsələsi də unudulmaz anlar idi...

İ.H. - Bəli, görkəmli dövlət xadimi Heydər Əliyevlə 1990-cı ilin dekabr ayında olan həmin görüşü də yada salmağı vacib sayıram. Həmin ilin noyabr ayında o vaxt Moskvada "Literaturnaya qazeta"ya Azərbaycan üzrə yenicə xüsusi müxbir təyin olunmuş filologiya elmləri namizədi Elmira Axundova mənə zəng çalaraq redaksiyanın Heydər Əliyev haqqında müsahibə hazırlamaq tapşırığı ilə əlaqədar Naxçıvana gəlmək istədiyini bildirdi. Mən o zaman təqaüddə olan böyük siyasi xadim Heydər Əliyevin görüşünə gedib, Elmira Axundovanın arzusunu ona çatdırdım. Qeyri-adi yaddaşa, xüsusi hafizəyə malik olan Heydər Əliyev vaxtilə Moskvada fərdi təqaüdçü kimi yaşadığı illərdə Elmira Axundovanın "Bakinski raboçi" qəzetində Azərbaycan həqiqətləri mövzusunda yazılmış "Biz hamımız keçmişdən çıxmışıq" ("Vse mı vışli iz proşloqo")  adlı obyektiv mövqedən yazılmış məqaləsini oxuduğunu xatırladı, şəxsən tanımadığı bu jurnalist xanım haqqında cəmi bir-iki suala cavab aldıqdan sonra onu qəbul etməyə razılıq verdi.

Elmira Axundova ilə birlikdə dekabr ayında iki gün Heydər Əliyevin "qonağı" olduq. Və bu iki günlük yaxın ünsiyyət mənim Heydər Əliyevi görkəmli dövlət xadimi və bənzərsiz şəxsiyyət olaraq daha dərindən tanımağıma şərait yaratdı. Yaxşı xatırlayıram ki, Heydər Əliyev Kreml rəhbərliyi, şəxsən SSRİ adlanan böyük dövlətin fəaliyyətdə olan başçısı Mixail Qorbaçov haqqında "Literaturnaya qazeta"nın azərbaycanlı xüsusi müxbirinə sərt, lakin çox arqumentli, əsaslandırılmış fikirlər söyləyir, bəyanatlar verir, irəli sürdüyü mülahizələrinin müsahibədə dəyişdirilmədən, olduğu kimi öz əksini tapmasını tələb edirdi. Belə söhbətlərin birində Elmira Axundovanın bu cür qəti mövqedən çıxış edərkən hazırda tabeliyində böyük qüvvə olan nəhəng bir dövlətin başçısından ehtiyat edib-etməməsi barədə sualına cavabında Heydər Əliyev tərəddüd etmədən "yox" dedi. Və bildirdi ki, Mixail Qorbaçovun hakimiyyəti yalan və boş illüziyalar üzərində qurulduğu üçün tezliklə məhvə məhkum olacaq, payız yarpaqları kimi töküləcək. Zaman uzaqgörənliklə deyilmiş bu fikrin əsl gerçəklik olduğunu ən qısa vaxtda meydana qoydu. Bu uzaqgörən sözlərin həqiqətə çevrilməsi üçün cəmi bir ildən də az vaxt lazım oldu. SSRİ dağıldı...

O tarixi görüş günlərində yaranmış səmimi şəraitdən istifadə edərək, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında böyük siyasi xadimin fikrini öyrənmək istədim. Heydər Əliyevin ustad sənətkar Cəlil Məmmədquluzadə barəsindəki mülahizələri nəinki geniş oxucu kütlələri, hətta mənim kimi Mirzə Cəlil irsinin araşdırılması ilə məşğul olan bir tədqiqatçı üçün də yeni, əhəmiyyətli və cəlbedici idi. O deyirdi ki, XX əsri Cəlil Məmmədquluzadəsiz və "Molla Nəsrəddin"siz təsəvvür etmək mümkün deyil. "Molla Nəsrəddin" olmasaydı, böyük bir tarixi dövr boş qalardı. Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının xalqımızın milli-mənəvi oyanışındakı xüsusi rolunu heç nə ilə əvəz etmək mümkün deyildir. Həmin dəyərli fikirlər və ideyalar sonralar Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının təhlil edilib qiymətləndirilməsində mənə bələdçilik etdi.

Təbii ki, "Literaturnaya qazeta"da Elmira Axundovanın müsahibəsini çap etmədilər. Amma jurnalist xanım çətin şəraitdə aldığı həmin müsahibəni 1 mart 1991-ci ildə, o günlər 100 min tirajla nəşr olunan, Sabir Rüstəmxanlının baş redaktoru olduğu "Azərbaycan" qəzetinin səhifələrində dərc etdirə bildi. Şişirtmədən deyə bilərəm ki, o müsahibəni bütün respublika oxudu! Bir neçə ildən sonra "Azərbaycan" qəzeti özünün bir neçə sayında Elmira Axundovanın "Mən xalqım qarşısında alnı açığam" adlı genişhəcmli jurnalist qeydlərini, müsahibəsini bütün təfərrüatı ilə oxuculara çatdırdı.

E.A. - Əziz dost, çox sağ olun ki, Naxçıvana səfər barədə xatırladınız, çünki bu, mənim böyük liderlə uzunillik, çox mehriban və səmimi münasibətlərimin başlanğıcı oldu. Bu tarixi görüşü isə mənim üçün məhz siz təşkil etmişdiniz. Bilirəm ki, belə görüşlərlə bağlı mənim başqa həmkarlarıma da kömək olurdunuz.

İ.H. - Heydər Əliyevin Sabir Rüstəmxanlı ilə görüşünü də xatırlayıram. Aspiranturada birgə təhsil aldığımız dövrdən dostluq etdiyimiz Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Mətbuat Komitəsinin sədri vəzifəsində ikən o zaman hələ viza rejiminin də, "Ümid körpüsü"nün də olmadığı şəraitdə Türkiyədə ali təhsil alan oğlu Gündüzü Sədərək-Aralıq-Dilucu nəzarət-buraxılış məntəqəsindən keçirmək üçün Naxçıvana gəlmişdi. Mən onu aeroportda qarşılayıb evimizə apardım. Onu da qeyd etməyi lazım bilirəm ki, Sabir Rüstəmxanlı rəsmi qarşılanmağı düşünməsə də, Heydər Əliyevlə görüşmək arzusunda idi.

... Az sonra Naxçıvan MR Ali Məclisinin sədrinin məsul nümayəndəsi bizə zəng vurdu. Telefon danışığı zamanı Naxçıvan MR Ali Məclisinin sədri Sabir Rüstəmxanlıya dedi ki, siz deputat və komitə sədri kimi rəsmi şəxssiniz və protokol qaydalarına görə səfəriniz barədə əvvəlcədən məlumat verməli idiniz. Sabir Rüstəmxanlı isə səmimiyyətlə bildirdi ki, İsa Həbibbəyli ilə çoxillik dostluğumuz boyu məni həmişə o qarşılayıb və daim onların evində qonaq olmuşam. Sovet dövründə cəmi bir gecə Təbriz oteli təzə açılanda mehmanxananın adına görə orada qonaq qalmışam.

... Sabir Rüstəmxanlı gənclik illərində onun taleyində Heydər Əliyevin xüsusi rol oynadığını dəfələrlə etiraf edib. Mən də, Sabir Rüstəmxanlı da həmişə o fikirdə olmuşuq ki, şair dostumun zamanı çox qabaqlayan "Gəncə qapısı", "Sağ ol, ana dilim" kimi bir sıra əsərləri yalnız Heydər Əliyev epoxasının ab-havasında ictimai mühitə çıxa bilərdi. Sabir Rüstəmxanlını əvvəlcədən yaxından tanıyan, ona dəstək olan Heydər Əliyev sadəcə olaraq cavan millət vəkilinə onun Naxçıvana gəlişindən xəbərdar olduğuna işarə edirdi. Və Sabir Rüstəmxanlı xüsusi bir dəvət gözləmədən Naxçıvan MR Ali Məclisi sədrinin qəbuluna getdi. Üç saatdan çox çəkən görüşdən sonra bizə qayıdan Sabir Rüstəmxanlı Heydər Əliyevlə söhbətlərini ümumiləşdirərək dedi: "Heydər Əliyev nəhəng şəxsiyyətdir. İndi yaranmış vəziyyətdə onu Nuh peyğəmbərlə müqayisə etmək olar. Vaxtilə Nuhun gəmisi dünya tufanından keçərək Naxçıvandakı Gəmiqayada yerə enmişdi. Keşməkeşli tale yaşamış Heydər Əliyevi də müasir Naxçıvan qəbul edib. Heydər Əliyev də Nuh peyğəmbər kimi əbədidir".

O zaman Heydər Əliyevin telefon danışığı zamanı haqqımda Sabir Rüstəmxanlıya dediyi "İsa Həbibbəyli etibarlı adamdır" sözləri mənim üçün məsuliyyətli bir dəyərdir.

Yeri gəlmişkən, onu da deyim ki, 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə etimad göstərərkən dediyi sözlər də mənə həmişəlik dərs olmuşdur: "Mənim İsa Həbibbəyliyə xüsusi bir tapşırığım yoxdur. Ən çətin günlərdə bizimlə olmuşdur. Dərsi əzbərdir!"

Bu sözlər məni heç vaxt tərk etməyib. Məsuliyyətimi artırıb, mənəvi borc hissimi qüvvətləndirib.

Heydər Əliyevin Sabir Rüstəmxanlıya münasibətində yaradıcı insanlara rəsmilikdən qat-qat uzaq olan səmimi münasibət dayanırdı. Həmin görüş zamanı da Naxçıvan MR Ali Məclisinin rəhbəri Mətbuat Komitəsinin sədri ilə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət, qarşılıqlı etimad mühitinin yaradılması və ədəbiyyat məsələlərindən danışmışdılar. Hansı partiyanı təmsil etməsindən asılı olmayaraq, Heydər Əliyev istedadlı insanlara, yaradıcı şəxslərə həmişə böyük diqqət yetirir, dəstək verirdi. Sabir Rüstəmxanlı ilə görüş də bunun təzahürlərindən biri idi. Sonralar da Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı da Heydər Əliyev Sabir Rüstəmxanlıya rəsmi bir ziyafətdə çıxış etmək imkanı yaratdı. Sabir Rüstəmxanlı öz çıxışında ölkəmizin və xalqımızın tarixində böyük yeri və xidmətləri olan Heydər Əliyevi XII əsrdə güclü dövlət yaratmış və mədəniyyət sahəsini yüksək dərəcədə inkişaf etdirmiş Atabəylər ilə, Şəmsəddin Eldəniz Atabəylə müqayisə etdi...

Heydər Əliyevin müxalifətlə münasibətlərinin gərgin olduğu bir dövrdə, 1996-cı ilin may ayında Sabir Rüstəmxanlının Opera və Balet teatrında keçirilən 50 illik yubileyi mərasiminə gəlməsi və orada sona qədər iştirak etməsi ilk növbədə əvvəlcədən yaxşı tanıdığı Sabir Rüstəmxanlıya və onun yaradıcılığına hörmətin böyük ifadəsi idi. Bu hadisə həm də ümumiyyətlə Heydər Əliyevin istedadlı insanlara, yaradıcı şəxsiyyətlərə illərdən bəri bəslədiyi yüksək və qayğıkeş münasibətin yeni tarixi epoxadakı konkret əməli təzahürlərindən biri kimi böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda, dövlət başçısının bu addımı ölkədə gerçək demokratik proseslərin inkişaf etdirilməsi baxımından da mühüm hadisə idi. Mənim də əsas məruzəçi qismində iştirak etdiyim həmin geniş yubiley mərasimi Heydər Əliyevin Azərbaycan müxalifətinə, sənətə, sənətkara, yaradıcı şəxsiyyətlərə, ümummilli məsələlərə necə həssas münasibət bəslədiyini, hansı səviyyədə yanaşmağı öyrədən bir dərs oldu.

E.A. - Vilayət Quliyev də sizinlə birlikdə Heydər Əliyevin qəbulunda olmasından danışır.

İ.H. - Bəli, Heydər Əliyevin Vilayət Quliyevlə görüşünü də yada sala bilərəm. Türkiyənin Ərzurum Universitetində işləmək üçün Naxçıvandan keçib-getməli olan Vilayət Quliyevin Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevlə görüşməsi üçün əlaqə yaratdım. Bizi birlikdə qəbul etdi. Heydər Əliyev adını mətbuatdan tanıdığı Vilayət Quliyevlə onun elmi araşdırmaları ətrafında geniş söhbət etdi, haqqında monoqrafiya yazdığı Mirzə Kazımbəyin xidmətlərini yüksək qiymətləndirdi. Eyni zamanda, Heydər Əliyevin görkəmli şərqşünas Mirzə Kazımbəyin tərcümeyi-halının bəzi görünməyən tərəfləri, xüsusən də böyük alimin nəslinin davamçılarının fəaliyyətləri barəsində söylədikləri mənim üçün də, bu şəxsiyyətin tədqiqatçısı Vilayət Quliyev üçün də yeni idi. Bundan başqa, bu görüş zamanı Heydər Əliyev də o vaxta qədər mətbuatdakı yazılarından tanıdığı Vilayət Quliyev haqqında yaranan təəssüratlar aspirant dostumun sonrakı həyatında mühüm rol oynadı.

E.A. - Heydər Əliyevin gənclik illərindən tanıdığı insanlara münasibəti necə idi?

İ.H. - Heydər Əliyev Naxçıvanda yaşadığı dövrdə və Muxtar Respublikaya səfərləri zamanı keçmiş müəllimlərini və Naxçıvan Pedaqoji Texnikumundakı tələbə yoldaşlarını həmişə axtarmış, onlarla çox səmimi söhbətlər etmişdir. Naxçıvan Pedaqoji Texnikumunun müəllimi Lətif Hüseynzadə ilə görüşləri dövlət xadiminin öz müəlliminə ehtiram göstərməsinə nümunə sayıla bilər. Bu görüşlər dövlətin müəllimə, ziyalıya münasibətinə ciddi bir mesaj idi.

Naxçıvan Yazıçılar Birliyinin sədri Hüseyn İbrahimov da Heydər Əliyevin Naxçıvan Pedaqoji Texnikomundakı tələbə yoldaşlarından idi. Hüseyn İbrahimovla olan ayaqüstü qısa söhbətlərindən başa düşmüşdüm ki, Heydər Əliyev keçmiş tələbə yoldaşının əsərləri barədə məlumatlıdır. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin Sərəncamı ilə Hüseyn İbrahimova Xalq yazıçısı fəxri adının verilməsində də onun şəxsi qənaətləri mühüm rol oynamışdı.

Pedaqoji texnikumda eyni illərdə təhsil aldığı Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Səfəralı Babayevlə, gənclik illərindən tanıdığı dosent Yunis Qasımovla qırx-əlli ildən sonrakı Naxçıvan Dövlət Universitetində baş tutan görüşlər tarixə, tərcümeyi-hala, insani münasibətlərə ehtiramın, bütövlükdə əsl sədaqətinin nümunəsi idi. Bu görüşlər həm də Heydər Əliyevin qeyri-adi yaddaşını da diqqət mərkəzinə çəkirdi. Hər dəfə o, gənclik yoldaşlarına birgə münasibətlərinə dair yeni və ibrətamiz, təsirli hadisələri və faktları yada salırdı. Bunlar həm də Heydər Əliyevin sədaqət dərsləri idi.

E.A. - Azərbaycan alimlərindən kimləri daha çox xatırlayırdı?

İ.H. - Əsl elm xadimi kimi Yusif Məmmədəliyevə yüksək qiymət verirdi. O, çox vaxt Yusif Məmmədəliyevdən söz açır, onu alimlər üçün nümunə hesab edirdi.

Professor Abbas Zamanovun vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirdi. Abbas Zamanov da Yusif Seyidovla birlikdə Naxçıvana - Heydər Əliyevin görüşünə ilk gələnlərdən olmuşdu. Abbas Zamanov deyirdi ki, Heydər Əliyev heç zaman, heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir.

Akademik Məmməd Cəfər Cəfərovu nəcib şəxsiyyət və mütəfəkkir alim hesab edirdi Heydər Əliyevin elm adamlarında görmək istədiyi əsas keyfiyyətlər vətəndaşlıq mövqeyi və əsərlərindəki elmi dərinlik və azərbaycançılıq ideyası idi.

E.A. - Sizin Cəlil Məmmədquluzadənin nəvə-nəticələrini axtarıb tapmağınıza da Heydər Əliyev dəstək olub.

İ.H. - Doğrudur. Mən Cəlil Məmmədquluzadənin nəslinin davamçılarını axtarıb-tapmaq üçün illərlə çalışmışam. Bu məqsədlə "Vətən" cəmiyyətinin "Odlar yurdu" qəzetində və Tehranda doktor Cavad Heyətin çap etdirdiyi "Varlıq" jurnalında "Ənvəri kim tanıyır" adlı məqalə çap etdirib axtarış elan etmişdim... Nəhayət, uzun axtarışlardan sonra Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin övladlarının İranda - Tehranda yaşadıqlarını öyrənə bildim, ünvanlarını əldə etdim. Bu barədə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə məlumat verdim.

O zaman, İrana vizalı-vizasız gediş-gəliş yox idi. Nazirlər Kabinetinin birdəfəlik icazə vəsiqəsi ilə səfər etmək mümkün idi. Əvvəla, Heydər Əliyev Cəlil Məmmədquluzadənin nəvələrinin tapılması haqqındakı xəbəri çox böyük maraqla qarşıladı. Mütləq əlaqə yaratmaq haqqında tapşırıqlar verdi. Naxçıvan MR Ali Məclisinin sədrinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən mənə və Naxçıvan Dövlət Universitetinin müəllimi Miryaqub Seyidova İrana keçid üçün icazə vəsiqəsi verildi. Biz 25 yanvar 1992-ci ildə soyuq və qarlı bir qış günü Tehrana gedib çıxdıq. Ünvanı dəqiq bildiyimiz Mirzə Cəlilin qız nəvəsi İrena Cavanşirinin əri, "kürəkənimiz" Əmir Hüseyn Süleymani bizi qəbul etmək istəmədi. Ünvanı yanlış saldığımızı dedi. Tehrandakı "Dünya ədəbiyyatı" nəşriyyatının sahibi Böyük İrəvaninin apardığı həyəcanlı telefon danışıqlarından sonra Ənvər Məmmədquluzadənin oğlu Teymur Cavanşirinin telefon nömrəsini tapdıq və onunla görüşümüz baş tutdu. Hamımız göz yaşları içində qucaqlaşdıq. Bir axşam Teymur Cavanşirinin evində qonaq olduq. İrena Cavanşiri və əri Əmir Hüseyn Süleymani də, hətta Polşada yaşayan, İranda qonaq olan Midhət Cavanşiri də Teymurgilə gəldilər. Səhərə qədər məclis davam etdi. Çoxlu şəkil çəkdirdik. Naxçıvana qayıdıb bütün bunlar haqqında Heydər Əliyevə məruzə etdim. Dərhal Cəlil Məmmədquluzadənin nəvələrinin Naxçıvana dəvət edilməsi barədə tapşırıq verdi. Dəvət məktubları göndərildi. Təəssüf ki, Teymur Cavanşirinin qəfil vəfat etməsinə görə görüş baş tutmadı. Heydər Əliyevin tapşırığı və dəstəyi ilə Tehranda Teymur Cavanşirinin 40 məclisində iştirak etdik...

Beləliklə, Cəlil Məmmədquluzadənin nəvələrini axtarıb tapmağımda, böyük ədibin nəslinin davamçıları ilə münasibətlərimin möhkəmləndirilməsində Heydər Əliyevin böyük rolu olmuşdur.

E.A. - Heydər Əliyevin Azərbaycanın taleyində və sizin taleyinizdə rolu haqqında nə deyə bilərsiniz?

İ.H. - Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna dərəcədə böyük rol oynayıb. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisi, xilaskarı və baş memarıdır.

Ümumiyyətlə, mənim nəzərimdə Heydər Əliyevi xarakterizə edən ən mühüm cəhətlər siyasi iradənin möhkəmliyi, qətiyyət, uzaqgörənlik, müdriklik və Azərbaycana hədsiz sədaqətdən ibarətdir.

Xoşbəxtəm ki, ömrümün bir neçə ili bu böyük liderin yaxın əhatəsində keçmişdir. Bu dahi şəxsiyyətlə ünsiyyəti, onun bizə verdiyi əsl vətəndaşlıq, konkret mövqeyə malik olmaq, doğma torpağa sonsuz məhəbbət və dövlətçilik dərslərini taleyimin ən böyük hadisəsi hesab edirəm.

Heydər Əliyevin dövlətçilik dərsləri müstəqil Azərbaycanın taleyini həll etmişdir. Dövlət müstəqilliyimizin var olması, xilas edilməsi və yaşaması, uğurla davam etməsi üçün Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevə borclu və minnətdardır. Xalqımız haqlı olaraq öz lideri ilə fəxr edir.

Tarixin gedişatını dəyişməyi bacaran Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan, müstəqil dövlətçiliyimizi isə yox edilməkdən xilas edib, yeni inkişaf magistralına çıxarmış, qarşısında yaşıl işıq yandırmışdır...

Naxçıvan.

2007-ci il

“525-ci qəzet”

  • Paylaş: