Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2025 15:26
  • A-
  • A
  • A+

Polşada görkəmli azərbaycanlı şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi qeyd edilib

Polşada görkəmli azərbaycanlı şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi qeyd edilib

Sadıq bəy Ağabəyzadə! Tanınmış hərbi və siyasi xadim, Rusiya İmperiyası və Azərbaycan Cümhuriyyəti  ordularının generalı, Cümhuriyyət hökumətində Daxili İşlər naziri müavini və naziri, Azərbaycanda polis sisteminin qurucusu, görkəmli şərqşünas alim, Polşada tanınmış elm adamı, Lvov Universitetinin professoru...

Tale elə gətirib ki, 1920-ci ilin aprelində, Cümhuriyyətin işğalından az əvvəl səhhəti ilə bağlı müalicə üçün İstanbula,  əmisi oğlu, tanınmış mütəfəkkir alim, publisist, jurnalist, şair, həkim, rəssam Əli bəy Hüseynzadənin yanına gedən Sadıq bəy Ağabəyzadə məlum səbəblərdən daha Azərbaycana qayıda bilməmiş, bir  müddət İstanbulda, daha sonra Fransanın Paris və Nitsa şəhərlərində yaşamış, 1927-ci ilin əvvəllərində o zaman Polşanın ərazisi sayılan Yan Kazimir adına Lvov universiteti tərəfindən şərqşünas alim kimi bu təhsil ocağına dəvət edilmişdir. 1927-1944-cü ilə qədər bu universitetdə türk, ərəb və fars dilləri üzrə mütəxəssis kimi çalışan, professor elmi adı alan və  Lvov şərqşünaslıq məktəbinin üç qurucusundan biri sayılan Sadıq bəy Ağabəyzadənin arxivi II dünya müharibəsi illərində Sovet qoşunları tərəfindən işğal olunan Lvovdan tələbələri tərəfindən gizli yolla çıxarılaraq Krakova gətirilmiş və Polşanın arxivlərində yerləşdirilmişdir.

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi 1 il əvvəl Varşavada elmi ezamiyyətdə olarkən Sadıq bəyə məxsus zəngin arxiv sənədlərinin surətlərinin Azərbaycana gətirilməsi məsələsi gündəmə gəlmiş, S.Ağabəyzadənin AR Dövlət Arxivi Cümhuriyyət fondunda saxlanılan sənədlərinin surətləri sonrakı səfəri zamanı prof. S.Rüstəmova-Tohidi tərəfindən “Xoş Niyyət” aktı olaraq Polşa arxivinə təqdim edilmiş və Polşa  arxivinin də sənədlərinin Azərbaycan tərəfinə verilməsi barədə razılıq əldə edilmişdir. Keçən müddət ərzində S.Ağabəyzadənin Polşa və Azərbaycan arxivlərində saxlanılan sənədlərinin surətlərinin mübadiləsi sahəsində bir sıra əməli işlər görülmüşdür. Sadıq bəyin Azərbaycan arxivlərində saxlanılan sənədlərinin bir mərkəzdə toplanması və Polşadan gələcək sənədlərin də məhz bu mərkəzdə toplanması məqsədəuyğun sayılmış və AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyevanın səyləri ilə sözügedən şöbədə Sadıq bəy Ağabəyzadənin ayrıca fondu yaradılmışdır. 

Polşa tərəfi ilə əldə edilən razılığa əsasən Sadıq bəyin 2025-ci ildə 160 illik yubileyi münasibətilə Polşada, daha sonra isə Azərbaycanda elmi konfrans və sənədlərdən ibarət sərgilər təşkil etmək qərarı bu günlərdə reallaşmışdır. 

27-29 may tarixlərində Polşanın Krakov şəhərində Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “İki xalqın xidmətində” mövzusunda beynəlxalq elmi seminar və sərgi keçirilmişdir. Tədbirinin təşkilatçıları qismində Polşa Elmlər Akademiyasının Elmi Arxivi, Krakovun Yagillon Universiteti Şərqşünaslıq İnstitutu Türkologiya Departamenti, Polşa Elmlər Akademiyası Krakov bölməsi, Varşava Universiteti Şərqşünaslıq fakültəsi və Azərbaycan Araşdırmaları Mərkəzi çıxış edirdilər. Xüsusi qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində Sadıq bəy Ağabəyzadənin bir türkoloq kimi tədqiqatçısı, onun Polşa dövrü bioqrafiyası və elmi irsinin bilicisi, Krakovun Yagillon Universitetinin Şərqşünaslıq İnstitutu Türkologiya departamentinin rəhbəri, prof. Yeva Siemieniesc-Golas Sadıq bəyin Polşa arxivlərində saxlanılan mühüm sənədləri və bütün foto-şəkilləri əsasında bir kataloq hazırlamış və Polşa Elmlər Akademiyasının məhz bu məqsədlə ayırdığı vəsait hesabına kataloq nəfis şəkildə nəşr olunmuşdu. Polşa Elmlər Akademiyası Elmi arxivi isə həmin sənədlərdən ibarət gözəl bir sərgi hazırlamışdır və onun sentyabr ayına kimi davam edəcəyi elan edilmişdir.

Bu beynəlxalq tədbirdə Azərbaycanı AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva və Sadıq bəy Ağabəyzadənin tədqiqatçısı, Mingəçevir Universitetinin müəllimi Namaz Manafov təmsil etmişlər. Prof. Solmaz Rüstəmova-Tohidinin elmi seminarda “Sadıq bəy Ağabəyzadə. Ömür səhifələri məktublarda. Sadıq bəyin Əli bəy Hüseynzadəyə məktubları əsasında” mövzusunda etdiyi məruzə böyük maraqla qarşılanmış və bir sıra suallar doğurmuşdur. Belə ki, öz əmisi oğluna yazdığı 32 məktubda (əldə olan) Sadıq bəyin bioqrafiyası ilə bağlı indiyədək naməlum qalan, yaxud istər Azərbaycan, istər Polşa tarixşünaslığında yol verilmiş bir sıra təhriflərə aydınlıq gətirilmişdir. Bu barədə gedən müzakirələrin sonunda Sadıq bəyin Azərbaycan və Polşa arxivlərində saxlanılan məktublarının külliyatını nəşr etmək qərara alınmışdır.

Tədbirdə, həmçinin Zemfira Hacıyeva rəhbərlik etdiyi şöbədə yaradılmış “Sadıq bəy Ağabəyzadə fondu haqqında ətraflı məlumat vermişdir.

Sonda Polşa Elmlər Akademiyası Arxivinin müdiri Adam Korczynski və AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri Zemfira Hacıyeva arasında Sadıq bəy Ağabəyzadənin sənədlərinin mübadiləsinə dair əməkdaşlıq haqda müqavilə imzalanmış, Adam Korczynski Polşa arxivlərindəki sənədlərin böyük bir qisminin surətləri toplanmış diski Zemfira Hacıyevaya təqdim etmişdir.  

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova elmi seminarın və sərginin işində iştirak edərək öz çıxışında iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət edən bu tədbirin əhəmiyyətini vurğulamışdır.

Tədbirə qatılan Türk Akademiyasının prezidenti akademik Şahin Mutafayev isə Sadıq bəy Ağazadənin türkmən dilinə aid yazdığı və 1904-cü ildə Aşqabadda nəşr etdirdiyi dərsliyi 121 ildən sonra yenidən nəşr edərək kitabın bir neçə nüsxəsini Polşalı həmkarlara təqdim etmişdir.

Qeyd olunmalıdır ki, bu il oktyabrın sonlarında AMEA Şərqşünaslıq İnstitutu tərəfindən Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi münasibəti beynəlxalq konfrans keçiriləcək. AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi isə Azərbaycan və Polşa arxivlərində Sadıq bəy Ağabəyzadəyə aid sənədlərdən ibarət sərgi təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: