Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2025 14:58
  • A-
  • A
  • A+

Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsində Azərbaycan ədəbi dilinin böyük söz bazasının yaradılması sahəsində işlər uğurla davam etdirilir. Bu günlərdə şöbədə daha bir uğura imza atılmışdır. Görkəmli Azərbaycan şairi, nasir, publisist, ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyinin konkordansı hazırlanmış və korpus.azerbaycandili.az saytında yerləşdirilmişdir.

Konkordansın tərtibçiləri filologiya elmləri doktoru, professor Məsud Mahmudov və  filologiya elmləri doktoru, professor İlham Tahirovdur. İşin proqram təminatını fizika-riyaziyyat elmləri namizədi Səxavət Talıbov və Vasif Həşimov icra etmişlər.

Konkordans latıncada concordare “razılığa gəlmək”, “razılaşdırmaq”, ingiliscədə concordance “razılıq”, “uyğunluq” mənalarında işlənir. Dilçilikdə konkordans “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, “mənbəyə istinad verilməklə mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Konkordanslar hər hansı sözün məna və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Nəticə etibarilə konkordanslar milli dil korpusunun tərkib hissəsi kimi çıxış edir.

Konkordans materialının təhlili nəticəsində Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyində ümumən 1 777 566 sözün (söz-formanın) işləndiyi (I cild – 34583, II cild – 36647, III cild – 37136, IV cild – 61005, V cild – 137369, VI cild – 140240, VII cild – 161690, VIII cild – 160443, IX cild – 149281, X cild – 157171, XI cild – 174290, XII cild – 142615, XIII – 154080, XIV – 149840, XV – 71176) müəyyən edilmişdir.

Xalq şairinin əsərlərinin 15 cildliyində qeydə alınmış çoxişlənən sözlərə aşağıdakıları nümunə  göstərmək olar: Azərbaycan – 6091, türk – 5213, qan – 3754, kənd – 2600, ana – 2570, millət- 2525, dövlət – 2422, ruh – 2395, vətən – 2280, milli – 1894, ölkə – 1670, sevgi – 1554, dərd – 1458, yurd – 1412, torpaq – 1145, mədəniyyət – 1054, düşüncə – 916, müstəqil – 812, nəğmə – 734, vətəndaş – 712, ömür – 654, ziyalı – 632, təbiət – 585, respublika – 575, azadlıq – 561, törə – 451, yaddaş – 403, birlik – 353, gözəllik – 305, vətəndaşlıq – 252, saz – 242, müstəqillik – 219, turan – 146 və s.

Konkordansda sözlər tərkibində işləndiyi cümlələrlə birlikdə siyahı şəklində, qeydə alındığı cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunur və görkəmli söz ustasının dilinin zənginliyini əyani nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, indiyə qədər Süni intellekt və kompüter dilçiliyi şöbəsində repressiya qurbanları olmuş görkəmli Azərbaycan şairləri Hüseyn Cavid və Mikayıl Müşfiqin əsərlərinin, Azərbaycan xalqının əbədiyaşar abidəsi “Kitabi-Dədə Qorqud”un mükəmməl konkordansları hazırlanmış və saytda yerləşdirilmişdir.

Azərbaycan dilçiliyində  konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında işlərin davam etdirilməsi, Azərbaycan dilinin, ümumtürk yazılı abidələrinin dilini, Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin əsərlərini əhatə edən yeni konkordansların hazırlanması nəzərdə tutulur. AMEA  Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin axtarışları nəticəsində 86 ildən sonra tapılmış, tərtibçisi olduğu, giriş və şərhlər yazaraq nəfis şəkildə nəşr etdiyi ümumtürk yazılı abidəsi, Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərinin özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən ərəb dilindən (orijinaldan) Azərbaycan dilinə tərcüməsinin konkordansının hazırlanması yaxın gələcək üçün planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: