Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli arxeoloq Vəli Baxşəliyevin 70 yaşı tamam olur
05.06.2025 09:40
  • A-
  • A
  • A+

Görkəmli arxeoloq Vəli Baxşəliyevin 70 yaşı tamam olur

“Keçmişdə vaqe olan hər bir iş gələcək üçün düstur əməldir və elmə əsaslanan bir əmək möhkəm və payidar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu çölə yönəlmək deməkdir”, - Abbasqulu ağa Bakıxanova aid bu sözlər sanki Vəli Baxşəliyevin seçdiyi həyat yolunu əks etdirir. Tarixin sonu görünməyən ənginliklərində keçmişin izlərini axtarmaq kimi çətin bir işi öhdəsinə götürən Vəli Baxşəliyev fəaliyyətini əsl vətənpərvər alim kimi davam etdirir...

İyunun 5-də AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Vəli Baxşəli oğlu Baxşəliyevin 70 yaşı tamam olur. O, 1955-ci ildə Babək (indiki Kəngərli) rayonunun Böyükdüz  kəndində anadan olub. 1977-ci ildə isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib.

Tanınmış arxeoloq alim Vəli Baxşəliyev 22 yaşından etibarən müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında müdir vəzifəsinə təyin olunmuşdur, 1986-cı ildə Naxçıvan Regional Elmi Mərkəzində kiçik elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifəsinə təyin edilmişdir.

Arxeologiya elmini yeni faktlarla zənginləşdirən Vəli Baxşəliyev çoxsaylı tədqiqat əsərlərinin müəllifidir. Bu tədqiqat əsərləri sadəcə Naxçıvanın tarixini əhatə etmir. Cənubi Qafqaz, Yaxın Şərq və ümumən Azərbaycan tarixinin sirlərini aşkara çıxarır və işıqlandırır.

Vəli Baxşəliyev Azərbaycan elminin beynəlxalq səviyyəli təmsilçisidir. O, Almaniya, Fransa, Rusiya, İran, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda davamlı şəkildə iştirak edir.

Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Ordubad, Babək, Sədərək rayonlarında, xüsusilə, I Kültəpə, II Kültəpə, Oğlanqala, Ovçular təpəsi, Çalxanqala, Qazançıqala, Naxçıvantəpə, Bülövqaya, Uçan Ağıl və digər arxeoloji abidələrinin tədqiqatını apararaq arxeoloji mədəniyyətlərin etnik mənsubiyyəti aşkar etmişdir.

Arxeologiya elminin vurğunu olan Vəli Baxşəliyev Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyalarına Azərbaycan üzrə rəhbərlik etdiyi kimi,  Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən aparılan arxeoloji tədqiqatlara da rəhbərlik etmişdir. Hərtərəfli aparılan tədqiqatların nəticəsində bu gün Vəli müəllimin imzası beynəlxalq nüfuz qazanmışdır.

Onu da qeyd edək ki,görkəmli arxeoloq hazırda 35 kitabın, 350 elmi məqalənin, 40-dan artıq publisistik məqalənin və bir çox monoqrafiyaların müəllifidir.

Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə professor 2014-cü ildə “Tərəqqi”, 2019-cu ildə isə  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, o cümlədən AMEA Rəyasət Heyətinin və AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanlarına layiq görülüb.

Vəli Baxşəliyevin yorulmaq bilmədən, inamla bu yolda addımlaması Azərbaycana olan sevgisini sübut edir. Elə sevgi ki, sonu görünməyən yollarda addımlamağa cəsarətləndirir. Elə sevgi ki, özünü unudub, Vətən söylədir.

Bu şərəfli və məsuliyyətli missiyanı layiqincə yerinə yetirən, tarixin qaranlıq qatlarındakı keçmişimizi işıqlandıran Vəli Baxşəliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: