Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tibb elminin və səhiyyəmizin görkəmli nümayəndəsi
17.11.2022 09:32
  • A-
  • A
  • A+

Tibb elminin və səhiyyəmizin görkəmli nümayəndəsi

Azərbaycanda təbabət elminin çoxəsrlik tarixi, böyük ənənələri və parlaq simaları olmuşdur. Bununla belə, tibb istiqaməti sistemli və müstəqil elm sahəsi kimi XX əsrdə formalaşmışdır. Son yüzillik ərzində ölkəmizdə tibb elmi üzrə adlı-sanlı elm xadimləri meydana çıxmış, böyük elmi məktəb yaranmışdır. Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Əməkdar elm xadimi Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri, bacarıqlı elm, ali təhsil, səhiyyə təşkilatçısıdır.

Məlum olduğu kimi, dünyada, o cümlədən Azərbaycanda tibb elminin çox mühüm istiqamətlərindən biri olan onkologiya elminin müstəqil elm sahəsi kimi inkişafı əsasən XX əsrlə əlaqədardır. Azərbaycan tibb elmində onkologiya sahəsinin ən görkəmli nümayəndələrindən biri akademik Əhliman Əmiraslanovdur. Akademik Əhliman Əmiraslanov ölkəmizdə onkologiya elminin formalaşması və inkişafında müstəsna xidmətləri olan qəbul edilmiş görkəmli elm xadimidir. O, vaxtilə onkologiya üzrə beynəlxalq miqyasda özünəməxsus nüfuz qazanmış Rusiya Onkoloji elmi məktəbinin çətin və məsuliyyətli dərslərini keçmiş, nəzəri və təcrübi cəhətdən bacarıqlı həkim və yüksəkixtisaslı elm xadimi olaraq tanınmışdır. Dünyaşöhrətli onkoloq alim olan akademik Nikolay Trapeznikovun elmi məktəbinin ən istedadlı yetirməsi və davamçılarından biri olan Əhliman Əmiraslanov onkologiya elminə öz imzasını vurmuş nüfuzlu elm xadimidir. Onkologiyanın terapiyasında xüsusi əhəmiyyətə malik olan insan bədənində oynaq-dayaq aparatının diaqnostikası, tədqiqi, müalicəsi və bərpa edilməsi məsələləri akademik Əhliman Əmiraslanovun onkologiya sahəsindəki mühüm xidmətlərindəndir. O, ilk növbədə akademik Nikolay Trapeznikovun elmi rəhbərliyi ilə onkologiyanın xüsusi tədqiqata ehtiyacı olan bu istiqamətində ciddi elmi araşdırmalar aparmış, mühüm nəticələrə gəlmişdir. Əhliman Əmiraslanov əldə etdiyi mühüm elmi nəticələri, irəli sürdüyü nəzəri müddəaları gənc və yenilikçi alim-həkim kimi müalicə proseslərində uğurla sınaqdan çıxararaq və bir daha təsdiq edərək möhkəmləndirmişdir. Buna görədir ki, Əhliman Əmiraslanovun tədqiqatları təcrübədə sınaqdan çıxmış və təbabətdə təsdiq olunmuş elmi müddəalar kimi onkologiya elminin mühüm nailiyyətləri sırasına daxil olmuşdur. Buna görədir ki, görkəmli elm xadiminin onkologiya sahəsindəki elmi təklifləri XX əsrin səksəninci illərindən etibarən Azərbaycanda və Rusiyada böyük uğurla tətbiq edilərək dəfələrlə sınaqdan çıxarılmışdır. Onun namizədlik və doktorluq dissertasiyaları onkologiyanın ən müasir və aktual məsələlərinə həsr edildiyi üçün ölkəmizdə və xaricdə böyük maraqla qarşılanmışdır. Beləliklə, hələ cavanlıq yaşlarında ikən Əhliman Əmiraslanov həm Azərbaycanda və Rusiyada, hətta vətənimizin sərhədlərindən kənarlarda da görkəmli onkoloq alim və yüksəkixtisaslı həkim kimi qəbul edilmiş, tanınıb şöhrət qazanmışdır. Onkologiya elmi sahəsindəki xidmətlərinə görə SSRİ  Dövlət mükafatına layiq görülməsi bunun isbatıdır.

Dəfələrlə Avropa ölkələrində elmi ezamiyyətlərdə olmuş Əhliman Əmiraslanov bir çox Qərb ölkələrində keçirilmiş nüfuzlu beynəlxalq elmi konfranslarda onkologiyanın ən aktual məsələlərinə həsr olunmuş elmi məruzələrlə çıxış etmiş və Azərbaycan elminə başucalığı gətirmişdir. O, həmçinin xüsusi qabiliyyətlərə malik həkim-cərrah kimi xarici ölkələrin tanınmış klinikalarında cərrahiyyə əməliyyatları aparmağa da nail olmuşdur. Amerika Birləşmiş Ştatlarına dəvət olunaraq, buradakı universitetlərdə onkologiyanın aktual problemlərinə həsr edilmiş mühazirələr oxuması və həmin ali məktəblərin klinikalarında çətin cərrahiyyə əməliyyatlarında iştirakı onun həkim kimi həm təcrübəsinin, həm də şöhrətinin artmasına xidmət etmişdir. Beləliklə, Əhliman Əmiraslanov beynəlxalq aləmdə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən görkəmli elm xadim kimi qəbul olunur. Sonrakı illərdə və indi də Əhliman Əmiraslanov çoxcəhətli rəsmi və ictimai vəzifələri yerinə yetirməsinə baxmayaraq, həmişə intensiv şəkildə elmi fəaliyyətlə məşğul olmaqda, tibb elminə mühüm elmi töhfələr verməkdə davam etməkdədir. Əhliman Əmiraslanovun monoqrafik tədqiqatları və elmi məqalələri onkologiya sahəsində mühüm elmi mənbə kimi qəbul edilməklə bərabər, həm də praktik həkimlər üçün bələdçi funksiyasını da yerinə yetirir.

Çoxcəhətli fəaliyyətə malik olan Əhliman Əmiraslanovun həyatında Azərbaycan Tibb Universiteti ilə əlaqədar mərhələ mühüm əhəmiyyətə malikdir. Akademik Əhliman Əmiraslanov vaxtilə tələbəsi olduğu, fərqlənmə diplomu ilə bitirdiyi bu ali təhsil ocağında 20 ilə yaxın rektor kimi böyük uğurla fəaliyyət göstərmişdir. Rektorluğu dövründə o, Azərbaycan dövlətinin dəstəyi ilə tibb universitetinin maddi-texniki bazasını əsaslı şəkildə yeniləşdirməyi bacarmışdır. Xüsusən, məhz yaxından iştirakı ilə Tibb Universitetinin Cərrahiyyə və Müalicə üzrə iki ayrı-ayrı çoxmərtəbəli xəstəxana korpusunun tikilib istifadəyə verilməsi Əhliman Əmiraslanovun rektorluğu dövrünün mühüm nailiyyətlərindəndir. Ən müasir tibb avadanlıqları, müalicə-diaqnostika texnologiyaları və yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmuş Tibb Universitetinin çoxmərtəbəli Müalicə və Cərrahiyyə xəstəxanaları hazırda da respublikamızda ən mötəbər müalicə ocaqları və elmi mərkəzlər kimi tanınırlar.

Tibb Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsində də Əhliman Əmiraslanovun özünəməxsus mühüm xidmətləri olmuşdur. Məhz onun məqsədyönlü fəaliyyəti və hətta bir çox hallarda şəxsi əlaqələri vasitəsilə Tibb Universitetinin xarici əlaqələri böyük miqyasda genişləndirilmişdir. Bir tərəfdən Tibb Universitetində xaricdən dəvət olunmuş alimlərin elmi mühazirələri dinlənilmiş, digər tərəfdən isə Azərbaycan tibb alimləri tərəfdaş universitetlər vasitəsilə dünyaya tanıdılmışdır.  Hazırda dünyanın bir çox xarici ölkələrinin mötəbər klinikalarında və elmi mərkəzlərində çalışan azərbaycanlı mütəxəssislər Tibb Universitetinin Əhliman Əmiraslanov dövrünün yetirmələridirlər.

Azərbaycan Milli Elmlər Akademiyası sistemində də akademik Əhliman Əmiraslanov səmərəli fəaliyyət göstərmişdir. O, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə rəhbərlik etdiyi 15 ilə yaxın bir dövr ərzində bu mühüm elmi istiqamət üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyətini bacarıqla əlaqələndirmiş, elmin bu sahəsində qabaqcıl elmi ideyaları dəstəkləmiş, Azərbaycan biologiya və tibb elminin dünya elminə inteqrasiya etməsi üçün səmərəli yollar axtarıb tapmış və tətbiq etmişdir. Əhliman Əmiraslanovun təşəbbüsləri nəticəsində akademiyanın Biologiya və Tibb Elmləri Bölməsində gen mühəndisliyi və dərman bitkiləri üzrə xüsusi proqramlar işlənib-hazırlanıb həyata keçirilmiş və müsbət nəticələr əldə olunmuşdur. Akademiya alimlərinin ölkəmizin bir çox bitki və meyvələrinin süni genomlaşmadan mühafizə edilməsi, bazara daxil olan məhsullarda süni gen dəyişmələrinə dair müəyyən məhdudiyyətlərin tətbiq edilməsi kimi məsələlər akademik Əhliman Əmiraslanovun səyləri ilə həyata keçirilmiş elmi-əməli tədbirlərdir. Eyni zamanda Əhliman Əmiraslanovun  bölmə rəhbərliyi dövründə Azərbaycanın regionlarında zəngin təbii ehtiyatlara malik olan dərman bitkiləri əsasında yerli dərmanların hazırlanması metodikasının işlənilməsinə də diqqət artırılmışdır. Nəhayət, 2019-cu ildə Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan narının gen tərkibinin müəyyənləşdirilməsi Biologiya və Tibb Elmləri bölməsinin mühüm elmi nəticəsi kimi meydana çıxmışdır. Bundan başqa, Biologiya və Tibb Elmləri Bölməsinin xətti ilə gənc elmlər doktorları və fəlsəfə doktorlarının hazırlanmasına göstərilən diqqət və qayğı da öz müsbət nəticəsini vermişdir. Bütün bunların hamısı akademik Əhliman Əmiraslanovun həm də bacarıqlı elm təşkilatçısı olduğunu nümayiş etdirir. Eyni zamanda uzun illər ali təhsil sahəsində fəaliyyət göstərmiş akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsində çalışarkən elmlə təhsilin inteqrasiyası sahəsində də əhəmiyyətli addımlar atılmışdır.

Akademik  Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Milli Məclisindəki səmərəli fəaliyyəti ilə yaxşı tanınır. Bir neçə dəfə Milli Məclisə deputat seçilmiş Əhliman Əmiraslanov hazırda ali qanunvericilik orqanının Səhiyyə komitəsinin sədri kimi fəaliyyətini böyük uğurla davam etdirməkdədir. Əhliman Əmiraslanovun komitə sədri kimi təşəbbüsü ilə pandemiya dövründə bu bəşəri bəladan respublikamızın əhalisinin az risklərlə yaxa qurtara bilməsi üçün geniş maarifləndirici tədbirlər həyata keçirilmişdir. Bundan başqa, pandemiya dövrünün əsas icraedici tibb müəssisəsi kimi fəaliyyət göstərmiş TƏBİB-in rəhbərliyi ilə Milli Məclisin Səhiyyə komitəsində keçirilmiş görüşlər, aparılmış dinləmələr və müzakirələr, əldə olunmuş razılaşdırmalar cəmiyyətdə koronavirusun doğurduğu çaşqınlığın aradan qaldırılmasında və insanların pandemiya bəlasından xilas edilməsinin daha səmərəli yollarının müəyyən olunmasında mühüm rol oynamışdır. Millət vəkili Əhliman Əmiraslanovun Səhiyyə komitəsinin sədri olaraq ardıcıl surətdə respublikasıza gətirilən dərmanların və tibb avadanlıqlarının qiymətlərinin azaldılması, zəruri hallarda vergi güzəştlərinin edilməsi, rüsum dərəcələrinin aşağı salınması üzrə apardığı iş də müsbət nəticələrini vermişdir. Təbabət sahəsinə əməli kömək göstərməklə bərabər, Əhliman Əmiraslanov ölkəmizdə səhiyyə sahəsində zəruri qanunvericilik bazasının yaradılması, mövcud qanunların daha da təkmilləşdirilməsi, icra baxımından daha münasib işlək mexanizmlərinin hazırlanması işinə də böyük zəhmət sərf edir. Beləliklə, Milli Məclisin Səhiyyə komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səhiyyə və tibb elmi istiqamətlərində qarşıya qoyduğu vəzifələrin həllinə cavabdeh olan qurumlardan biri kimi əhatə etdiyi bütün əsas sahələr üzrə üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirməyə müvəffəq olur.

Akademik Əhliman Əmiraslanovun Türk Dövlətləri Parlament Assambleyasındakı çoxillik xidmətləri də qardaş ölkələrin parlamentləri və deputatları arasında səmərəli dostluq və əməkdaşlıq körpülərinin qurulması ilə nəticələnmişdir. Əhliman Əmiraslanovun Azərbaycan-Türkiyə Parlamentlərarası  əlaqələr qrupunun rəhbəri olaraq da “Bir millət-iki dövlət” olan qardaş ölkələrimizin bütün sahələrdə, o cümlədən qanunvericilik sahəsində də vahid platformadan çıxış etməsinə öz töhfəsini verir. Milli Məclisin Səhiyyə komitəsinin sədri kimi Əhliman Əmiraslanov digər Türk dövlətlərinin və xüsusən Türkiyə parlamentinin deputatları, ictimai xadimləri və alimləri ilə səmimi və etibarlı dostluq münasibətləri yaratmağın da mükəmməl nümunəsini göstərir.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında da akademik Əhliman Əmiraslanov geniş iş aparır. Onun Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini kimi cəmiyyətin müxtəlif sferalarında, xüsusən, elm və təhsil işçiləri və gənclər arasındakı sözü ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına və daha da möhkəmləndirilməsinə, cəmiyyətimizin bütün sahələrində inkişafa və tərəqqiyə uğurla xidmət edir.

Əməkdar elm xadimi, akademik Əhliman Əmiraslanovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının yüksək ordenləri ilə təltif olunmuş Əhliman Əmiraslanov eyni zamanda bir sıra beynəlxalq elmi təşkilatların və cəmiyyətlərin də medallarını, fəxri diplomlarını almışdır. Fikrimizcə, görkəmli alim və tanınmış ictimai xadim Əhliman Əmiraslanov üçün ən böyük mükafat isə böyük şərəflə və məsuliyyətlə müstəqil Azərbaycan dövlətinə və xalqımıza alnıaçıq şəkildə xidmət etməsindən ibarətdir.

Elm və təhsil yollarında, ictimai-siyasi həyatda mənalı və şərəfli yol keçmiş akademik Əhliman Əmiraslanova, tibb elminin və səhiyyə işinin görkəmli nümayəndəsinə bundan sonra da daha böyük əzmlə çalışmağı və möhkəm cansağlığı arzulayıram.

İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: