Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Hərtərəfli yeniləşmənin önündə gedən partiya
18.11.2022 09:24
  • A-
  • A
  • A+

Hərtərəfli yeniləşmənin önündə gedən partiya

Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ümumxalq partiyasına çevrilən, ölkəmizin əsas siyasi partiyası kimi çox böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Ötən 30 il ərzində Yeni Azərbaycan Partiyası çox önəmli və şərəfli yol keçmişdir.

Bu tarix 770 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan, indiki iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, ölkənin düşdüyü xaos və anarxiyadan, siyasi, sosial-iqtisadi və hərbi böhrandan çıxarılması, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş və çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf, ərazi bütövlüyümüzün bərpası, işğal olunmuş torpaqlarımızın azad edilməsi məhz Yeni Azərbaycan Partiyasının lideri, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası və siyasi xətti ilə bağlıdır.

Yeni Azərbaycan Partiyasının yarandığı 90-cı illərin əvvəli ölkəmiz üçün fəlakətli illər idi. Respublikamız “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. Həmin illərdə Naxçıvanda baş verən tarixi hadisələr və bu hadisələrin önündə dayanan müdrik şəxsiyyət Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının öz müqəddəratını həll etməsində mühüm rol oynamışdır. Heydər Əliyev 1990-cı il iyul ayının 22-dən artıq Naxçıvanda idi. 1991-ci il sentyabrın 3-də isə əhalinin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi.

O zaman respublikanın taleyüklü məsələləri Naxçıvanda həll edilirdi. Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişidirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət Hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Həyat göstərdi ki, Heydər Əliyevin Naxçıvandan başladığı tamamilə yeni kurs, yeni yanaşma tərzi və demokratik dəyişikliklər müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələrin ana xəttidir. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti də bununla bağlı idi. Bunun ikinci səbəbi isə Xalq Cəbhəsi iqtidarının yeritdiyi siyasətlə xalqın barışmaması idi.

Bu siyasət ölkənin siyasi varlığını təhlükə qarşısında qoymuşdu. Xalqın ümumi narazılığı getdikcə daha çox vahid siyasi axarda birləşir, siyasi hərəkata çevrilirdi. Xalqın içindən, onun qəlbindən gələn bu güclü axını duyan Azərbaycanın mütərəqqi ziyalıları 1992-ci il oktyabrın 16-da Naxçıvana, Heydər Əliyevə müraciət edərək ona yeni yaranmaqda olan siyasi hərəkata rəhbərliyi öz üzərinə götürməyi xahiş etdilər. Bu müraciəti 91 nəfər ziyalı imzalamışdı. Əslində isə, bu, bütün xalqın ürəyinin səsi və arzusu idi.

Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirməyə imkan vermədilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda C.Məmmədquluzadə adına Dövlət Dram Teatrının binasında (indiki Milli Dövlət Dram Teatrının binası) Yeni Azərbaycan Partiyasının birinci Ümumrespublika təsis konfransı keçirildi. Konfransda Azərbaycanın 40 bölgəsindən, rayon və şəhərindən 550-dən çox nümayəndə iştirak edirdi. Ümummilli lider Heydər Əliyev konfransda Yeni Azərbaycan Partiyasının sədri seçildi. Heydər Əliyev konfransda böyük tarixi nitq söylədi.

YAP-ın yaranması Azərbaycan xalqının tarixində çox əlamətdar hadisə idi. Respublika əhalisi - sadə əmək adamları, ziyalılar, bütün təbəqələrdən olan insanlar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını ruh yüksəkliyi ilə qarşıladılar. Naxçıvanda əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının elə Naxçıvanda da ilk təşkilatları yaranmağa başladı. Bir-birinin ardınca Şərur, Babək, Culfa, Şahbuz və b. rayonlarda təsis konfransları keçirilərək YAP-ın rayon təşkilatları yaradıldı. Nəticədə YAP-ın ən mütəşəkkil və fəal dəstəsi Naxçıvan Muxtar Respublikasında formalaşdı.

Yeni Azərbaycan Partiyası 1993-cü ilin iyununda iqtidar partiyasına çevrildi. 1993-cü il iyinun 15-də Azərbycan respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız YAP-ın sədri, ölkə ­Prezidenti Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil oldu. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı.

Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiya 30 illik fəaliyyəti dövründə ölkəmizin qarşısında duran mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün əzmlə çalışmış, qarşıya çıxan problemləri həll etmiş, dünyanın lider dövlətinə çevrilmişdir.

2001-ci ildə YAP sədrinin birinci müavini seçilən İlham Əliyev indi ümummilli və ümumxalq xarakteri daşıyan partiyaya uğurla rəhbərlik edir. Ölkə Prezidenti kimi İlham Əliyev hazırda dünyada ən nüfuzlu dövlət rəhbəri kimi tanınır. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev özünün siyasi, iqtisadi, diplomatik, ictimai fəaliyyəti ilə nümayiş etdirdi ki, bu yolu davam etdirmək üçün ən layiqli şəxsdir.

Ölkə daxilində həyata keçirilən mütərəqqi sosial-iqtisadi islahatlar Azərbaycanda sürətli inkişafa real zəmin yaratdı. İqtisadi güc artdıqca, dövlət ordu quruculuğu, silahlı qüvvələrin arsenalının gücləndirilməsi prosesini də müasirləşdirdi və artırdı. Azərbaycanın ən ağrılı dərdi olan Qarabağ problemi 2 il əvvəl ­Prezident İlham Əliyevin gerçəkləşdirdiyi iqtisadi, siyasi, hərbi və diplomatik islahat və layihələrlə uğurlu həllini tapdı. Azərbaycan Silahlı Qüvvələri XXI əsr müharibəsi ilə düşməni torpaqlarımızdan qovdu.

Son illərdə Naxçıvan Muxtar Respublikasında aparılan böyük quruculuq işləri və bu quruculuq işlərinin həyata keçirilməsində fəal çalışan YAP üzvlərinin uğurları ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatının sədri, Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın həyatının bütün sahələrinin inkişafı, tərəqqisi üçün apardığı işlər, qazanılan uğurlar eyni zamanda, YAP muxtar respublika təşkilatının uğurlarıdır. Yarandığı ilk dövrdə YAP muxtar respublika təşkilatında 1118 nəfər üzv olmuşdusa, hazırda partiya üzvlərinin sayı 58 min nəfəri keçmişdir. Bunlar 506 ərazi ilk partiya təşkilatlarında birləşmişlər.

Yeni Azərbaycan Partiyası çoxpartiyalı sistemdə öz layiqli yerini tutmuş, cəmiyyətin əsas aparıcı siyasi partiyasına – ümumxalq, ümummilli partiyaya çevrilmişdir. Yeni Azərbaycan Partiyasının ötən il keçirilmiş VII Qurultayında qeyd olunduğu kimi, bu siyasi qurum nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır.

Bu günlərdə 30 illik yubileyini təntənə ilə qeyd edən YAP ölkə qarşısında duran möhtəşəm vəzifələri yeniləşmiş formatda daha fəal icra etməkdədir. Azərbaycanın hərtərəfli yeniləşməsinin önündə gedən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq rol, mövqe və nüfuzunu qoruyub saxlayacaqdır.

İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan Bölməsinin sədri, YAP Naxçıvan MR Təşkilatı İdarə Heyətinin üzvü

“Xalq qəzeti”

  • Paylaş: