Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2022 15:04
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri 28 illik işğaldan sonra 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı.

Ölkə Prezidentinin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında 7 may 2021-ci il və Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli sərəncamlarını xatırladan akademik G.Baxşəliyeva bu sənədlərin bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyətindən danışıb. Akademik G.Baxşəliyeva Şuşa ili ilə əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, daha öncə - may ayında institutda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib. Şuşa ilə bağlı tədbirlər davam etdirilir. İnstitutda, həmçinin Şuşa haqqında 7 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çap olunmaq üzrədir. Bundan əlavə, Şuşa haqqında ətraflı məlumat hazırlanaraq türk, ərəb, fars, çin dillərində Vikipediyada yerləşdiriləcək. Akademik G.Baxşəliyev bu il institutda “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “Azərbaycan-İran münasibətlərində Şuşa”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “Qarabağın epiqrafik abidələrindəki adlar”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” mövzularında elmi tədqiqat işlərinin aparıldığını da qeyd edib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə tədbirdə məruzə edərək Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən, yüksək mədəni-mənəvi dəyərindən danışıb, müvafiq Sərəncamdakı “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” ifadələrini xatırladıb.

22 aprel 2022-ci il tarixində dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən, “Zəfər Qurultayı” adlandırılan Dünya Azərbaycanlılarının V qurultayında Azərbaycan diasporu qarşısında qoyulan yeni vəzifələrdən danışan S.Bayramzadə bu tədbirdə xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsinin müəyyənləşdirildiyini, Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verildiyini qeyd edib.

Bu Qurultayın və orada verilən mesajların qonşu İranda bəzi dairələrdə yaratdığı təşvişdən söz açan məruzəçi bu narahatlığın İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin göstəricisi olduğunu qeyd edib.

S.Bayramzadə ümumiyyətlə, 44 günlük Qarabağ müharibəsinin nəticələrinə, 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsinə, Zəngəzur dəhlizinin perspektivlərinə və digər məsələlərə həmin dairələrdə verilən reaksiyalara da toxunaraq, bütün bunların əslində kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə olmadığını, regionda sülhün və sabitliyin təmin edilməsi naminə qarşılıqlı əməkdaşlığın inkişafına yol açacağını qeyd edib.

Elmi sessiyada çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev 44 günlük Qarabağ müharibəsində işğaldan azad olan Şuşa şəhərinin türk və bütövlükdə müsəlman dünyasında mübarizlik simvoluna çevrildiyini, buranı ziyarət edən müxtəlif ölkələrin nümayəndələrinə Şuşanın məhz Azərbaycan şəhəri olmasını əyani sübut etdiyini vurğulayıb. Tədqiqatçı alim araşdırdığı Yuxarı Gövhər Ağa məscidindəki epiqrafik abidələrdən söz açıb, həmçinin Gövhər Ağanın özünün vəsiyyətnaməsində olan kənd və çay adlarının da erməni saxtakarlarına tutarlı cavab olduğunu qeyd edib.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: