Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2024 11:05
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində növbəti elmi seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində növbəti elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Cənub-şərqi Azərbaycanın arxeoloji abidələri” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan mərkəzin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycan ərazisi təbii resursları və iqlim şəraiti ilə qədim zamanlardan insanların məskunlaşması və yaşaması üçün əlverişli məkan olub. Bunu ölkəmizdə aparılan arxeoloji tədqiqatlar da sübut edir. Bu baxımdan cənub bölgəsi tarixi-mədəni zənginliyi ilə seçilir. Müxtəlif dövrlərdə burada arxeoloji qazıntılar aparılıb, nadir tarixi yadigarlar aşkar edilib.

Sonra müzakirə olunan mövzu haqqında mərkəzin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Samir Kərimovun məruzəsi dinlənilib. O qeyd edib ki, Azərbaycanın cənub-şərq bölgəsi arxeoloji baxımından ən zəngin və unikal bölgələrdən biridir. Bu bölgədə paleolit dövründən başlayaraq son orta əsrlərə qədər çoxsaylı abidələr məlumdur. Son dövrlərdə yeni abidələr aşkarlanıb.

Məruzəçi çıxışında bölgənin arxeoloji abidələrinin öyrənilmə səviyyəsi, onların arxeoloji miqyası, ümumi xarakteristikası və dövrləri haqqında ətraflı məlumat verib.

Sonda Samir Kərimov iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Müzakirə şəraitində keçən elmi seminarı mərkəzin direktoru Mehman Əliyev yekunlaşdıraraq tədbir iştirakçılarına minnətdarlığını bildirib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: