Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2025 16:25
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlərə baxılıb.

Gündəlik səsə qoyulub təsdiq edildikdən sonra iclası aparan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə giriş nitqində cari ilin əvvəlindən institut kollektivinin bir çox sahələrdə qazandığı uğurların qısa icmalını verib və qazanılan nailiyyətlərin davamlı olacağına əminlik ifadə edib. Sonra tədbirin gündəliyinə uyğun olaraq akademik Fəxrəddin Qədirovu tribunaya dəvət edib. 

Akademik F.Qədirov “Cənubi Xəzər hövzəsinin bəzi struktur xüsusiyyətlərini təyin etmək üçün transform qravitasiya anomaliyalarının şərhi” mövzusundə məruzə edib. Natiq bildirib ki, son on il ərzində sintetik modellərin qravitasiya sahəsinin müxtəlif transform üsulları ilə təhlili və real sahələrdə istifadəsi aktual problemdir. Aparılan tədqiqat işində Cənubi Xəzər hövzəsinin peyk (GRACE və GRACE-FO) və yerüstü qravitasiya məlumatları ilk dəfə olaraq THG, VFD və İL transformasiya süzgəcləri tətbiq edilərək analiz edilib, eyni zamanda, qravitasiya məlumatlarının spektral analizi aparılaraq Parker-Oldenburq metodu ilə Moho dərinliyinin paylanması öyrənilmiş və aşağıdakı yeni elmi nəticələr əldə olunub.

Cənubi Xəzər hövzəsinin şimal hissəsində Türkmənbaşı-Mahaçqala istiqamətində uzanan lineamentlər sistemi müəyyən edilib. Cənubi Xəzər hövzəsində Moho sərhədi 42-29 km aralığında dəyişdiyi, Abşeron-Balxanyanı zonasında Moho dərinliyinin 42 km olduğu, zonanın şərqə doğru daraldığı, Balxan yaxınlığında 36 km dərinliyə çatdığı müəyyən edilib. Moho dərinliyi Səfidrud qalxımında 29 km, Qodin qalxımında isə 31 km-dir.

Akademik F.Qədirovun geniş məruzəsindən sonra mövzuya aid suallar cavablandırılıb, təklif və ideyalar səsləndirilib.

Elmi şura iclasında bir sıra emi-təşkilati məsələlər də çözülüb. ETİ proqramlarının  GGİ-nin tematik planına daxil edilməsi haqqında müzakirələrdə g.-m.e.d., professor Tofiq Əhmədov “Yeni seysmik inversiya alqoritm və proqramının işlənib hazırlanması” (2025–2027) barədə, Azərbaycan ərazisində seysmik təhlükənin rayonlaşdırılmasında müasir rəqəmsal texnologiyaların tətbiqi (2025–2029) barədə  y.e.e.d., dosent Qulam Babayev məlumat təqdim ediblər.

“Rəqəmsal seysmik stansiyaların məlumatlarının intellektual təhlili əsasında Böyük Qafqaz Üstəgəlməsinin (Azərbaycan hüdudlarında) güclü qrunt hərəkətlərinin modelləşdirilməsi” (2025–2027) mövzusunda t.e.d., prof. Ramin Rzayev və y.e.e.d., dosent Qulam Babayevin məlumatları maraqla dinlənilib.

Daha sonra ETİ-lərin yerinə yetirilməsinin gedişatı haqqında AMEA müxbir üzvü Dadaş Hüseynovun və  akademik Əkpər Feyzullayevin “Alp-Himalay qırışıqlıq zonasının Qara dəniz-Xəzər seqmentinin müasir flüid aktivliyinin geodinamiki aspektləri” (2023-2025),  AMEA müxbir üzvü Tələt Kəngərlinin “Azərbaycan Respublikası ərazisinin geoloji, hidrogeoloji, mühəndisi geoloji və faydalı qazıntılar xəritələrinin (miqyas 1:250000) geodinamiki əsasda işlənib hazırlanması və tərtibi” (2024-2025), g.-m.e.n. Rauf Kərimovun “Böyük Qafqazın cənub yamacının kolliziya maqmatizmi və onun filizliliyi” (2023–2025) məruzələri dinlənilib.

Elmi şura iclasının davamında Azərbaycan Elm Fondunun dəstəyi ilə yerinə yetirilmiş “Azərbaycanın paleontoloji atlası” (Azərbaycan ərazisində üzvi aləmin inkişaf tarixi) qrant layihəsinin yekun hesabatı ilə y.e.f.d. Şəfəq Bayramova, GGİ-də kadr hazırlığı haqqında y.e.f.d. Səadət Ələkbərova çıxış edib.

Tədbirin sonunda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: