Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2025 16:38
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclas institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə baş tutub.

Toplantının əvvəlində Biofizika İnstitutunun müxtəlif laboratoriyalarının fəaliyyətini tənzimləyən “Əsasnamə” layihələri müzakirə olunub. Əsasnamələrin elmi və təşkilati baxımdan uyğunluğu nəzərdən keçirilib, laboratoriyaların fəaliyyətinin daha səmərəli təşkili məqsədilə təkliflər irəli sürülüb və sənədlər yekdilliklə təsdiqlənib. Onların icrası ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Daha sonra gündəlikdə yer alan digər məsələ – Biofizika İnstitutunun 2025-ci il üzrə doktorant hazırlığı planı müzakirəyə çıxarılıb. Elm və Təhsil Nazirliyinin 12 may 2025-ci il tarixli məktubuna əsasən hazırlanmış plan ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda plan səsə qoyularaq Şura üzvlərinin qərarı ilə təsdiq olunub. Qəbul planına uyğun olaraq, doktoranturaya sənəd təqdim edən namizədlərin imtahan və müsabiqə mərhələsinə buraxılması barədə qərar qəbul edilib.

Eyni tarixdə institutda elmlər doktoru proqramı üzrə təhsil alan qiyabi doktorant, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Cəfərovanın növbəti attestasiyası da keçirilib. İclasa Attestasiya Komissiyasının sədri, biologiya elmləri doktoru Kərim Quli oğlu Qasımov rəhbərlik edib. O, attestasiyanın əsas məqsədinin doktorantın elmi fəaliyyətinin və il ərzində əldə etdiyi nəticələrin obyektiv qiymətləndirilməsi olduğunu qeyd edib.

Dosent Sevinc Cəfərova təqdimatında elmi fəaliyyətinin istiqamətləri və dissertasiya işinin mövzusu – “Ağır metal duzlarının hüceyrədaxili oksidoreduktazalar və nəqliyyat ATP-azalarına təsiri” barədə məlumat verib. O, son illərdə aparılan tədqiqatlar çərçivəsində sink duzlarının müxtəlif konsentrasiyalarının hipoksiya ilə əlaqəli ferment sistemlərinə təsirinin araşdırıldığını, bir sıra əhəmiyyətli nəticələrin əldə olunduğunu və bu istiqamətdə elmi jurnallarda məqalələrin dərc olunduğunu bildirib.

Bundan əlavə, Sevinc Cəfərova iştirak etdiyi yerli və beynəlxalq konfranslar, elmi nəşrlərdəki məqalələri, eləcə də qarşıya qoyduğu gələcək elmi hədəflər haqqında da ətraflı məlumat verib. O, aparılan tədqiqatların elmi yenilik daşıdığını və Biofizika İnstitutunun əsas elmi istiqamətləri ilə uzlaşdığını xüsusi olaraq vurğulayıb.

İclasın sonunda Attestasiya Komissiyası təqdim olunan hesabat və müzakirələri nəzərə alaraq Sevinc Cəfərovanın 2025-ci il üzrə attestasiyasını məqbul hesab edib. Elmi Şura isə gündəlikdə nəzərdə tutulan digər cari məsələləri müzakirə edərək, müvafiq qərarlar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: