Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İranda türk milli kimliyini yaşadan aşıq sənəti
24.11.2022 11:20
  • A-
  • A
  • A+

İranda türk milli kimliyini yaşadan aşıq sənəti

“Güney Azərbaycan” deyiləndə gözümüz önünə ilk gələn Təbriz, “Təbriz” deyiləndə ilk yada düşən milli kimlikləri davamlı olaraq aşağılanma və aşılanmaya məruz qalmış, İran adlı dövlətdə bağrı şan-şan edilmiş bacı-qardaşlarımız – qanıbir, canıbir, dinibir, dilibir soydaşlarımız olur.

Məktəbləri yox, təhsili yox, söz azadlığı yox, toplaşmaq hüquqları əllərindən alınaraq yasaqlanmış, “türk”, “türklük”, “Can Azərbaycan” kəlmələrindən xoflanan bütöv bir xalq İranda hakimiyyət dairələri rəsmilərinin belə haqsız təpkisinə qarşı çıxan bəlli bir türk toplumu vardır ki, ümumi sayları bu ölkədə yaşayan xalqlar arasında ən yüksək rəqəm təşkil edir. İranın sabiq naziri Əliəkbər Salihi Türkiyədə olarkən müsahibə vermiş və bu zaman ölkəsində yaşayan əhalinin 40 faizinin türk dilində danışdığını vurğulamışdı. Bu isə özlüyündə  İran rəsmi dairələrinin bu sayı qat-qat kiçildərək, sözdə 8 milyon nəfərə gətirib çıxarmasının siyasi saxtakarlıq olmasından xəbər verir.

Beləliklə, azərbaycanlıların İran coğrafiyasına aid olan bütün şəhər, kənd, oba və oymaqlarda yaşadıqları məlum olur. Bəs bu qədər geniş arealda yaşayan, bütün mühüm hüquq və azadlıqları əlindən alınan nəhəng bir toplumun tarixi kimliyinin, milli-mənəvi sərvətlərinin – mədəniyyət və incəsənətinin, ağız ədəbiyyatının, folklor və yazılı abidələrinin, tarixi keçmişinin və bu gününün sabaha daşınmasında kimlərin xidməti olmuş və olmaqdadır?

Təbii ki, bu yerdə həm tədqiqatçı-alimlərin, folklor araşdırmaçılarının, həm də xalq yaradıcılığının ən geniş və mühüm qolu olan ozan-aşıq sənəti nümayəndələrinin, el şairlərinin danılmaz rolu olduğunu vurğulamaq lazım gəlir. Bu baxımdan yanaşsaq, Türkiyədə yaşayıb-çalışan ünlü alim, professor Əli Kafkasyalının əvəzsiz xidmətləri olduğunu görərik.  Müəllifin bildirdiyi kimi, el içindən çıxan, xalqın fikir və duyğularını, arzu və istəklərini sazın, sözün diliylə ifadə edən sənətkarların – yaradıcı aşıqların meydanı digər qəbildən olan insanlara nisbətən daha geniş və azad sayıla bilər.

Ruhunu soydaşlarının könlündə yuvalanmış el havalarının tərcümanına çevirən bu sənətkarların xalqın zəngin ağız ədəbiyyatı nümunələrinin, aşıq yaradıcılığı xəzinəsinin, dastan və mərasim folklorunun yaşadılmasında xidmətləri əvəzsizdir. Belə demək mümkündürsə, onlar əsl fədailər, milli kimliyin daşıyıcılarıdır. “Dil və ədəbiyyat bir millətin kültürünün ən önəmli daşıyıcılarıdır”  – deyə məhz bu cəhəti önə çəkən Əli Kafkasyalı, aşıqların daim el məclislərində, bayram, mərasim və şənliklərdə iştirakını təqdir edir.

Kitabda milli dilin, milli əxlaqi dəyərlərin, ana dilimizdə təhsilin, soy-kökə bağlılığın bütün sahələrdə gözgörəsi sıxışdırılıb aradan çıxarılmasına hesablanmış İran siyasətinə qarşı bir fədakar elm adamının dəqiq və tutarlı faktlara söykənən etiraz dolu nidaları  əksini tapıb. Tədqiqatda İran coğrafiyasında yaşayıb-yaradan, aşıqlıq ənənələrini qoruyub-saxlayan, dilimizə, mənəviyyatımıza, ənənələrimizə bütün varlığıyla sədaqət ruhu nümayiş etdirən aşıqlarımızdan söz açılır.

Alimin araşdırmaları tam olaraq İran coğrafiyasını əhatə edir. O, 10 ildən artıq bir müddətdə alim İranı şəhərbəşəhər, kəndbəkənd gəzmiş, türk dilində, türk ruhunda çalıb-oxuyan, yaşayıb-yaradan müasir aşıqlarla görüşmüşdür. Əli Kafkasiyalı onların çalıb-oxumalarını lentə almış, yazıya köçürmüş və artıq haqq dünyasına qovuşmuş el sənətkarları barədə geniş bilgilər, dəyərli məlumatlar əldə etmişdir.

Əsər 3 mühüm bölmədən ibarətdir. “İran türklərində  aşıqlıq ənənəsi” adlı birinci bölmədə bu ölkədə türk aşıqlıq sənətinin yaranıb inkişaf etməsi, İranda məşhur türk aşıqları barədə araşdırmalar öz əksini tapmışdır. İkinci bölmə “İran türk milli kimliyi və aşıqlar” adlanır ki, burada da ölkə aşıqlarının türk dilinə, ədəbiyyatına, inanc dünyasına, musiqi mədəniyyətinə göstərdikləri sevgi, sayğı və xidmətləri, millətsevərlik, vətənsevərlik, azadlıq və istiqlal şüurunun inkişafı, soy-kökə bağlılıq, qəhrəmanlıq və şərəf duyğusunun güclənməsində aşıqların mühüm rolu ətrafında tədqiqatlar aparılmışdır. “Aşıkların sosial meydanda fəaliyyəti” adlı üçüncü bölmədə, əsasən, aşıqların cəmiyyətin sosial həyatında yeri və rolu, evlənmə və kiçik toy mərasimlərində, müxtəlif bayram və ziyafət məclislərində, eyni zamanda, radio-televiziya proqramlarında iştirak və çıxışları geniş şəkildə araşdırmaya cəlb olunmuşdur.

Araşdırma əsərinin mühüm bir hissəsində isə aşıq şeiri örnəklərinə, aşıq şeiri şəkillərinin izahına geniş yer verilmişdir. “İran coğrafyasındakı Qurbani, Tufarqanlı Aşıq  Abbas, Sarı Aşıq, Xəstə Qasım, Dollu Mustafa, Balovlu Miskin kimi, ustad aşıqların bu bölgədə yetişmələri” ilə qürur duyan alim Aşıq Çingiz Mehdipur, Həsən İsgəndəri, Yədullah Şəkibi, Cəfər İbrahimi, Qurban Süleymani, Hüseyn Yeganə, Qılınc Ənvəri, Məhəmməd Hüseyn Kiyani, Məhəmməd Hüseyn Ciddifər, ustad Aşıq Nəvaz, Hüseyn Dehqan, Mənəf  Rəncibəri və başqa dünyaca ünlü aşıqların da hazırda “Oğuz ata, Dədə Qorqud ənənəsini davam etdirdiklerini” fəxrlə qeyd edir.

Kitabda dildən-dilə, ağızdan-ağıza ötürülərək, aşıqların sazında, sözündə yaşadılan xalq dastanlarından nümunələrə də yer verilmişdir. “Köroğlu ve Eyvaz” adlı örnək Qaşqay variantı, “Tilimxan ilə Mehri xanım” isə Qum/Savə Şahsevən variantı olaraq oxucu kütləsinə ilk dəfə təqdim edilir.

Ümumilikdə, bu qiymətli nəşrdə 2 mindən yuxarı güneyli aşıq barədə məlumat verilməklə, onların yaradıcılığından bəzi örnəklər təqdim edilir. Nəzərə alsaq ki, İran siyasilərinin daim nəzarətdə saxladıqları, hər zaman böyük cidd-cəhdlə qarşısını almağa çalışdıqları türk qövmünün möhtəşəm birliyini sarsıtmağa yönəlik xüsusi nəzarət və izləmələr altında belə böyük iş görmək o qədər də asan deyil. Bu, tədqiqatçıdan böyük cəsarət, fədakarlıq və sevgi tələb edir.

Lakin məsələ milli kimliyə, milli varoluşa bağlanarsa, bütün ideya və məqsədlər yalnız bir müstəvidə birləşər. Professor Əli Kafkasyalının əsərinin əhəmiyyəti bir də ondadır ki, alim Güneyli aşıqlarımızın həyatını, yaradıcı fəaliyyətini ümumtürk ozan-aşıq yaradıcılığı ənənələri kontekstində və bu zəngin xəzinənin mühüm bir qolu kimi tədqiqata cəlb etmişdir.

Qiymət MƏHƏRRƏMLİ, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair

“Xalq qəzeti”

  • Paylaş: