Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İranda baş verən son hadisələrin kökləri
25.11.2022 10:15
  • A-
  • A
  • A+

İranda baş verən son hadisələrin kökləri

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsinə etiraz olaraq İranda iqtisadi, sosial, siyasi və mədəni vəziyyətə qarşı başlayan kütləvi narazılıq və çıxışlar, əslində, 2017-ci ilin dekabr - 2018-ci ilin yanvar və 2019-cu ilin noyabrında təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etiraz aksiyalarının yeni mərhələsi oldu.

2017-ci il dekabrın 28-də Məşhəddə və Xorasan əyalətinin böyük şəhərlərində hökumət əleyhinə başlayan və 2018-ci ilin yanvar ayının əvvəllərinə kimi davam edən etiraz aksiyaları 2019-cu il noyabrın 15-də “Aban hadisələri” (“Qanlı Aban” və ya “Qanlı Noyabr”) adı altında bütün İranda hökumət əleyhinə yönəlmiş etiraz aksiyalarından ibarət bir xalq hərəkatı kimi davam etmişdir. Bu hərəkat ölkənin 29 əyalətini, 104 şəhərini və 719 yaşayış məntəqəsini bürümüşdür. Əsasən şəhərlərdə cəmləşən fəhlə sinfi və yoxsul təbəqələr tərəfindən benzinin bahalaşmasına qarşı başlayan və öncə dinc xarakter daşıyan etirazlar sonradan İran İslam Respublikası və onun din xadimlərini hədəf seçmişdir. Belə ki, etirazçıların hədəfləri sırasında iqtisadi və sosial sabitlik, korrupsioner dövlət məmurlarının təqibi tələbləri ilə yanaşı, Seyid Əli Xameneinin vəzifədən çıxarılması və İslam Respublikası rejiminin devrilməsi kimi şüarlar da dayanırdı.

Sözügedən etirazların ümumi kökləri və xüsusiyyətləri vardır. Belə ki, onlar hər dəfə yeni simada görünən və yeni dildə danışan dövrü xarakter daşıyır və kortəbii baş verir. Yəni bu hərəkatların əvvəlcədən planlaşdırılmış fəaliyyəti, təşkilatçılığı və rəhbərliyi yoxdur. Lakin onların hamısının ümumi siyasi, iqtisadi, sosial və psixoloji kökləri vardır və o üzdən də davam etməkdədir. İranda baş verən bugünkü hadisələr göstərir ki, xalq hərəkatı son hədəfə kimi davam edəcəkdir.

İndiki hərəkat haqqında – “Qadın, yaşam, azadlıq”

İranda və Yaxın Şərqdə “qadın” məsələsi demək olar ki, ABŞ-dakı “irq” məsələsi kimi sosial məsələlərlə bir sırada dayanan eyni rolu oynayır. O mənada ki, İranda “qadın”lara göstərilən zülmün şiddəti oradakı “irqi” zülmlə eyni səviyyədə dəyərləndirilir. İran qadınlarının 1979-cu ilin martından indiyədək davam edən mübarizəsini, bəlkə də, bununla izah etmək olar. Təbii ki, bu, “milli”, dini və “sinfi” ayrıseçkiliyə məhəl qoymamaq deməkdir. Amma “qadın” məsələsi səfərbərlik gücünə və digər zülmlərə qarşı mübarizə məzmununa malikdir və o, müxtəlif siniflərdən, dini və etnik azlıqlardan və müxtəlif nəsillərdən olan vətəndaşları insan haqları, ləyaqəti və həyatı üçün dinc mübarizə çətiri altında bir araya gətirmişdir.

Belə ki, bugünkü xalq hərəkatının mərkəzində yalnız gənc xanımların deyil, həm də bütövlükdə, gənc nəslin etirazına səbəb olan və qadınların şəxsi, mədəni azadlıqlarını məhdudlaşdıran icbari hicab məsələsi durur. Hicab haqqında qanunun təmin edilməsi ilə 30-dan çox təşkilat məşğul olur və həmin sahəyə büdcədən külli miqdarda birbaşa və ya dolayısı şəkildə vəsait ayrılır. Bu, onu göstərir ki, bütövlükdə, rejimin mövcudluğunun qorunmasında misilsiz əhəmiyyətə malikdir.

Başqa sözlə, hicab rejimin fəqərə sütunu, fundamenti hesab edilir. Rejimin hicabdan imtina etməsi öz gələcək varlığından imtina etməsi ilə barışması anlamına gəlir. Bununla belə, bu hərəkatın əks tərəfindəki islam rejimi həm yorğun, həm də parçalanmış bir vəziyyətdə dayanmaqdadır. Onun yorğunluğu və ya səmərəsizliyi, sadəcə, olaraq qərar qəbul edən və icraedici qüvvələrin İran cəmiyyətindəki orta güc və kəşfiyyat səviyyəsindən çox aşağı səviyyədə olması ilə bağlıdır. Çünki rejim yalnız sadiq və inanılmış, lakin bacarıqsız qüvvələrdən istifadə edir. Bunun bariz nümunəsi 13-cü hökumətin ilk əmək naziri idi. O, universitetdə iqtisadiyyatın bir neçə bölməsi üzrə oxumasına baxmayaraq, hər kəs onun tamamilə ixtisasdan kənar bir adam olduğunu başa düşürdü. Bu tip adamların bütün ölkə üzrə qərar qəbul etmə mərkəzlərində olması, əslində, təhsilli və varlı cəmiyyətin bütün vətəndaşlarına birbaşa təhqirdir.

Kütləvi etirazların izahı:

Bu gün üçün demək olar ki, İranda qərar qəbuletmə aparatı (parlament) demək olar ki, istənilən mikro və ya makro problemin həllində daxili ahəngdarlığını itirir. Nəticədə ya uyğun bir qərar üzərində konsensusa gələ bilmir, ya da heç bir uyğun qərarı verə bilmir. İndiki son hərəkata münasibətdə və onun həllində rejimin yorğunluq və parçalanması açıq-aydın görünür. Keçmişdə baş vermiş etirazlarda olduğu kimi indi də istədilər ki, onların qarşısını tez alsınlar, etirazçıları yığışdırsınlar, amma aydın oldu ki, bu mümkün deyil. Onlar “yığışdırma” (qarşısını alma) siyasətinə başqa alternativ qərar verə bilmirlər. Etirazları cilovlamaq üçün tələsik işçilərin və pensiyaçıların maaşları artırılıb. Amma hamı bilir ki, dövlət fondunda real ehtiyat yoxdur. Rejimin qərarı ilə ancaq dəstəksiz pul əskinasları çap edilib ki, bunun da nəticəsində inflyasiya daha da kəskinləşəcək və yaxın gələcəkdə onun əvəzini insanların boğazından kəsməklə çıxaracaqlar. Belə bir qərar iqtisadi vəziyyəti daha da pisləşdirir.

Narazılığın əsas motivlərindən biri olan iqtisadi vəziyyətin daha da pisləşməsi etirazların daha geniş vüsət almasına səbəb olacaq.

Siyasi vəziyyətdəki qeyri-sabitlik investisiyaları və daxili ticarəti də iflic edir. Digər tərəfdən, son zamanlar xarici siyasətdəki inqilabi oriyentasiyalar, Birgə Kompleks Fəaliyyət Planının (nüvə sazişinin) dayandırılması, Ukraynanın Rusiya tərəfindən işğalının maddi və hərbi cəhətdən dəstəklənməsi iqtisadi şəraiti daha da acınacaqlı və təhlükəli edir. Kasıbların etiraz etmək iradəsinin olmaması fikri 18 fevral 1979-cu il Bəhmən inqilabının sadəlövh bir şəkildə ümumiləşdirilməsidir. Bir çox etiraz hərəkatı (məsələn, Sudanda) yoxsulluğun dərinləşməsi kontekstində baş vermişdir.

Yaxın aylarda İranda hadisələrin necə cərəyan edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Qarşıda duran vəzifələr çox ciddidir. Amma bir məsələ aydındır ki, rejimdən etirazçılara qarşı getdikcə artan zorakılıq və geniş repressiyalar vəziyyəti daha da gərginləşdirir, qarşıdurmanı dərinləşdirir.

Məsələnin həlli yolları barədə İranda ictimai elmlər üzrə tanınmış mütəxəssislər (hətta professorlar) tərəfindən təqdim edilən təkliflərdə də aydın perspektiv yoxdur. Onlar rejimə “bu təhlükəli vəziyyətdən çıxmaq üçün siyasi mexanizmə təslim olmağı” və “müşahidəçi liberal siyasi qüvvələrin ictimai məkana daxil olmasına icazə verməyi” tövsiyə edirlər.

Demək olar ki, uzun sürəcək və bir çox eniş-yoxuşlarla müşayiət olunacaq bir proses başlayıb. Bu mühüm tarixi dönəmdə İran xalqının qiyməti birbaşa rejimin onların çıxışlarına qarşı verəcəyi reaksiyalarla bağlıdır.

1978–1979-cu ildən keçən dövrdə İranda azadlıq hərəkatı prosesində baş vermiş mühüm hadisələr, hətta xırda detallar belə nəzərə alınmalıdır ki, qarşıdakı proseslərdə xalqın bütün bu əziyyətləri, verdikləri qurbanları hədər getməsin, ümidləri boşa çıxmasın, yeni qurulacaq rejimin yeni “zülm boyunduruğu” altına düşməsinlər. Belə ki, o dövrdə azadlığa inanan və onu müdafiə edən (əslində cəmiyyətin sayca çox olan aşağı və orta təbəqələri) zəif və siyasi aləmdən təcrid olunmuş qüvvələr idilər. Şah hökumətinin vəzifəsi də hamı üçün aydın idi. “Rəstaxiz” (Dirçəliş) partiyasından başqa, heç bir siyasi partiyanın fəaliyyətinə icazə verilmirdi.

İnqilabdan əvvəl verilən vədlərə baxmayaraq, yeni rejim də “Hizbullah”dan başqa, heç bir müxalif siyasi partiyaların fəaliyyətinə icazə vermədi, eyni zamanda, müstəqil birliklərə və həmkarlar ittifaqlarına, hətta müstəqil xeyriyyə birliklərinin azad fəaliyyətinə də dözmədi. Bunlarla yanaşı, vətəndaşların sosial azadlıqları da (geyinmək, dinləmək və s.) ciddi nəzarətə götürülürdü.

Azadlıq tərəfdarı olanlar (məsələn, “Azadlıq hərəkatı”) sonradan rədd edildi və onlar geniş sosial baza tapa bilmədilər. Solçular arasında demokratik solçular da sayca az idilər. Bu vəziyyətdə hakim qüvvə “bolşevik” tipli müstəsna hökumət (proletariat diktaturası/müstəzəflər hakimiyyəti) qurmağa çalışırdı. Azadlıqsevər millətçilər (Milli Cəbhə kimi) əvvəlcə islam rejiminə beyət etməyə, sonra isə kənarda qalmağa məcbur oldular. Deməli, səhnənin əsas oyunçuları o qüvvələr idi ki, onlar üçün gələcək cəmiyyətin fəaliyyət planında və memarlığında “azadlığın” yeri yox idi.

Amma xoşbəxtlikdən, bu gün meydanda əsas etirazçı qüvvələrin əhəmiyyətli bir hissəsi siyasi, vətəndaş və sosial azadlıqlar uğrunda mübarizə aparırlar. Həmin qüvvələr isə vətəndaşları fövqəlbəşəri işlərin icrasına və utopiyaya söykənən “məcburi cənnət” kimi bir cəmiyyət yaratmağa çağırmırlar.

Siyasi, vətəndaş və sosial azadlıqlar uğrunda mübarizəyə qalxmış bu toplum içərisində 35-40 milyonluq Azərbaycan türkləri də yer almaqdadırlar.

Güney Azərbaycanda hərəkatın iki aspekti

Birincisi, yuxarıda qeyd edildiyi kimi, Cənubi Azərbaycandakı hərəkat da ilk növbədə, İrandakı iqtisadi, sosial, siyasi və mədəni vəziyyətə qarşı yönəlmişdir. Belə ki, İranda yaşayan digər millət və xalqlarla yanaşı, azərbaycanlıların da dövlətə qarşı yönəlmiş narazılıqları eyni ümumi siyasi, iqtisadi, sosial və psixoloji köklərə malikdir.

İkincisi, artıq 75 ildən çox bir müddətdə (1946-cı ilin dekabrında “21 Azər” hərəkatı qan dəryasında boğulandan bu günə kimi) bütün milli, mədəni və insan haqlarından məhrum çoxmilyonlu Azərbaycan xalqının iqtisadi, sosial, siyasi və mədəni vəziyyətə qarşı narazılıqları sırasında milli məzmunlu şüarlar, xüsusilə də “Azadlıq, Ədalət və Milli hökumət” şüarı önə çəkilməkdədir və bu şüarlar Azərbaycanda və azərbaycanlılar arasında xalq hərəkatının təşkilatlanması və planlaşdırılmasını şərtləndirir, onun hədəfini hamı üçün aydın edir. Bu isə Azərbaycan məsələsinin İranda həllinə diqqəti daha çox artırır. Bu isə problemin həlli üçün nəinki daxildəki və hətta xaricdə yaşayan azərbaycanlıların, onların diaspor təşkilatlarının ideya-mənəvi və siyasi dəstəyini gücləndirir, ona istiqamət vermiş olur.

SSRİ-nin dağılmasından və yeni suveren Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra İranda Azərbaycan məsələsi hər an gündəmdə olmuş, onun həlli yolları üzərində düşünülmüş, müvafiq işlər görülmüşdür.

Təcavüzkar Ermənistan və silahlı erməni separatçıları tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun 30 il müddətində işğal altında saxlanılması, bu zaman kəsiyində İranın işğalçı Ermənistan dövlətini hər cəhətdən dəstəkləməsi, ona yardım etməsi də İranda yaşayan soydaşlarımızın milli ruhuna, şüurunun inkişafına və güclənməsinə, islam rejimin pəhləvilərin varisi qismində həyata keçirdiyi fars şovinizmi siyasətinə qarşı mübarizə ruhunda formalaşmasına çox müsbət təsir göstərmişdir.

İRNA xəbər agentliyinin verdiyi rəsmi məlumata görə, 44 günlük vətən müharibəsi ərəfəsində və onun başlanğıcında İranın Nurdüz keçid məntəqəsindən Ermənistana gedən maşınların miqdarı birdən-birə 77,8%, Rusiyadan (Ənzəli limanı vasitəsilə) və Fransadan (Bəndərabbas limanı vasitəsilə) göndərilən tranzit malların miqdarı isə 68% artmışdır. Bu malların Ermənistana ötürülməsinə qarşı həmin nahiyyədə məskunlaşmış azərbaycanlılar ayağa qalxaraq  maşınların keçidinə mane olmuş, yüklərin Ermənistana ötürülməsinə qarşı kütləvi etirazlarını bildirmişlər. Onların bu etirazları İranda yaşayan bütün azərbaycanlılar tərəfindən dəstəklənmişdir. Bununla da İrandakı azərbaycanlılar Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizəsini dəstəkləmiş oldular.

1978–1979-cu illər inqilabından bu günə kimi İranda azərbaycanlıların milli hüquqlar (ana dilində təhsil almaq, milli ədəbiyyatın və mədəniyyətin inkişafını təmin etmək və s. hüquqlar) uğrunda mübarizəsi bir an belə dayanmamışdır. Belə ki, İran İslam Respublikasının 15 noyabr 1979-cu il tarixində təsdiq edilmiş Konstitusiyasının 15-ci maddəsinə görə, İranda yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinin, mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisinin azad elan edilməsinə baxmayaraq, bu günün özündə də İranın azərbaycandilli əhalisi üçün ən böyük və başlıca problem yenə də ana dilində tədris müəssisələrinin olmamasıdır. Əsas Qanunun 15-ci maddəsi bu gün də İranda yerinə yetirilmir.

Azərbaycan tərəfinin qələbəsi ilə nəticələnən 44 günlük II Qarabağ müharibəsindən sonra ermənipərəst mövqe tutan İran iki ölkə arasında mövcud gərginliklərin aradan qaldırılmasına xidmət edən qarşılıqlı əməkdaşlıq imkanlarını dəyərləndirmədi və ya bunu istəmədi. Suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərlə inkişafda olan bərabərhüquqlu əməkdaşlığı, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanması, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində çox mühüm geosiyasi movqeyə malik olmaqla regionun çox mühüm problemlərinin həllində söz sahibinə çevrilməsi kimi məsələlər qonşu İranı daha çox narahat edən məsələlər sırasında dayandı.

İran hakim dairələri Azərbaycan birliyindən, onun siyasi və iqtisadi qüdrətindən, regionda əldə edəcəyi nüfuzdan, beynəlxalq miqyasda təsirindən, onu müşayiət edən azərbaycançılıq ideologiyasından qorxur. Ona görə də İran məlum 10 noyabr 2020-ci il anlaşmasının tərkib hissələrini təşkil edən maddələrin, o sırada Zəngəzur dəhlizinin açılmasını, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsini və beləliklə də regionun təhlükəsizliyini, sərhədlərin toxunulmazlığını təmin edəcək sülh müqaviləsinin imzalanmasını özü üçün “qırmızı xətt” hesab edir. Qonşu dövlət bütün mümkün vasitələrlə bu sülhə qarşı çıxır, əngəl törədir, Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa, ölkəmiz daxilində dini-milli zəmində təxribatlar törətməyə, qarşıdurma yaratmağa çalışır.

Bütün bunları görən və nəzərə alan Azərbaycan Respublikası rəhbərliyi, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yenidən “hücum diplomatiyasını” işə saldı və TDT dövlətlərinin 2022-ci il noyabrın 11-də Səmərqənddəki IX Zirvə Toplantısının tribunasından bütün türk dünyasına, dünya azərbaycanlılarına müraciətlə bildirdi: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Möhtərəm Prezidentimizin bu müraciəti Güney Azərbaycanda milli-mədəni hüquqlar uğrunda soydaşlarımızın davamlı mübarizəsinin ruhuna mənəvi bir qida olmaqla, əsas hərəkət xəttinin (platformasının) müəyyən edilməsində böyük rol oynayacaqdır.

Gövhər BAXŞƏLİYEVA, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik

“Xalq qəzeti”

  • Paylaş: