Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyası tərəfindən ilk dəfə olaraq aparılan tədqiqat işlərinin nəticələrindən bəhs edilir.
Tədqiqat işində kompozisiyaların müxtəlif formalarının tərtibatı, bitkilərin bioloji və dekorativ xüsusiyyətlərinə görə kompozisiyalarda qruplaşdırılması, rənginə, formasına, hündürlüyünə, çiçəkləmə müddətinə, kölgələrə dözümlülük və işıqsevərliyə görə bitkilərin bir-biri ilə uyğunluğu, torpağa, işığa, istiliyə və suya olan tələbat, Abşeronun park və bağlarında kiçik memarlıq formalarından, ağac və kol bitkilərinin budamalarının dekorativ formalarından istifadə qaydaları qeyd olunub. Məlum olub ki, Abşeronun park və bağlarında kompozisiyaların müntəzəm üslubda - həndəsi formalarda və landşaft və ya landşaft üslubunda - orijinal formalarda tərtib edilməsi məqsədəuyğundur.
Abşeronda parklar, bağlar, bulvarlar, küçələr, meydanlar abadlaşdırılarkən, Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən introduksiya olunan dekorativ ağac, kol və ot bitkilərindən müxtəlif formalarda kompozisiyaların tərtibatı Bakı şəhərinə daha da gözəllik verir, abadlıq-quruculuq işlərinə öz töhfəsini verir, insanların rahat, səmərəli istirahəti üçün şərait yaradır. Tədbirlər sistemində ətraf mühitin sağlamlaşdırılması üçün mühüm vəzifə şəhərlərdə yaşıllıqların yaradılmasıdır. Keçmiş illərin bir çox dekorativ kompozisiyaları yeni tikililər, müasir şəhər və evlərin formaları üçün uyğun deyil, buna görə də küçələri və parkları bəzəmək üçün landşaft kompozisiyası üslubunda yeni kompozisiyalar yaradılmalıdır. Abşeronun dəyişkən iqlim şəraitində park və bağlarda bitki müxtəlifliyinin öyrənilməsi landşaft dizaynının inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasında elmi-tədqiqat işləri aparılır. 2019-2024-cü illərdə Abşeronun Dənizkənarı Milli Parkı, Filarmoniya Bağı, Səməd Vurğun Bağı, Xaqani Parkı, Güllər Parkı, Sahil Bağı, Sabir Bağı, Nizami Bağı və Xətai rayonu Heydər Parkına elmi ekspedisiyalar təşkil olunaraq müşahidələr aparılmış, herbarilər toplanmış, bitkilərin fotoşəkilləri çəkilmiş, Abşeron şəraitinə yerli və xarici floradan introduksiya olunan dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi və mənşəyi, kompozisiyaların tərtibatı formaları, bitkilərin kompozisiyalarda bioekoloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması qaydaları, müxtəlif əkinlərdə bitkilərin istifadə perspektivləri, kiçik memarlıq formalarından istifadə qaydaları, ağac və kolların budanma formaları, yapon bağının tərtibatı, dekorativ ağac, kol və ot növlərinin miqdarı öyrənilmişdir. Abşeronun park və bağlarında müxtəlif kompozisiya formaları müntəzəm üslubda - həndəsi formalı (düzbucaq, kvadrat, dairə, romb və s.) və landşaft və ya mənzərəli üslubda - orijinal formalı (güllük, labirint, buta və s.) tərtib edilmişdir.
Həndəsi formalı kompozisiyanın mərkəzində həmişəyaşıl ağac və kollar, kənarlarında ot bitkiləri, orijinal kompozisiyalarda isə landşaft üslubunda düzülmüş dekorativ kol və birillik, ikiillik, çoxillik ot bitkilərindən istifadə olunur. Abşeronun park və bağlarında yaradılan müxtəlif kompozisiyalarda bitkilərin bioloji və dekorativ xüsusiyyətlərinə, rənginə, formasına, hündürlüyünə, kölgəyə davamlılığı və işıq sevərliyinə görə bir-biri ilə uyğunlaşmasına, yeni formalara böyük rol verilir. İynəyarpaqlı bitkilərin budanması onların formalarının müxtəlifliyinə və dəqiqliyinə görə park və bağlara xüsusi gözəllik verir. Dənizkənarı Milli Parkın ərazisində iynəyarpaqlı ağac və kolların budanmasının aşağıdakı formaları tədqiq edilmişdir:
Kompozisiyalarda dekorativ ağac, kol və ot bitkiləri kiçik memarlıq formaları ilə, məsələn, heykəllər, fənərlər, oturacaqlar, dibçəklər, səbətlər, müxtəlif heyvan, cırtdan fiqurları ilə yaxşı uyğunlaşır.
İynəyarpaqlı bitkilər digər bitkilərin arasında böyük çeşid təşkil edir və landşaft dizaynında geniş istifadə olunur. Bu bitkilərə şam, küknar, ağ şam, sidr, küknar, ardıc, tuya, sərvpəri, sərv, biota və s. aiddir. Qış dövründə bir çox yarpaqlı bitkilər dekorativ xüsusiyyətlərini itirir və iynəyarpaqları bitkilər bağ landşaftını təşkil edir. İlin digər vaxtlarında iynəyarpaqlı ağaclar yarpaqlı ağac və kollarla ziddiyyət təşkil edir və bağa il boyu "sabitlik" hissi verir. Sərv küçə və xiyabanlarda geniş şəkildə becərilir. Park və bağlarda, bulvarda küknarların mavi formaları gözəl görünür. Müxtəlif ölçülü və formalı qozalar iynəyarpaqlı bitkiləri bəzəyir. İynəyarpaqlı ağac və kollardan əsasən tək və qrup əkinlərində, canlı hasarlarda istifadə olunur, küçə və meydanlar boyunca cərgələrlə əkilir. Yaşıl və mavi iynəyarpaqlı bitkilər ilin istənilən vaxtında kompozisiyalarda gözəl görünür. İynəyarpaqlı bitkilərin ətraf mühitə buraxdığı uçucu maddələr - fitonsidlər patogen mikrobları öldürür, buna görə də onlar təhsil və səhiyyə müəssisələrinin ətrafında çox əkilir.
Kompozisiyalarda “davamlı çiçəkləməyə” nail olmaq üçün birillik və çoxillik dekorativ ot bitkilərindən istifadə edilir və bitkilər elə seçilir ki, çiçəkləyən növlər tədricən başqa növlərlə əvəz olunur.
Klassik sxemə görə kompozisiyalar ön, orta və arxa planda yerləşən müxtəlif hündürlükdə olan bitkilərdən yaradılmışdır. Kompozisiyanın mərkəzində hündür bitkilər, kənarlarında isə nisbətən alçaqboylu bitkilər yerləşir. Hündürlüyə görə seçilmiş bitkilər bir-birini örtməməlidir. Bitkilərin dekorativ keyfiyyətləri - yarpaqların, qabıqların və çiçəklərin ölçüsü, rəngi, quruluşu və hündürlüyü bitki həyatının inkişaf mərhələlərində fərqli olur və ona görə də çoxsaylı kompozisiya variantlarını yaratmağa imkan verir. Yazda, sərin havalarda kompozisiyaların tərtibatında parlaq rəngli çiçəklərdən, yayda isə ağ, mavi, bənövşəyi çiçəklərdən istifadə olunur. Açıq çalarlardan çiçəklik yüksək qan təzyiqi olan insanlara müalicəvi təsir göstərir. Yayda fasiləsiz çiçək açan birillik çiçəklərdən fərqli olaraq, çoxillik çiçəklərin öz inkişaf dövrü və çiçəkləmə vaxtı vardır. Kompozisiyalarda birillik və çoxillik dekorativ bitkilərdən istifadə olunur. Birillik bitkilərdən yaradılmış kompozisiyalar hər il yenilənir. Çox mövsümlü kompozisiyalarda çoxillik bitkilər böyük rol oynayır. Onlar yenilənmir, buna görə də bitkilər rəng və formasına görə bir-birinə uyğun olmalıdır. Bu kompozisiyalarda birillik bitkilərin sahələri yenilənir.
Abşeron şəraitində müxtəlif kompozisiyaların yaradılması əhalinin həyat şəraitini yaxşılaşdırır. Ancaq isti və quraq iqlimi, güclü küləkləri, zəif və şoran torpaqları olan Abşeronda yaşıllaşdırma işlərinin aparılması müəyyən çətinliklərlə bağlıdır. Hal - hazırda Abşeronun yaşıllaşdırılmasında istifadə olunan dekorativ bitkilər yeni növ və sortlarla, istifadə üsulları, müxtəlif kompozisiyaların yeni formaları və s. zənginləşməlidir. Müasir yaşıllaşdırma üçün bitkilərin seçimi elə aparılmalıdır ki, dekorativliklə yanaşı, müalicəvi təsirə malik olsun.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun “Landşaft memarlığı” laboratoriyasında aparılan elmi-tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, Abşeronun park və bağlarına yerli və xarici floradan introduksiya edilmiş dekorativ bitkilər Abşeron torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və landşaft dizaynında, parkların, bağların tərtibatında geniş istifadə oluna bilər.
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasın müdiri biologiya üzrə fəlsəfə doktoru, donsent Şəlalə Gülməmmədova
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.