Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elmə sevgi, xalqa sədaqət: Həyat yoldaşı, ana və alimin xatirə portreti
14.04.2025 15:45
  • A-
  • A
  • A+

Elmə sevgi, xalqa sədaqət: Həyat yoldaşı, ana və alimin xatirə portreti

Aprelin 15-də Azərbaycanda oftalmologiya elmi məktəbinin yaradıcısı, görkəmli alim, həkim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü tamam olur. Elmi və əməlləri ilə gözlərə nur, qəlblərə həyat eşqi bəxş etmiş, ətrafına gözəllik şəfəqləri saçmış mələk misallı bu böyük insanın əziz və işıqlı xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman sevgi və hörmətlə anılır.

Sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Əziz müəllim həyat yoldaşı ilə birgə övladlarını Vətənə, torpağa, xalqa sədaqət, milli-mənəvi dəyərlərə, əslə, kökə bağlılıq, elmə, biliyə, zəhmətə hörmət və məhəbbət ruhunda böyüdə bilmişdi. Zərifə xanım məsuliyyətin, xeyirxahlığın, şəfqətin nə olduğunu valideynlərindən öyrənmişdi. Məhz ailədəki mühit Zərifə xanımın bütün həyat yoluna işıq salmış, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin silahdaşı və ömür-gün yoldaşı, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anası, oftalmologiya elmində bir sıra uğurlara və ilklərə imza atmış korifey-alim kimi zirvələrə yüksəlməsinə kömək olmuşdur.

Zərifə xanım 1947-ci ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisas kursu keçmiş, SSRİ-nin bu nüfuzlu elm müəssisəsində Bakıda əldə etdiyi biliklərini xeyli zənginləşdirmişdir. Qarşısına qoyduğu məqsədlərə sadiqliyi və elmi tədqiqatlara böyük marağı Zərifə xanımı vətənə dönərək Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutuna gətirmişdir. O, 1949-cu ildə bu institutda ordinator kimi fəaliyyətə başlamış, eyni zamanda aspiranturaya daxil olmuşdur. Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə etmişdi. 1953-cü ildə aspiranturanı bitirdikdən sonra Zərifə Əliyeva traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində fəal iştirak etmişdi.

Zərifə xanımın oftalmoloq-tədqiqatçı kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu.

Zərifə Əliyevanın traxoma xəstəliyinin tətbiqində əldə etdiyi uğurlu nəticələr sayəsində 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olunaraq traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynamışdı.

Zərifə Əliyeva 1967-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət olunmuş, 1969-cu ildən burada Göz xəstəlikləri kafedrasının Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ömrünün sonuna kimi bu institutda tədqiqatlarla və müalicə fəaliyyəti ilə məşğul olmuş Zərifə xanım 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə müdiri vəzifələrində çalışmışdır.

1968-ci ildən Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətini görmə orqanının patologiyaları və xüsusən peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemləri təşkil etmişdir. Peşə oftalmologiyasının əsasını qoymuş görkəmli alim dünyada ilk dəfə olaraq müvafiq problemləri araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdır. Qeyd edilən istiqamətdə əldə etdiyi elmi nəticələr Zərifə xanımın 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə etdiyi “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

Zərifə Əliyevanın görmə üzvünün peşə patologiyası probleminə həsr olunmuş fundamental tədqiqatlarının nəzəri və təcrübi əhəmiyyəti çox böyükdür. Bu tədqiqatlar 1980-ci ildə çap olunmuş "Şin istehsalatında görmə üzvünün peşə patologiyası", 1981-ci ildə isə dərc edilmiş "Xroniki yod intoksikasiyası nəticəsində oftalmopatologiya" monoqrafiyalarında öz əksini tapmışdır. Kimya istehsalında görmə üzvünün zədələnmələrinin profilaktikasına həsr olunmuş orijinal elmi əsərləri silsiləsinin çap olunması ilə əlaqədar, 1981-ci ildə Zərifə Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının oftalmoloqlar üçün ən nüfuzlu olan akademik M.İ.Averbax adına mükafatı ilə təltif edilmişdir. Zərifə xanım bu yüksək mükafata layiq görülmüş ilk qadın alim olmuşdur.

Onun elmi irsinə oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 14 monoqrafiya, 170-dən artıq elmi əsər, o cümlədən ixtiralar, metodik tövsiyələr və səmərələşdirici təkliflər daxildir. Zərifə xanım çoxtərəfli elmi fəaliyyətinin, nəzəri və təcrübi təbabəti zənginləşdirmiş şəxsi töhfəsinin, elmi və həkim kadrlarının hazırlanması işinin nəticəsində 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Zərifə Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaları, o cümlədən, “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. əsərləri bu gün də oftalmoloqların stolüstü kitabları olaraq qalır. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.

Akademik Zərifə Əliyeva iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olmuş, bu sahəyə dair, dünya miqyasında ilk dəfə olaraq, kitablar yazmış, o cümlədən iki monoqrafiya nəşr etdirmişdir.

Zərifə xanım bir mərhəmətli, şəfqətli və əqidəli təbib kimi, deontologiya və həkim etikası məsələləri ilə yaxından məşğul olmuş və bu haqda öz fikirlərini "Yüksək əqidə" adlı gözəl monoqrafiyasında yekunlaşdırmışdır.

Akademik Zərifə Əliyevanın elmi-ictimai fəaliyyəti də geniş və əhatəli olmuş, sülh, insanlıq, əmin-amanlıq, ehtiyaclı insanlara dəstək istiqamətində gördüyü işlər ona cəmiyyətdə böyük nüfuz qazandırmışdır. Zərifə xanım SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyətinin İdarə Heyətinin və Elmi Tədqiqatlar Komitəsinin Rəyasət Heyətinin, SSRİ Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Vestnık oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü kimi dövlət və xalq qarşısında böyük xidmətlər göstərmişdir.

Akademik Zərifə Əliyevanın xidmətləri xalq və dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilmiş, orden və medallarla mükafatlandırılmışdır. Ona 1980-ci ildə Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adı verilmişdir. Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu (hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) 2001-ci ildən görkəmli alimin adını daşıyır.

Bütün elmi ictimaiyyət, bütün xalq tərəfindən yüksək dəyər verilən Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində onu sevənləri, Azərbaycan xalqının Ümummilli Liderini, həyatı qədər sevdiyi iki gözəl övladını əbədi olaraq tərk etdi.

Dünyasını dəyişsə də, nə yaxşı ki, böyük alimin elmdə açdığı cığırlar nəinki boş qalmamış, hətta genişləndikcə genişlənmış, elmi məktəbi əməlləri kimi inkişaf edərək şaxələnmiş, xalqa, insanlara fayda verməyə, nur paylamağa davam etmişdir.

Azərbaycan müstəqillik dövründə Heydər Əliyev yolu ilə əmin addımlarla irəliləyərək dünya tarixinə qızıl hərflərlə yazılacaq iqtisadi, sosial, hərbi, təhlükəsizlik sahələrində böyük uğurlar qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionun lider ölkəsinə çevrilmişdir, bu gün həyatda olmasa da, bu möhtəşəm uğurlarda akademik Zərifə Əziz qızı Əliyevanın da əhəmiyyətli payı danılmazdır.

Bu mənada bir övlad, həyat yoldaşı, ANA kimi ucalığın ən yüksək zirvəsinə çatmış Zərifə Əliyevanın əziz xatirəsi, elmi və elmi-ictimai fəaliyyəti ilə bağlı Ulu Öndərin və cənab Prezidentin fikirləri də böyük maraq doğurur.

Ümummilli Lider Heydər Əliyev böyük oftalmoloqun elmi fəaliyyətinə yüksək qiymət verərək deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi”.

Ulu Öndərin aşağıdakı sözləri isə Zərifə Əliyevanın tam obrazını, bütün daxili aləmini hər kəsdən və hamıdan daha yaxşı – zərgər dəqiqliyi ilə gözlərimiz önündə canlandırır: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də anasını – övladlarına elmi biliklərin yüksək dəyərini və onların daşıyıcılarına sevgi və hörməti aşılaya bilmiş şəfqətli və savadlı Azərbaycan qadınını bir alim kimi çox gözəl xarakterizə etmişdir: “Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir”.

Azərbaycan xalqı bütün həyatı boyu özündə, ruhunda, şəxsiyyətində bir böyüklük, nuranilik daşımış, hər zaman xeyirxahlıq və mərhəmət zirvəsində olmuş, sədaqətli ömür-gün yoldaşı, müqəddəs ANA obrazı kimi tək ailəsinə deyil, Azərbaycana şərəflə xidmət etmiş əziz övladını hər zaman dərin sevgi və səmimiyyətlə xatırlayacaq, Vətən və xalq, insan və elm üçün gördüyü işlər heç vaxt unudulmayacaqdır. 

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: