“Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bəşəriyyət elmi fikrinin inkişafı cəmiyyət həyatının maddi və mənəvi ehtiyacları ilə bağlı qanunauyğun tarixi prosesdir. Elm insanların mədəniyyətinin və dünyabaxışının tərkib hissəsi olmaqla, öz inkişafında bəşəriyyətin ümumi təkamül prosesini, onun davamlı inkişaf meyillərini, ümumdünya tarixi prosesin vəhdətini əks etdirir. Xalqımız bəşər sivilizasiyasınının ayrılmaz tərkib hissəsi kimi dünya elm və mədəniyyəti xəzinəsinə böyük töhfə vermişlər.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycanda Elm Günü təsis edilərək, hər il martın 27-si Elm Günü böyük təntənə ilə qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın tərəqqisi yolunda mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var.
“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” cənab Prezident İlham Əliyevin Sərəncam imzalaması “Azərbaycan Milli Elmlər Akademiyasının Şərəfli tarix yolu” kitabının müəllifi olaraq mənim də böyük sevincimə səbəb olmuşdur. Bu Sərəncam cənab Prezidentin Azərbaycan elminə və xüsusi ilə Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yoluna verdiyi böyük dəyərin ifadəsidir.
Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etməsinə qayğısını daim əsirgəməyib. Xalqına dərindən bağlanan, həyatını Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onun dünya miqyasında tanınmasına nail olmuşdur. Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu, xidmətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin aşağıdakı sözlərində dolğun şəkildə ifadə edilib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
Ulu Öndər Heydər Əliyev şəxsən özü elmi nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyində bu elm ocağının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilməsi münasibətilə keçirilmiş təntənəli ümumrespublika yığıncağında demişdir: “Qısa müddətdə akademiyamız müasir elmin ən aktual problemlərini həll edən iri mərkəzə çevrilmişdir…. Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq.”
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Akademiyanın və onun üzvlərinin fəaliyyətinə yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, AMEA-da çalışan alimlərimiz Prezident İlham Əliyevin idarəçilik dövrünü elmin yeni inkişaf mərhələsi kimi tədqiq edirlər.
AMEA-nın kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirərək qazandığı statusu qoruyaraq, təşəbbüskar və istedadlı gəncləri elmə cəlb edir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin qarşısında duran başlıca vəzifə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bütün vəzifələri böyük səylə yerinə yetirmək, Azərbaycan elminin dünyaya inteqrasiyasını təmin etməkdir.
Alim adını şərəflə daşımaq isə bir başqa fəxarətdir. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirməklə, hüquq və qanunun aliliyi prinsipinə əsaslanan islahatların davamlı olmasına yol açmaqla bərabər, gələcək nəsillər üçün də möhkəm siyasi irs yaratmış olacaq. Cənab Prezident İlham Əliyevin sayəsində “Konstitusiya və Suverenlik İli” kimi tarixə düşən 2025-ci il də qürur dolu şərəfli səhifələrdən olacaq. Biz alimlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin inkişafı naminə və Azərbaycan elminin keçdiyi şərəfli tarixi yolun dünya elminə tanıtdırılmasında böyük səylə çalışacağıq.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.