Elm cəmiyyətin tərəqqisinin və innovasiya əsaslı inkişafının fundamental dayağıdır. Qloballaşan dünyada hər bir dövlətin milli təhlükəsizliyi, iqtisadi potensialı və beynəlxalq nüfuzu onun elmi-intellektual potensialı ilə sıx bağlıdır. Bu mənada Azərbaycanda Elm gününün qeyd olunması elmin inkişafına göstərilən ali diqqətin, elm adamlarına verilən dəyərin və informasiya cəmiyyətinə keçidin strateji əhəmiyyətinin bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə ölkəmizdə Elm günü hər il 27 mart tarixində qeyd olunur və bu tarix ölkədə elmin inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir.
1920-ci illərdən etibarən elmi tədqiqat-təşkilatlarının - 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1929-cu ildə yaradılmış Azərbaycan Dövlət Tədqiqat İnstitutunun, 1932-ci ildə yaradılmış Az.DETİ-nin və Azərbaycan Təbii Məhsuldar Qüvvələrin Öyrənilməsi İnstitutunun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, 1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialının formalaşma prosesi, nəhayət, 27 mart 1945-ci ildə respublikanın ali elmi idarəsinin - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ilə başa çatdı. Respublikamızın həyatında, ictimai fikrin formalaşmasında müstəqillik uğrunda mübarizə yollarında ötən əsrin ortalarında yaradılmış bu qurumun misilsiz xidmətləri danılmazdır. Elm gününün məhz akademiyanın yarandığı gündə təsis edilməsi də təsadüfi deyil.
Azərbaycan Respublikasında Elm gününün təsis olunması, elm və texnologiyanın cəmiyyət həyatında rolunun artırılması və gənclər arasında elmə marağın gücləndirilməsi məqsədi daşıyır. Bu, eyni zamanda Azərbaycan alimlərinin fəaliyyətinə ictimai dəyərin verilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bu Elm günü ilə bağlı imzaladığı sərəncamla cəmiyyətin inkişafında elmin əhəmiyyətini daha da artırıb, qədim tarixə malik Azərbaycan elminin müasir dövrdə inkişafı ilə bağlı qarşıda duran vəzifələrini müəyyənləşdirib, onun cəmiyyət həyatında hərəkətverici funksiyasının daha da gücləndirilməsini bir hədəf kimi təsbit edib. Elm gününün geniş şəkildə qeyd olunması həm də Azərbaycan alimlərinin nailiyyətlərinin ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətlidir. Bu, həm ölkədaxili, həm də beynəlxalq müstəvidə Azərbaycan elminin imicini gücləndirir.
Zəngin və qədim ənənələrə malik Azərbaycan elmi müstəqillik illərində yeni elmi çağırışlarla qarşılaşdı. Milli elmin beynəlxalq inteqrasiya proseslərinə qoşulması, informasiya texnologiyalarının geniş tətbiqi, elmi tədqiqatların maliyyələşdirilməsində yeni mexanizmlərin formalaşması bu dövrə xas olan başlıca xüsusiyyətlərdir.
Azərbaycan hökuməti elmin inkişafını ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib, elm və təhsilin inteqrasiyasını, elmi fəaliyyətin iqtisadi və sosial innovasiyalara çevrilməsini prioritet istiqamətlər kimi göstərib.
AMEA-nın institutlarında aparılan struktur və kadr islahatları, beynəlxalq əməkdaşlıq layihələrinin icrası və “Startup” təşəbbüslərinə dəstək verilməsi bu sahədəki inkişaf dinamikasının göstəricisidir.
Elm və Təhsil Nazirliyinin struktur islahatları, elmi fəaliyyətin rəqəmsallaşdırılması, gənc tədqiqatçılara qrantların ayrılması və xaricdə təhsil proqramlarının genişləndirilməsi kimi tədbirlər də bu siyasətin bir hissəsidir.
Rəqəmsal transformasiya, süni intellekt, biotexnologiyalar və yaşıl enerji kimi çağdaş trendlər fonunda Azərbaycan elminin də yeni inkişaf mərhələsinə qədəm qoyması zəruridir. Gələcəkdə tədqiqat universitetlərinin yaradılması, elmi nəticələrin iqtisadi dövriyyəyə daxil edilməsi, elmi jurnal və platformaların beynəlxalq reytinqlərə çıxarılması kimi hədəflər də bu baxımdan prioritet sayılır.
Bundan başqa, regionlarda elmi mərkəzlərin yaradılması, ekoloji və aqrar tədqiqatların dəstəklənməsi, “brain drain” (beyin axını) fenomeninə qarşı effektiv tədbirlərin görülməsi elmi potensialın qorunub saxlanmasına xidmət etməkdədir.
Elm və texnologiya bir-birini tamamlayan və qarşılıqlı inkişaf edən iki ayrılmaz sahədir. Bu gün rəqəmsallaşma və süni intellektin yüksəlişi elmi tədqiqatların daha da sürətlənməsinə gətirib çıxarır. Artıq Azərbaycan alimləri beynəlxalq elmi platformalarda öz tədqiqatlarını təqdim edir, beynəlxalq indeksli jurnallarda məqalələr dərc etdirir, nüfuzlu konfranslarda iştirak edirlər.
Azərbaycan elminin qarşısında duran əsas çağırışlardan biri də elmi araşdırmaların iqtisadiyyata, sənayeyə və sosial həyata inteqrasiyasıdır. Yəni, fundamental elmi biliklər real həyat problemlərinin həllində daha geniş tətbiq olunmalıdır. Bu gün Azərbaycan alimləri müxtəlif sahələrdə əhəmiyyətli tədqiqatlar aparır, dünya elmi ictimaiyyəti ilə əməkdaşlıq edirlər. Fizika, kimya, biologiya, nanotexnologiya, süni intellekt, alternativ enerji, kosmik tədqiqatlar və digər sahələrdə mühüm elmi işlər görülür.
Azərbaycan dövlətinin elmə verdiyi dəstək son illərdə daha da güclənib. Prezident yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının elmi layihələri, xarici universitetlərlə əməkdaşlıqlar alimlərə yeni imkanlar yaradır.
Elm gününün geniş şəkildə qeyd olunması həm də Azərbaycan alimlərinin nailiyyətlərinin ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətlidir. Bu, həm ölkədaxili, həm də beynəlxalq müstəvidə Azərbaycan elminin imicini gücləndirir.
Elm Günü - yalnız bir bayram deyil, həm də düşünmək, dəyərləndirmək və gələcəyə baxmaq üçün bir fürsətdir. Azərbaycanda bu günün qeyd olunması dövlətin elmə, alimlərə və gələcəyin qurulmasına verdiyi dəyərin rəmzidir. Müstəqil, müasir və rəqabətqabiliyyətli bir dövlətin qurulması üçün elmin inkişafı hər zaman əsas prioritet olmalı və elm ictimaiyyətin diqqət mərkəzində saxlanmalıdır. Unutmayaq ki, elm gücdür və bu güc gələcəyimizi formalaşdıran ən önəmli resursdur.
Elm Günü yalnız alimlərin, elmi tədqiqatçılarının və akademik dairələrin bayramı deyil. Bu gün bütün cəmiyyətin gələcəyinin necə qurulacağını müəyyənləşdirən bir məqamdır. Çünki elmin inkişaf etdiyi yerdə tərəqqi var, yenilik var, gələcək var!
Azərbaycan elmi daim irəliləməli, dünyada tanınmalı və müasir texnologiyalarla ayaqlaşaraq qlobal elmi proseslərə fəal şəkildə qoşulmalıdır. Çünki elm milli gücün, tərəqqinin və suveren inkişafın açarıdır.
Elm cəmiyyətin yüksəlişidir. Onu inkişaf etdirmək isə hər birimizin borcudur!
Şəhla TAHİRQIZI, AMEA-nın MEK-in direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.