Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Heydər Əliyev şəxsiyyətin miqyası və missiyası” - konseptual monoqrafiya haqqında
07.04.2025 14:25
  • A-
  • A
  • A+

“Heydər Əliyev şəxsiyyətin miqyası və missiyası” - konseptual monoqrafiya haqqında

Elm müstəqil Azərbaycanın dövlət siyasətinin

 prioritet sahələrindəndir.

Prezident İlham Əliyev

Hər bir Tarixləşən Liderə Zaman və Məkan fəlsəfəsindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü  Tarix Yazır, Zamandan da Uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, hətta gələcək üçün Vətəninin İnkişaf Yolunun dahiyanə qərarlarını göstərir. Ulu Öndər müasir Azərbaycanın Milli İnkişaf Konsepsiyasının - yeni İntibah Yolu strategiyasının qurucusudur.

Müasir Azərbaycanın ideoloji-siyasi İnkişaf Yolunu müəyyənləşdirən, XX əsrin sonunda Dövlətçilik İnstitutunu formalaşdıran ulu öndər Heydər Əliyevdir. Bu Yolda siyasi strateqin həyat və fəaliyyəti bütövlükdə Azərbaycanın XX əsr 70-ci illərindən XXI əsrə keçid ərəfəsi ilə yazılan siyasi tarixi fəlsəfədir.

Ulu öndərin dövlət quruculuğu fəaliyyəti siyasətşünaslıqda «Heydər Əliyev məktəbi» kimi qiymətləndirilir. Bu real gerçəklik müasir Azərbaycanda “Heydər Əliyev Yolu” adlanır. Bu yol çox keçməkeşlərdən, sərtliklərdən keçmişdir. Bu Yolda, siyasi iradəli, peşəkar dövlətçi  Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın siyasi-ictimai inkişafının ən mühüm iqtisadi-ideoloji prioritetlərini əhatə edir:

Heydər Əliyev strateji yolunun məntiqi əsası – çoxsahəli inkişaf fəaliyyəti, bəşəri dünyagörüşü və zəngin milli mədəni-mənəvi, siyasi-hüquqi təlimləri əhatə edən dövlət quruculuğunun siyasi-ideoloji baxışlar sistemidir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik kursu haqqında zaman-zaman çoxcildli əsərlər yazılır və yazılacaqdır.

Hər bir müfəssəl paradiqmalı elmi-tədqiqat əsərinin təqdimi əhəmiyyətlidir. Elmi əsər mətnli kitablar məxəzdir, mənbədir. Dünyanın bəşər mədəniyyətinin, dövlətlərin, şəxsiyyətlərin, cəmiyyətin dünəni məhz bu günümüzə misilsiz dəyəri olan əsərlər, yazılı kitablar vasitəsilə öyrənilərək araşdırılır.

Müstəqil Azərbaycan Dövlətçilik İnstitutunun qurucusu Böyük Heydər Əliyev şəxsiyyəti missiyasının elmi-konseptual və paradiqmal-nəzəri əsasının çoxistiqamətli tədqiqi haqda yenicə nəşr olunan “Heydər Əliyev şəxsiyyətin miqyası və missiyası” fundamental monoqrafiya məhz bu kontekstləri ehtiva edir.

Diqqətə yetirək ki, monoqrafiyanın özəlliyinin məqsədi müstəqil Azərbaycanda dövlətçilik institutunun siyasi-fəlsəfi-strateji tarixinin çoxtərəfli elmi-nəzəri komponentlərinin Ulu öndər Heydər Əliyev – Lider Şəxsiyyətin genişmiqyaslı missiyasına nəzərən təhlilidir.

Fundamental əsərin mühüm göstəricisi yeni məzmunda yeni mənbə, məxəz, sənəd, çoxsaylı elmi ədəbiyyat, rəsmi dövlət sənədləri, milli qanunvericilik və beynəlxalq hüquqi normativlər əsasında araşdırılma aparılmasıdır.

Ulu öndər Heydər Əliyevin dahiyanə kəlamına müraciət edək: “Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Məhz bu nöqteyi-nəzərdən də Prezident İlham Əliyev diqqətə yetirir ki: “Heydər Əliyev çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Mən bir daha demək istəyirəm ki, bu qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə bilik, savad, elmin inkişafı lazımdır”.

Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin  Azərbaycanda elmin inkişafının qayğısı ilə əlaqədar kəlamlarını da başqa vəsiyyətləri kimi nəzərə alaraq, ölkədə gedən yeni islahatlar paralelliyində həyata keçirir, elmin və təhsilin inteqrasiyası, multidissiplinarlığının modernliyini klassikliklə, bəşəri ilə millinin vəhdət inkişafında dəstəkləyir.

Yenə ulu öndər Heydər Əliyevə müraciət edək: “Elmimizin, mədəniyyətimizin, təhsilimizin insanların mədəniyyətini daha da yüksəklərə qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri vəzifələrdən biridir”.

Bu kontekstdən də AMEA prezidenti, akademik İsa Həbibbəyli yazır: “Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir”.

Fundamental monoqrafik elmi-nəzəri bölmələrdən ibarət əsər məhz adı ilə vəhdət daşıyır. Əgər missiya – ali məqsəddirsə, ali məqsəd də missiyadan yaranır və onu həll etmək üçün fəaliyyət, məsuliyyətli vəzifə statuslu rolun həyata tətbiqi qlobal miqyaslı problemlərin həlli zərurətini qarşıya qoyur. Missiya səbəbdirsə, miqyas nəticələrin hədəflənməsidir.

Professor İlham Məmmədzadə qeyd edir ki: “Missiya yalnız status deyil, missiya həm də olmayanı yaratmaqdır”.

Örnək Fenomen dövlət strateqi Heydər Əliyevin həyatı, siyasi fəaliyyət Yolu əsərin birinci bölümündə dövlətin qüdrətli memarı, fitri dünyagörüşü, liderlik məktəbi Azərbaycanı dünyaya tanıdan dahiliyi, dövlətçilik kursu, milli təhlükəsizlik və milli ordu quruculuğu, informasiya cəmiyyətini formalaşdırması, gender siyasəti mətnli araşdırmalarda geniş məzmunda nəzərə yetirilir.

Monoqrafiyanın ikinci bölümü müstəqil Azərbaycanın ideoloji milli istiqaməti - azərbaycançılıq, dövlətin dil siyasəti, Cənubi Azərbaycan məsələləri sənəd və mənbələrlə öyrənilibdir.

Qiymətli mənbələrlə zəngin monoqrafiyanın üçüncü bölümündə elm və təhsilə Ulu öndərin hamilik komponentləri, Akademiyanın statusu, akademiklik seçkisi, Azərbaycan tarixi, həmçinin milli təhsilin inkişaf dinamikası əks olunubdur.

Geniş məzmunlu əsərin dördüncü bölümündə Ulu öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə münasibəti, milli-mənəvi və ədəbi-estetik dəyərlərin dövlət idarəçiliyində strategiyası, həmçinin HeydərƏliyev şəxsiyyətinin sənətdə obrazı yeni mənbələrə nəzərən təhlil edilmişdir.

Fundamental elmi əsərin beşinci bölümündə Ulu öndərin beynəlxalq münasibətlər sahəsində çoxşaxəli fəaliyyəti, xarici siyasət modeli, diplomatiyası, Şərq və Türk dünyası strateji kursunun müəyyənləşdirməsi yolu işıqlandırılmışdır.

Fundamental monoqrafiyanın nəticəsi akademik İsa Həbibbəyli tərəfindən araşdırılaraq müstəqil Azərbaycanın dövlətçilik kursu Heydər Əliyevdən İlham Əliyevə paradiqmal siyasətinin əhatəli təhlili ilə yekunlaşır.

Monoqrafiyanın obyekti Heydər Əliyev – Rəhbər, Dövlət Xadimi, Lider, Dahi, fenomen şəxsiyyət, Strateqlik məktəbidirsə, predmeti də Heydər Əliyev siyasi-diplomatik, ictimai-mədəni, ədəbi-bədii-mənəvi Yolunun dərsləri elmi-nəzəri mətndə işıqlandırılmışdır.

Monoqrafiyanın diqqətçəkən özəlliyi çoxsaylı müəlliflər heyətinin AMEA-nın tanınan alimləri, ictimai xadimləri tərəfindən ayrı-ayrı məqalələr və mövzularla, bir heyətdə araşdırma aparmasıdır.

Monoqrafiya elmi-tədqiqatın tələbləri səviyyəsində yazılmış, elmi ictimaiyyətə, doktorant-dissertantlara, tələbələrə, həmçinin siyasi və ictimai qurumlara, hakimiyyət strukturları üçün elmi maarifləndirici, məlumatlandırıcı qiymətli mənbə vasitə olması zəruridir.

Günümüzün qiymətli, dəyərli, sanballı, gərəkli olan tədqiqatlardan ibarət fundamental “Heydər Əliyev şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasının ideya rəhbəri AMEA Prezidenti akademik İsa Həbibbəyli, Elmi redaktoru akademik Arif Həşimovdur.

Monoqrafik əsərin bir özəlliyi də 2025-ci ilin Prezident İlham Əliyevin elan etdiyi “Suverenlik və Konstitusiya” ilinə də layiqli elmi töhfə olmasıdır.

Ulu Öndər Heydər Əliyev Akademiyanı “Elmin məbədi” adlandırıb, Prezident İlham Əliyev də bu paralellikdə “Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm” deyə vurğulayır.

Fikrimizi Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın sözləri ilə bitirək: “Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.

Həqiqətdir, Ulu öndər müasir Azərbaycanda “Heydər Əliyev məktəbinin dərsləri” ilə Dövlətin qurucusu, yaradıcısı, öyrədici, yol göstərici Böyük Müəllimi – Fenomen Rəhbər Lideridir.

“Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” monoqrafiyası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mübarizələrlə dolu həyatını və çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərini əhatə edən sanballı fundamental elmi tədqiqat əsəri kimi mühüm əhəmiyyətə malikdir.

Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor                          

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: