Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2025 16:07
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyində 18 may - 18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində Hüseyn Cavidin 4 iyun həbs edilməsinin 88-ci ildönümü münasibətilə “Sükuta məhkum edilən səslər” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və aparatın əməkdaşları iştirak ediblər.

Hüseyn Cavidin Ev Muzeyinin direktor vəzifəsini icra edən Lalə Əliyeva tədbiri açaraq bildirib ki, hər il ölkəmizdə 18 may-18 iyun tarixləri arasında “İnsan Hüquqları Aylığı” keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən irəli sürülən bu təşəbbüsün məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində ictimai maarifləndirməni gücləndirməkdir. Hüseyn Cavidin Ev Muzeyində şairin 4 iyun həbs gününə həsr edilən “Sükuta məhkum edilən səslər” adlı tədbir də bu aylıq çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir. Hüseyn Cavid və repressiya qurbanı olan minlərlə insanın hüquqları pozulub. Lalə Əliyeva sözü Ombudsman Səbinə Əliyevaya verib. O, Hüseyn Cavidin Azərbaycanın milli-mənəvi dəyərlərində xüsusi rolunun olduğunu qeyd edərək, insan hüquqları pozulan bütün repressiya qurbanlarının xatirəsini anmağın hər birimizin borcu olduğunu bildirib. İnsan hüquqlarından geniş bəhs edən Səbinə xanım muzey haqqında da öz təəssüratlarını bölüşüb.

Daha sonra muzeyin əməkdaşları Nübar Məmmədova “İnsan hüquqları və siyasi repressiyalar: tarixdən dərslər”, Nigar Babaxanova “Muzey və insan haqları”, Validə Həsənova “Tarixin səssiz harayları”, Kəmalə İsmayıllı “Sükuta məhkum edilən səslər”, Fatimə İsayeva “1937-ci il repressiyalarının mənəvi itkisi: Hüseyn Cavid” adlı mövzularda çıxışlar ediblər.

Tədbirdə, həmçinin muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyevanın müəllifliyi ilə çap olunmuş “Hüseyn Cavidin epistolyar irsi” adlı kitabın təqdimatı keçirilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda dramaturq şair Hüseyn Cavidin müxtəlif  şəxslərə, həmçinin ailəsinə, iki il ərzində həbsdə olarkən və sürgündən göndərdiyi məktublar yer almaqdadır.

Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında hazırlanmış “Sükuta məhkum edilən səslər” adlı tematik kitab sərgisi ilə tanış olublar və xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: