AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə beynəlxalq elmi layihəsinin müzakirəsi keçirilib. Tədbirdə AMEA Rəyasət Heyəti aparatı, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Elmlər Akademiyası ilə əməkdaşlığın inkişafından, Azərbaycan-gürcü elmi-ədəbi əlaqələrindən danışıb, əhəmiyyətini diqqətə çatdırıb. Xüsusilə son illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Gürcü Ədəbiyyatı İnstitutu arasındakı elmi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan akademik İsa Həbibbəyli “Nizami Gəncəvi və Şota Rustaveli” mövzusu üzrə birgə layihənin birinci mərhələsinin uğurla başa çatdığını bildirib. Qeyd edib ki, tədqiqat nəticəsində yazılmış monoqrafiya Azərbaycan və gürcü dillərindən başqa, Kembricdə ingilis dilində nəşr olunub. “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” mövzusunda ikinci mərhələdə isə təkcə ədəbiyyatın deyil, incəsənət sahələrinin də əhatə olunacağını qeyd edən Akademiya rəhbəri növbəti tədqiqata Ədəbiyyat İnstitutu ilə birgə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, eləcə də AMEA Gəncə Bölməsinin Nizamişünaslıq Mərkəzinin, Rəyasət Heyəti aparatının Akademiya Muzeyinin əməkdaşlarının da cəlb edilməsinin məqsədəuyğun olduğunu bildirib. Mövzu üzrə müxtəlif elmi istiqamətlərin işlənib hazırlanması barədə tövsiyələrini diqqətə çatdırıb.
Sonra Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani çıxış edərək birinci mərhələnin uğurla başa çatdığını və yüksək elmi nəticə əldə olunduğunu deyib. Birgə layihənin növbəti “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” mövzusunda ikinci mərhələsi üzrə qarşıya qoyulan vəzifələr, tədqiqatın məqsədi, vəzifəsi, nəzərdə tuttulan istiqamətlər və gözlənilən nəticələr barədə danışıb. Nəticədə iki hissədə mükəmməl monoqrafik tədqiqat əsərinin meydana çıxacağını, layihənin böyük elmi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan professor İrma Ratiani əsərin təkmlilləşdirilmiş yekun variantının Kembricdə ingilis dilində nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Müzakirə zamanı AMEA-nın Memarlıq və İncəsənt İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini professor Maka Elbakidze, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututun əməkdaşlarından filologiya elmləri doktoru İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva və başqaları çıxış edərək mövzu üzrə fikir və mülahizələrini bildirib, təkliflərini səsləndiriblər.
Sonda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli layihənin plan-prospektinin işlənib hazırlanması, müəlliflər heyətinin seçilməsi, mövzu üzrə nəzərdə tutulan istiqamətlərin müəyyən edilməsi barədə müvafiq təkliflərini verib, tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, Qeyd edib ki, “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə layihəsinin meydana çıxması ilə Azərbaycan-gürcü elmi əlaqələrində yeni səhifə açılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.