Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərinə böyük diqqət ayrılır
12.04.2025 13:15
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərinə böyük diqqət ayrılır

Bu gün bütün dünyada süni intellekt texnologiyaları sürətli inkişaf mərhələsindədir. Bu sahədə baş verən yeniliklər qlobal miqyasda həm elmi, həm də iqtisadi, tibbi, sosial  və digər proseslərə ciddi təsir göstərməkdədir. Süni intellekt ictimai həyatın bütün sferalarına nüfuz edərək insanların həyat tərzini və iş prinsiplərini dəyişməkdədir. Ölkəmizdə də bu tendensiyalar geniş şəkildə müşahidə olunur, həm dövlət, həm də özəl sektor səviyyəsində süni intellektin tətbiqinə və inkişafına diqqət yetirilir. Dövlət əhəmiyyətli sənədlərdə bu məsələlərə xüsusi yer ayrılır.  Süni intellektin inkişafı ilə bağlı  həyata keçirilən tədbirlər, innovativ layihələr və aparılan tədqiqatlar bu sferanın gələcək inkişafı üçün geniş perspektivlər açır.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamının əsas məqsədi də ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, yüksəkixtisaslı kadr potensialını gücləndirmək, eləcə də süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etməkdir. Bu strategiya müvafiq dövlət qurumları, elmi müəssisələr, bu sahədə tədqiqatlar aparan alim və mütəxəsisslərin qarşısında mühüm vəzifələr qoyur. Süni intellekt strategiyasının təsdiq edilməsi həm də ölkənin bu sahədəki gələcək inkişaf prioritetlərinin müəyyən edilməsi baxımından  mühüm qərardır.

AMEA da dünyada və ölkəmizdə süni intellekt sahəsində baş verən köklü dəyişiklikləri, eləcə də süni intellekt strategiyasından irəli gələn hədəf və vəzifələri nəzərə alaraq, bu istiqamətdə fəaliyyətini yenidən qurur, kompleks islahatlar aparır. Akademiyada süni intellektin müasir elmin müxtəlif sahələrinə təsiri, onun imkanlarının Azərbaycan elmi və cəmiyyətinə verdiyi töhfələrə dair araşdırmalar aparılır, süni intellektlə bağlı yeni şöbələr yaradılır, dissertasiya işləri yazılır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında humanitar sahələrdə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılır. Süni intellektdən tarix, dilçilik, ədəbiyyat, fəlsəfə və digər elm sahələrdə istifadə, bu sahələrin daha sürətli şəkildə öyrənilməsinə yeni imkanlar yaradır. Bu kontekstdə AMEA-nın müxtəlif elmi qurumları süni intellektin nəzəri və praktiki aspektlərinin araşdırılması, multidissiplinar tədqiqatların aparılması, bu sahədə elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsiyüksəkixtisaslı kadrların hazırlanması istiqamətində konkret addımlar atır. Akademiyada keçirilən beynəlxalq və yerli elmi konfranslar, seminarlar və təlimlərdə süni intellektin inkişafına xidmət edən məsələlərə diqqət ayrılır.

Daim müasir elmin çağırışlarını rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirir. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiyaşöbəsi yaradılıb ki, bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılmış, elmi nəşrlərin veb-saytları hazırlanmış, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatoru verilmiş və digər mühüm işlər görülmüşdür.

AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi robot texnologiyaları sahəsində mühüm işlər aparır. “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) adlı robot məhz bu şöbənin mütəxəssisləri tərəfindən hazırlanmışdır. 

2024-cü ildə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə və Rusiya alimlərinin iştirakı ilə “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda “Süni intellekt və gender”, “Süni intellekt-cəmiyyətdə insanlıq meyarı”, “Müasir dünyada insanın və süni intellektin rəqabəti” və digər mövzularda məruzələr təqdim olunmuşdur.

Həmçinin ötən ilin iyul ayında AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans baş tutmuşdur. Tədbirin açılış mərasimində akademik isa Həbibbəyli qeyd etmişdir: “Bu gün ilk dəfə olaraq Rəyasət Heyətində süni intellekt və rəqəmsal inkişafa həsr edilmiş elmi konfrans keçirilir və konfransın məqsədi qloballaşan dünyanın cari çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini və gələcək istiqamətlərini təhlil edərək, ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, onların nailiyyətlərinin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaqdan ibarətdir”.

Tədbirdə “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” və “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” adlı seksiyalarda süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələr aparılmışdır.

Cari ilin mart ayında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilən “Suverenlik, süni intellekt və müasir şüur problemi” mövzusunda beynəlxalq konfransda fəlsəfə elminin süni intellektlə əlaqəsinə dair müzakirələr aparılmışdır. Tədbirdə bildirilmişdir ki, bu gün fəlsəfə süni intellektdən kənarda qala bilməz. Demək olar ki, bütün sahələrdə süni intellektin xidmətlərindən  istifadə olunur. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə alimlər də öz işlərini inkişaf etdirmək üçün müasir texnologiyalardan faydalanmalıdır.

Bu yaxınlarda AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudovun “Süni intellektin linqvistik problemləri” monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiyada süni intellektin yaranması, mahiyyəti, başqa elm sahələri, eləcə də dilçiliklə əlaqəli olan sahələri araşdırılmıdşır. Monoqrafiya dilçiliyin yeni istiqamətləri və süni intellekt problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Bundan başqa, AMEA-nın Dilçilik İnstitutunda türkdilli ölkələrdən ilk dəfə olaraq Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur. ETN İdarəetmə Sistemləri və Dilçilik institutlarının birgə əməkdaşlığı çərçivəsində süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində iş aparılır. Lüğətin ilin sonuna qədər nəşr olunması nəzərdə tutulur. Həmçinin Dilçilik İnstitutunda “Kompüter dilçiliyi” şöbəsi fəaliyyətə başlamışdır.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda isə “İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi” şöbəsi  yaradılmışdır.

Aprelin 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiqinin vacibliyini bir daha vurğulamışdır. Bildirmişdir ki, AMEA-da rəqəmsal arxeologiya, rəqəmsal ədəbiyyat, rəqəmsal tarix və digər  istiqamətlərdə yeni qurumların yaradılması, onların fəaliyyətinin təmin edilməsi üçün təşkilati tədbirlər davam etdirilir: “Qarşımızda duran əsas vəzifələrdən biri süni intellekt və rəqəmsal inkişafın humanitar və ictimai elmlərə tətbiqini genişləndirməkdir. Müasir çağırışlara cavab verə bilmək üçün ədəbiyyat, dilçilik və tarix kimi sahələrdə süni intellekt texnologiyalarından istifadə genişləndirilməlidir. Bu kimi konfranslar isə süni intellektin humanitar elmlər üçün zəruri və əhəmiyyətli olduğunu bir daha sübut edir”.  

Bütün bunlar AMEA-nın öz fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqinə, onun müxtəlif elmi, texnoloji və ictimai aspektlərinin hərtərəfli araşdırılmasına xüsusi önəm verdiyini göstərir. Süni intellektlə bağlı aparılan tədqiqatlar, bu sahənin ölkəmizdə elmi tərəqqiyə və rəqəmsal transformasiyaya töhfəsini artırmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də möhkəm zəmin formalaşdırır.

Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: