AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə 12 aprel – Dünya Aviasiya və Kosmonavtika gününə həsr olunmuş konfrans keçirilib. Konfransda 5 nömrəli UGİM-in Elm və texnika şöbəsinin müəllimləri və dərnək üzvləri ilə birgə Fizika İnstitutunun kollektivi iştirak edib.
Konfransı giriş sözü ilə Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov açaraq rəhbərlik etdiyi institut haqqında geniş məlumat verib.
Sonra 138 nömrəli məktəbin "Əyləncəli fizika" dərnəyinin dərnək üzvləri "Buxar turbini – istilik enerjisini hərəkət enerjisinə çevirən bir qurğudur" mövzusunda öz təqdimat və slaydlarını təqdim edib, mövzu ətrafında iştirakçılara geniş məlumat verib.
Daha sonra şagirdlər EEG headset texnologiyası ilə beyin siqnallarını istifadə edərək robot qolun nə üçün və harada istifadə olunması, onun planı haqqında, hipertoniya-yüksək qan təzyiqinin səbəbləri, müsbət və mənfi cəhətləri, qarşısının alınması haqqında, daxili yanma mühərrikləri və onların ixtiralarından, mənfi və müsbət cəhətləri, nəticə və gələcək perspektivləri haqqında, elektrik cərəyanı, daimi cərəyan və alternativ cərəyan, hər iki cərəyan növünün xüsusiyyətləri, istifadə sahələri və üstünlükləri haqqında, xüsusi ərimə istiliyi haqqında və elmin digər sahələri haqqında konfrans iştirakçılarına slayd təqdim etməklə ətraflı məlumat veriblər.
5 nömrəli UGİM-nin direktoru Elza Orucova çıxışında institutun kollektivinə təşəkkürünü bildirib. Elm və texnika şöbəsinin metodisti Xeyrənsə Hümmətova Elm günü haqqında ətraflı məlumat verdikdən sonra I və II Elm festivalından hazırlanmış videoçarx izlənilib. Texniki şöbənin fəaliyyətindən, dərnəklərindən ətraflı məlumat verərək bu şöbədə 700-dən çox şagirdin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil edilməsinə, yaradıcılıq qabiliyyətlərinin, məntiqi təfəkkürlərinin inkişafına, proqram materialının dərindən mənimsənilməsinə, məktəblilərin müstəqil bilik qazanmağına, sərbəst fikir söyləməyinə, təşkilatçı, lider olmaqlarına yaxından köməklik göstərdiklərini bildirib.
Konfransda fizika üzrə fəlsəfə doktorları Suma Hüseynova, Mobil Kazımov və Lalə Əliyeva da çıxış ediblər.
Tədbirin sonunda 5 nömrəli UGİM-in Elm və texnika şöbəsinin müəllimləri və dərnək üzvləri Fizika İnstitutunda elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olub, aparılan tədqiqat işləri haqqında iştitakçılara məlumat verilib.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.