İranda indiki etirazların təsiri ilə hakim dairələr hicabın icbari olmaması haqqında qanun qəbul eləsə, nələrin baş verəcəyini ehtimal etmək olar. Hicab örtüyünün icbari olmaması qadınların geyimlərində yenidən inqilabi dəyişikliyə gətirib çıxarar. Onlar geyim azadlığına nail olmağa çalışar, qanuni olmasa da, praktiki olaraq İslam geyimlərindən imtina edərlər.
Geyim bir tərəfdən insanın fəaliyyət sahəsi, digər tərəfdən davranışı ilə sıx bağlıdır. İranda hicab və geyimin sərbəstləşdirilməsi qadınların bütün ictimai, siyasi, mədəni qurumlarda fəaliyyətinin genişlənməsi və fəallaşmasına şərait yaradar. Yəni onlar kişilərlə bərabər eyni yerdə müxtəlif tədbirlərdə rəsmi və qeyri-rəsmi şəkildə iştirak edər, indiyə qədər girişləri qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələrə daxil olarlar. Bununla da mədəni-məişət sahəsinin tənzimlənməsində İslam normalarına ehtiyac qalmaz.
Əgər tək bir sahədə fəaliyyətin tənzimlənməsində İslam normaları kənara qoyularsa, onda digər sahələrdə də eyni tələblər irəli sürüləcəkdir. Bu halda bütün qanunvericilik, məhkəmə qanun və qərarlarına yenidən baxılmalı və islam normaları həmin sferadan uzaqlaşdırılmalıdır. Əgər bu, baş verərsə, onda İslam normalarının günün tələblərinə cavab verməməsi aşkar olar və dinin dövlətdən ayrılması tələbi ortaya çıxar.
Göründüyü kimi, hicab adi bir problem deyil, sistemin varlığı ilə bağlı məsələdir. Ona görə mövcud hakimiyyət var gücü ilə hicabın qorunmasına çalışacaq. Hicab haqqında qanuna heç bir dəyişiklik etmək və ya onu ləğv etməkdən söhbət gedə bilməz. Sadəcə qanunun icra olunmasına dırnaqarası baxıla bilər. Bu da bir tərəfdən hicabın vacib element kimi sistemdə varlığını qorumağa, digər tərəfdən, insanların müqavimətini azaltmağa yardım edə bilər.
Bir sözlə, hicab mövzusuna İran ictimai-siyasi və mədəni mühitində adi bir məsələ kimi baxmaq olmaz. Hicab bu ölkədə aşağılar üçün olduğu kimi, yuxarılar üçün də taleyüklü məsələdir və hadisələrin inkişafı onun necə həll ediləcəyindən asılıdır.
Səməd BAYRAMZADƏ, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru