Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 09:24
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin martı

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin martı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 mart. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ordu quruculuğuna həsr olunmuş müşavirə keçirdi.

4 mart. Kənd təsərrüfatı problemlərinin həlli ilə bağlı müşavirədə çıxış etdi.

Cəbhəyanı bölgələrin icra hakimiyyəti aparatlarının rəhbərləri ilə görüşdü.

6 mart. BMT-nin nümayəndə heyətini qəbul etdi.

7-11 mart. Çin Xalq Respublikasında rəsmi səfərdə oldu.

12 mart. Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

13 mart. Respublika din xadimlərinin bir qrupu ilə görüşdü.

14 mart. Ramazan bayramı münasibətilə Şüvəlanda Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət etdi.

Buzovnada Həzrət Əli qədəmgahı məscid–ziyarətgahında, Maştağa qəsəbəsində Cümə məscidində oldu.

15 mart. Dünya Bankının departament direktorunu və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilini ayrı-ayrılıqda qəbul etdi.

18 mart. Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “Müharibə vaxtı insanpərvərlik” mövzusunda sərginin açılışında iştirak etdi.

19 mart. Cəbhə bölgələrindəki vəziyyətlə bağlı müşavirə keçirdi.

20 mart. Novruz bayramı münasibətilə xalqa müraciət etdi.

21 mart. Nizami meydanında keçirilən Novruz bayramı şənliklərində çıxış etdi.

26 mart. Məşhur cərrah Cavad Heyətlə görüşdü.

29-30 mart. Milli Məclisin 1990-cı il 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

30 mart. Pambıq səpininə hazırlıqla əlaqədar müşavirə keçirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıtdığı dövrdə ölkə dərin iqtisadi böhran içərisində idi. Ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, dahi rəhbər iqtisadiyyatın dirçəldilməsi, eləcə də əhalinin ərzaqla təmin edilməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir, bu sahədə islahatlar aparılmasını zəruri hesab edirdi. 1994-cü il martın 4-də kənd təsərrüfatı problemlərinə dair müşavirədə nitq söyləyən Prezident Heydər Əliyev bu sahədə daxili imkanlardan istifadə edilməsinin vacibliyini vurğuladı.

Sitat: Respublikanın böhran vəziyyətində, müharibə şəraitində olması müstəqil Azərbaycanı həddindən ziyadə ağır vəziyyətə salmışdır. Bunlar hamısı əhalinin həyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız, ictimaiyyət bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq...

Biz elə bu şəraitdə, bu dövrdə çox iş görə bilərik. İndi artıq mart ayıdır. Yaz tarla işləri sürətlə aparılmalı, hər bir təsərrüfat, hər bir rayon öz imkanlarından istifadə etməli, Kənd Təsərrüfatı Nazirliyi, başqa nazirliklər, müvafiq orqanlar, Nazirlər Kabineti bu məqsədlə bütün daxili imkanları səfərbərliyə almalıdırlar.

Müstəqil Azərbaycan Respublikasının digər dövlətlərlə münasibətlərinin yaradılmasında Heydər Əliyevin böyük xidmətləri oldu. Bu baxımdan Azərbaycan-Çin münasibətlərini qeyd etmək olar. Azərbaycan Prezidenti martın 7-dən 11-dək Çin Xalq Respublikasında (ÇXR) ilk rəsmi səfərdə oldu. ÇXR-in sədri Tszyan Tszemin və Dövlət Şurasının Baş naziri Li Pen ilə görüşdü. Səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, habelə hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, tibb, radio və televiziya, turizm sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə sənədlər imzalandı. Martın 8-də mətbuat konfransı keçirən Heydər Əliyev səfərin ilkin yekunlarından razılıqla bəhs etdi. Eyni zamanda bunu da vurğuladı: “Azərbaycan gənc müstəqil dövlətdir, öz tarixinin çətin mərhələsini yaşayır. Buna görə də çox vacibdir ki, Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək səviyyədə əlaqələr yaradılmış və münasibətlərimizin daha da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açılmışdır. Biz buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq Respublikası dünya iqtisadi sistemində mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasətində böyük nüfuza malikdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.

Ulu Öndər mətbuat konfransında Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, münaqişənin həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən Çinin səylərini birləşdirməyin vacibliyini də diqqətə çatdırdı.

Martın 9-da Prezident Heydər Əliyev Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində çıxış edərkən Azərbaycan haqqında, ikitərəfli münasibətlər barədə danışdı. Səfər çərçivəsində, həmçinin Çinin Şanxay şəhərinə gedərək buradakı azad iqtisadi zona, Çin iqtisadi modeli ilə tanış oldu.

Dahi rəhbər respublikada hakimiyyətə qayıtdığı dövrdə cəmiyyətin dini-mənəvi həyatında bir sıra ziddiyyətlər mövcud idi. Bu vəziyyət Heydər Əliyevi dərindən düşündürür, dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytarmağı vacib hesab edirdi. Ramazan bayramı münasibətilə Şüvəlanda Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət edən Ulu Öndər ziyarətgahlara toplaşan insanların qarşısında çıxışları zamanı oruc tutmağın fəzilətləri barədə danışdı, eyni zamanda, hər kəsi Vətənin müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa səslədi: “Xalqımız milli azadlığa çıxıb, dövlətimiz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimizi necə istəsək, elə də quracağıq. “Ev” deyəndə, mən Azərbaycanı nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi isıqlı quracağıq. Əgər biganə qalsaq, bəzi hallarda pozğunluğa yol versək bu binanı yaxşı tikə bilməyəcəyik. Gəlin hamımız əl-ələ verərək müstəqil Azərbaycanın, böyük Azərbaycan xalqının binasını, möhtəşəm binanı birlikdə gözəl tikək.

Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi – gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram”.

Milli ənənə və dəyərlərə böyük önəm verən Ulu Öndər Azərbaycanda hələ sovet rejimi dövründə Novruz bayramının xalq arasında yaşadılması üçün şərait yaratmışdı. Novruzun cəmiyyət həyatındakı yerini və rolunu düzgün dəyərləndirən Heydər Əliyev bu bayramı milli ideologiyamızın sütunlarından biri kimi əbədiləşdirdi. 1994-cü il martın 20-də Ulu Öndərin Novruz bayramı münasibətilə xalqa təbriki bu baxımdan səciyyəvidir.

Sitat: Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azərbaycan müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində - martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilmiş, 14 nəfər həlak olmuşdu. Bunu böyük faciə adlandıran Ulu Öndər xalqa müraciətində bu əziz bayramın ağır şəraitdə keçirildiyini, Vətənimizin müdafiəsi uğrunda döyüşlərin davam etdiyini vurğulayırdı“Qəhrəman Azərbaycan Ordusunun hissələri erməni silahlı qüvvələrinin hücumlarına layiqli cavab verir, elimizin, yurdumuzun müdafiəsində etibarlı dayanır və yüksək rəşadət göstərirlər. Bu müharibə Vətən müharibəsidir! Xalqımız Vətənini, torpağını müdafiə etmək üçün ayağa qalxmışdır! İlk addımlarını atan gənc Azərbaycan Ordusu odlu cəbhələrdə döyüş qabiliyyətini gündən-günə artırır. Mən Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini təbrik edirəm. Onlar cəbhədə, səngərlərdə öz sinəsini, qeyrətini, cəsarətini düşmənlərimizə qarşı sipər etmişlər. Mən qəhrəman Azərbaycan övladlarını təbrik edirəm!”

Novruz bayramı günündə Ulu Öndər Bakıdakı Mərkəzi hospitalda yaralı hərbi qulluqçulara baş çəkdi, Binəqədi rayonundakı Həkim-Əmək Ekspertizası və Əlillərin Sosial-Müdafiəsi Mərkəzində oldu, Səttar Bəhlulzadə adına salonda Azərbaycan rəssamlarının Novruz sərgisinə baxdı, Şəhidlər xiyabanını ziyarət etdi.

Ulu Öndər hakimiyyətə qayıtdığı ilk illərdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi məqsədilə davamlı tədbirlər görürdü. Bu addımlardan biri də 1994-cü il yanvarın 5-də “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanın imzalanması oldu. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi üçün xüsusi sessiya keçirmək tövsiyə edilirdi. Beləliklə, Milli Məclis 1994-cü il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi. Həmin Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

  • Paylaş: