Güney Azərbaycanın mütəfəkkir və milli məfkurəli ədibi Səməd Behrəngi XX əsr İran ədəbi və intellektual mühitində dərin izlər buraxmışdır. Ötən əsrin 60-cı illərində Güneydə anadilli ədəbiyyata yeni nəfəs və milli özünüdərk düşüncəsi gətirmiş bu ziyalının yurd sevgisi Arazın hər iki tayında daim rəğbətlə yad edilmiş, işıqlı xatirəsi ürəklərdə yuva salmışdır.
Səməd Behrəngi 1939-cu ilin iyununda indiki Şərqi Azərbaycan vilayətinin paytaxtı və İran türklüyünün mərkəzi sayılan Təbrizin Çərəndab məhəlləsində anadan olmuşdur. O, altıuşaqlı, aztəminatlı fəhlə ailəsinin övladı olaraq kasıb bir mühitdə boya-başa çatmışdır. İbtidai təhsilini öz məhəlləsində aldıqdan sonra Təbrizdəki “Dəbiristanı Tərbiyət” və “Daneşsərayi” müəllimlik məktəblərində oxumuşdur. Ali təhsilini başa vurduqdan sonra Təbriz ətrafındakı Azərşəhr, Məmkan, Goqan, Axircan kimi kənd məktəblərində dərs deməyə başlamış və ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Yazıçı Təbriz universitetinin ədəbiyyat fakültəsini də ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Səməd Behrəngi 29 illik qısa ömründə əzmkar bir kənd müəllimi, folklorşünas, ziyalı və ədib olmaqla yanaşı, həm də özünü ardıcıllar yetişdirməyə həsr etmişdir. İran ədəbiyyatında kənd ədəbiyyatının banilərindən biri kimi qəbul edilən yazıçı yeni tipli uşaq ədəbiyyatının da ilk uğurlu nümunələrini yaratmışdır. XX əsr İran, eləcə də dünya uşaq ədəbiyyatının qabaqcıl nümayəndələrindən biri olan Səməd Behrənginin hekayə və nağılları bu gün də dünya dillərinə tərcümə olunmaqda davam edir.
Təkcə yazıçı və folklorşünas kimi deyil, həm də ictimai fəaliyyəti ilə tanınan soydaşımız istər ədəbi, istərsə də siyasi mövqeyi ilə çoxyönlü təhlilə layiq bir ziyalıdır. “Kiçik qara balıq”, “Bir şaftalı min şaftalı”, “Ulduz və qarğalar”, “Təlxun”, “Bir günlük xəyal və həqiqiqət” “Göyərçinli keçəl oğlan” kimi hekayələri ilə Azərbaycanda geniş oxuyucu kütləsinə xitab edən Behrəngi haqqında indiyədək müxtəlif ədəbi araşdırmalar aparılmışdır.
Müəllim, yazıçı, nasir, publisist kimi Səməd Behrənginin fikir və intellektual inkişafı belə bir şəhərdə, olduqca qarışıq və gərgin bir mühitdə formalaşmışdır. İkinci Dünya müharibəsindən sonra viran qalan İranın şimal şəhərlərindən biri olan Təbrizdə böyüyən Behrəngi 1940-cı illərin ortalarında, sovet təsirinin ən güclü olduğu bir vaxtda yaşamışdır. Behrəngi uşaqlıq və gənclik illərində həm sovet işğalı dövrünə, həm də Tehranın komendat rejiminə şahidlik etmişdir. Demək olar ki, bu dövr Behrənginin şəxsiyyətində və daha sonra əsərlərində iz qoyan iki əsas cəhətə təsir göstərmişdir: sosialist dünyagörüşü və türk kimliyi.
Onun uşaqlıq və gənclik illərində yaşadığı mühit, Təbrizdəki ümumi siyasi vəziyyət ( zülm, senzura, istibdad və s.) Tehranda mərkəzi hakimiyyəti təmsil edən şah rejimi və monarxiyasına baxışına da dərindən təsir etmişdir. Əslində, onun zalım hökumətə qarşı barışmaz mövqeyi, xüsusən də “Koroğlu və Keçəl Həmzə”, “Balaca qara balıq”, “Göyərçinli keçəl oğlan”, “Bir günlük xəyal və həqiqiqət” hekayələrində əks olunmuşdur. Təbrizin sovet sərhədlərinə çox yaxın olması və İran Azərbaycanına sovet mədəniyyətinin təsiri, Təbrizdə Pəhləvi hökümətinə qarşı ümumi narazılıqlar da, şübhəsiz ki, Behrənginin dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir.
Behrəngi siyasi məqalələri və kütləvi mesajlar ehtiva edən ədəbi hekayələri ilə yanaşı, gizli fəaliyyət göstərən “Xalqın fədailəri” təşkilatının Təbriz şöbəsi ilə yaxından əlaqə saxlamışdır. 1968-ci ildə Araz çayında boğularaq dünyasını dəyişdikdən sonra ədibin adı “inqilabi şəhidləri” sırasına daxil edilmişdir. Behrəngi də “mədəni inqilabı” özünəməxsus şəkildə izləyərək dərs dediyi kəndlərdəki yoxsulların övladlarını maarifləndirməyə çalışır. Behrəngi də dövrünün qabaqcıl İran ziyalıları və ədəbiyyatçıları ilə sıx əlaqələrə malik idi, bu simaların əhəmiyyətli bir hissəsi sosialist dünyagörüşünü mənimsəyən ənənədən qaynaqlanırdı.
Behrənginin əsərlərində dərin izlər buraxan “Türk kimliyi” onun bioqrafiyasına mühüm fərqləndirici amil kimi yazılmışdır. Onun yaşadığı 1940–50-ci illər Tehranda Pəhləvi rəhbərliyinin milli azlıqların dillərini sıxışdırılmağa başlandığı bir dövrə təsadüf edir. Behrəngi belə bir dövrdə Azərbaycanın türk mədəniyyəti və türk dili üzərində çalışmışdır. O, istər folklor sahəsindəki toplama əsərləri, istərsə də türkcə yazdığı hekayələr və türk dilinə tərcümə etdiyi əsərlərlə Azərbaycanın türk kimliyinin yaşadılmasında, siyasi təzyiqlərə qarşı fikri müqavimət yaradılmasında mühüm rol oynamışdır.
Azərbaycan türkcəsinin sadiq müdafiəçisi Səməd Behrəngi öz xalqının assimilyasiya yolu ilə fars mədəniyyətinə inteqrasiyasına qarşı qəti və barışmaz mövqeyi ilə tanınan bir ziyalısıdır. Məsələn, sosial satiralarından olan “Xoşbəxt adam” əsərində o, evdə yalnız farsca danışan, övladlarına türk dilini öyrətməyən və türk dilinin cahillərin dili olduğuna inanan türk mənşəli bir ailəni tənqid edir. Əslində, yaxın dostlarının ifadələrinə görə, Behrəngi sovet Azərbaycanındakı həmvətənlərinın etnik və dil bağlarından xəbərdar idi və tezliklə boğularaq öləcəyi Araz çayının bu iki xalqı ayıran sərhəd olduğu qənaətində idi.
Behrənginin Cənubi Azərbaycan ədəbiyyatına həm müəllif hüququ, həm də tərcümə yolu ilə 4 toplu töhfə etmişdir: “Azərbaycan nağılları”, 1-ci cild (1965), “Azərbaycan nağılları”, 2-ci cild (1968), “Tapmacalar-qoşmacalar” (1966), “Parə-parə” (1964). O, bu kitablardan başqa, müasir fars və türk ədəbiyyatından müxtəlif əsərləri də Azərbaycan türkcəsinə tərcümə etmişdir (dövrün senzura siyasətinə görə bu əsərlərin bəziləri Behrənginin ölümündən sonra nəşr olunmuşdur).
1968-ci ildə 29 yaşında Sovet İttifaqı ilə İranı bir-birindən ayıran “Qafqazın dəmir pərdəsi” Araz çayının sularında boğulan Səməd Behrənginin keşməkeşli həyatı sona çatıb, mübarizəsi isə milli məfkurəli soydaşlarımızın Azərbaycan mücadiləsində davam edir.
Lalə BƏDİROVA, AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi