Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Mələk maskalı saxtakarın özünüifşası
02.12.2022 11:28
  • A-
  • A
  • A+

Mələk maskalı saxtakarın özünüifşası

Saxtakarı, riyakarı, ikiüzlünü, yalançını heç vaxt onun özündən artıq heç kim ifşa edə bilməz. Çünki bu cür naqislər adətən, üzünə süni mələk maskası taxmağı xoşlayır və hansı məqamdasa bir anlıq hissə qapılaraq nimdaş maskasını çıxaranda dərhal əsl sifətinin bütün idbarlığı üzə çıxır.

Necə ki, Fransa dövlətinin maraqlarını şübhəli icma maraqlarının güdazına verən, Emmanuel Makron etdi, necə ki, həmin ötürməylə noyabrın 15-də Fransa Senatı etdi, necə ki, noyabrın 30-da həmin ölkənin Milli Assambleyası etdi.

Hansısa mətləbdən üstüörtülü danışıb, qəfilcə əsas məqsədi nə şəkildəsə sözarası dilə gətirəndə el içində deyirlər ki, “xoruzun quyruğu görünür”.

Bu xoruzunsa nəinki quyruğu, elə bütünlükdə özü bizə mahiyyətiylə həmişə bəlli olub, hətta görünməyəndə də təsəvvür edilib. Amma müəyyən siyasi mülahizələrlə adətən, çox çirkinliklər xüsusilə açılıb-ağardılmayıb, müəyyən  məsafə gözlənilib, pərdə saxlanılıb. İnsafən, xoruz özü də heç vaxt indi olduğu kimi qəfildən qızışaraq yekə-yekə xoruzlanmayıb, elə hərdən-hərdən erməniçiliyin qarmağındakı o siyasətçisinin-bu deputatının, o məmurunun-bu vəzifəlisinin timsalında quyruğunu göstərib.

1997-ci ildən Fransa ATƏT-in Minsk qrupunda 3 həmsədrdən biri idi. Ölkəmizin, millətimizin taleyindəki ən ümdə məsələnin həllində 3 əsas münsifdən biri olmaq haqqını ona etibar etmişdik.

2020-nin noyabrındakı şanlı Zəfərimizdən, işğal altındakı torpaqlarımızı öz gücümüzlə, nəhayət ki, azad edəndən sonra faş olmağa başlayan həqiqətlərdən biri də odur ki, Fransa münsif libasında illərcə Qarabağ düyününün açılmasına əngəl törədənlərin ən birincisiymiş.

Kor-kor, gör-gör – sübutu elə indiki hərəkətləri.

Hələ də öz aləmində həmsədr – münsif kimi qala biləcəyini xəyal edən, qatı erməniçi mövqeyini utanıb-qızarmadan ortaya qoyan, olmayanları həqiqət ayağına yazaraq rəsmi dövlət sənədləri səviyyəsində dünyaya bəyan edən Fransanın bağlı qapılar dalında 20 ildən artıq müddətdə hansı məkrləri törətdiyini təsəvvür etmək çətin deyil.

Bir milyona yaxın Azərbaycan qaçqın və məcburi köçkünü münaqişənin guya ki, sülh yolu ilə həllinə kömək edəcəkləri niyyəti ilə ümidini görün kimə bağlamaq məcburiyyətindəymiş.

Fransanın hakimiyyət orqanlarının, bu ölkənin parlamentindəki hər iki palatanın özlərinə qarşı belə alçaldıcı mövqeyi bir yandan acı təəssüf və ikrah oyadır, digər tərəfdən də dövlətin özünü niyə belə naqolay vəziyyətə salması ilə bağlı  düşündürür.

Ənənələri, böyük tarixi olan Fransa dövlətinin bu addımları onun erməni lobbisinin əlində idarə olunan oyuncağa çevrilməsinə əyani göstəricidir. Əlbəttə, bu, ilk növbədə Fransanın dövlət və millət maraqları baxımından acınacaqlıdır. Bu qədər kiçilmənin, əyilmənin səbəbi nədir?

Başqa bir baxımdansa, bunlar yalnız erməniçiliyə yarınmaq naminə Azərbaycan əleyhinə böhtanlar atmaq deyil, bunu sadəcə, 30 ilə yaxın müddətdə ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olmuş bir ölkənin indi öz gücü ilə dünya birliyi tərəfindən rəsmən tanınan torpaqlarını azad etməsindən sonra ona qarşı nüfuzlu bir dövlətin həyasızca “ermənilərin hansısa ərazilərini zəbt etmisən” ittihamı  da saymaq olmaz. Məsələ daha qəliz, bu şərin zərbə dalğası və əhatəsi daha genişdir. Dünya ölkələri həmin təhlükəyə qarşı dirəniş göstərməyə gərək hazır ola.

Fransa indiki qarışıq, narahat dünya üçün yeni çalxalanmalara apara biləcək qorxunc örnək verir. Əvvələn, Senatda və Milli Assambleyada qəbul etdiyi qətnamələr və ölkə başçısının bəyanatları ilə mənəm-mənəmlik iddialı Fransa aləmə car çəkir ki, ağına-bozuna məhəl qoymadan ağa “qara”, qaraya “ağ”, haqlıya “haqsız”, təcavüzə uğramışa “təcavüzkar” deyərək bunu rəsmi dövlət sənədinə çevirə bilər. Bu gün bunu Azərbaycana qarşı edirlər, sabah “uğurlu” sınaqlarından sonra istənilən ölkəyə qarşı döndərərlər. Digər tərəfdən, Avropa İttifaqı Şurasının gerçəkləşdirməyə doğru inamlı irəliləyişlər etdiyi sülh gündəliyinin ziddinə birbaşa təxribatdan ibarət olan bu tərpənişləri ilə Fransa həm də digər beynəlxalq miqyaslı fəsadlara təməllər törədir – erməniçiliyin timsalında ayrı şovinist ideologiyaları körükləyir, revanşist və aqressiv separatçı qüvvələri ilhamlandıran bəd nümunəni ortaya qoyur. Odur ki, Fransadan gələn bu mürtəce dalğanı yalnız bizim ittiham etməyimiz azdır. Oxşar sıxıntılarla üz-üzə olan dövlətlərin hər biri Fransanın bu cür pozucu, eyni zamanda, müdhiş zəncirvari reaksiyaya səbəb ola biləcək hərəkətlərinə ləngimədən qəti etirazı ilə qarşı durmalıdır.

Hər növbəti riyakar addımı ilə maskasını daha artıq yırtan Fransa özü özünə baxmağı unutsa da, dünya onun tarixdəki heç xoş olmayan izlərini də yetərincə bilir, dünyanın dörd bucağında 50-dən artıq dövlətin ərazisindəki işğallarını da unutmur, insanlıq əleyhinə törətdiyi saysız qanlı cinayətləri də danılmaz sübutları ilə yaxşı xatırlayır, soyqırımları tarixindəki ən qəddar və qanlı imzalarından da xəbərdardır, bugünkü daxili vəziyyətini də bütün yaxşılı-yamanlı təfərrüatlarıyla aydınca görür, Fransanın dəstək göstərdiyi separatizmə onun öz içərisindəki separatizmi digərlərinin də eyni şəkildə dəstəkləyəcəyi təqdirdə ölkənin hansı kökə düşə biləcəyini də unutmamasını tövsiyə edir.

Fransa Respublikasını qurmaq, yaşatmaq, ucaltmaq yolunda mübarizələr aparmış, buranı demokratiyanın mərkəzlərindən birinə çevirmək naminə can fəda etmiş yüzlər və minlərin ruhu bu gün ölkəni cılız siyasi avantüraların məngənəsinə salanların əndazəsiz quyruqgöstərmələrini heç vaxt bağışlamaz!

Təkcə Azərbaycanın deyil, elə Fransanın özünün də ali dövlət maraqlarına əks olan, ölkənin siyasət tarixində ləkə kimi qalası biabırçı qətnamələri və yanaşmaları, əlbəttə ki, rədd edir, Fransanı hər addımında öz dövlət devizi olan üçlü milli şüarlara sadiq qalmağa, ədalətə, düzlüyə, gerçək demokratikliyə çağırırıq!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Milli Məclisin deputatı, akademik

Xalq qəzeti”

  • Paylaş: