İranda Azərbaycan türklərinin yaratdığı zəngin ağız ədəbiyyatı nümunələrinin toplanması və nəşri də yazılı əbədiyyat kimi daim basqılara məruz qalıb. Bu səbəbdən AMEA-nın Folklor İnstitutunda yaradılmış Cənubi Azərbaycan folkloru şöbəsi Arazın o tayına silsilə ekspedisiyalar təşkil edib, toplanmış rəngarəng və çoxsaylı folklor materiallarını 12 cilddə nəşr edib.
Çoxcildliyə birinci kitabda yazdığı “Ön söz”də professor İsrafil Abbaslı bildirir: “Belə bir təqdirəlayiq ədəbi-mədəni hadisə xalqımızın yüzilliklər boyu yaranan, yaddaşlarda qorunan şifahi söz sənətinin səciyyəvi cəhətlərini üzə çıxarmaq məqsədi güdür. Kitabda örnəklərin (ərazinin danışıq tərzi, dialekt və şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə təsnifatı aparılıb, söyləyicilər - informatorlar və toplayıcılar haqqında məlumat verilib, mifoloji və folklor obrazları, əşya, predmet, insan, heyvan, kənd, qaya, çay, müqəddəs daşlar, məişət alətləri kimi adlar göstəricisi əlavə olunub”.
Xatırladaq ki, İran türklərinin ədəbi-bədii və folklor irsini nəşr etmək ölkəmizdə əvvəllər də gündəmdə olmuşdur. Bir neçə cilddə nəşr olunmuş “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” (burada folklor örnəkləri də özünə yer almışdır), “Cənubi Azərbaycan müntəxabatı” (1998), professor B.Abdullanın tərtib etdiyi “Arazam, Kürə bəndəm” toplusu, “Qürbət folkloru”, “Bizim ellər yerindəmi” kitabları belə nəşrlərdəndir. Bu silsilənin davamı kimi dəyərləndirilə bilən Güney Azərbaycanın tanınmış folklorşünası M.Ə.Fərzanənin topladığı örnəklər əsasında tərtib edilmiş toplu da Güney Azərbaycan folklorunun nəşri və təbliği işinə xidmət edir.
“Ön söz”də Güneydə folklor nümunələrinin toplanması və nəşri ilə bağlı mövcud çətinliklərdən söz açılaraq bildirilir ki, M.Fərzanənin butaylı folklorşünaslara təqdim etdiyi örnəklərində nəinki təkcə söyləyici və toplayıcılar barədə məlumat verilməmiş, söz sənəti nümunələrinin əksəriyyəti fars dilində uyğun nəşrlərdə çap olunmuşdur. Materiallar orijinallar qorunmadığından farscadan Azərbaycan türkcəsinə tərcümə olunmuşdur. Ana dilinin, oxunun, yazının qadağan olunduğu bu tarixi mərhələni səciyyələndirmək üçün bu faktın özü də kifayətdir.
Güney Azərbaycanda folklor toplamağın çətinliklərindən söz açan şair-publisist və folklorçu Mirhidayət Hesari bildirib ki, Azərbaycan şifahi söz sənəti örnəkləri farscaya çevrilərək həm İran radiosu, həm də mətbuatda fars folklor örnəkləri kimi təqdim olunur. Bununla da fars folkloruna qarışmış nümunələri seçmək, ayırd etmək çətinləşir. Bu baxımdan, M.Hesari Əli Əkbər Dehxudanın dörd cildlik “Məsəllər və hikmətli sözlər” əsərini Azərbaycan folklorunu fars örnəkləri kimi təqdim edən nəşrlərdən sayıb.
53 illik Pəhləvi rejimi dönəmində Azərbaycan türkcəsində danışmağın yasaq olunması, bu məsələ ilə bağlı cərimə tətbiq edilməsi barədə öz xatirələrində söz açan tanınmış dilçi və ədəbiyyatşünas Həmid Nitqi isə yazıb: “İbtidai məktəbdə oxuduğum vaxt dilimiz yasaq olunduğu illər türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, onda mən türkcənin və farscanın fərqinə vaqif oldum. Anladım ki, fərqləri varmış, evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur”. Cavad Heyət “Moğoyesət-ül-lüğəteyn” (“Müqayisəli lüğət”) əsərində 1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlamış və belə bir nəticəyə gəlmişdir ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən istifadə etmişlər.
Bu baxımdan Güney folkloru toplusunda təqdim olunan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbaycan türkcəsinə tərcüməsi zamanı canlı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür. Son illərdə aparılmış araşdırmada Güney Azərbaycan türklərinin ictimai-siyasi, mədəni-mənəvi mühiti belə səciyyələndirilir: “Azərbaycan dilinin, ədəbiyyatının, mətbuatının və bir sözlə desək - Azərbaycan milli-mədəni varlığının yasaq olunduğu illərdə bu mənəvi dəyərlərin ən geniş və kütləvi sahəsi sayılan xalq yaradıcılığı məhsullarının toplanması, araşdırılması və nəşri məsələsi bir yana qalsın, hətta ana dili, xalq varlığı, xalq ədəbiyyatı və xalq inancları kimi sözləri ağıza alıb danışmaq belə bağışlanmaz günah sayılırdı”.
Həmin fikirləri özgə bir formada ifadə edən cənublu soydaşımız M.Səbri M.Fərzanənin “Pəhləvi rejimində Güney Azərbaycanda şifahi xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən” məqaləsinə istinadən qeyd edib ki, Pəhləvi rejimi xalqın milli-mənəvi duyğu və düşüncələrindən süzülüb gələn və onların tarixi milli qəhrəmanlıqlarını, mədəni bədii varlıqlarını canlandıran xalq ədəbiyyatının toplanması və nəşrinə imkan verməmişdir. İranda Azərbaycan türk folklorunun Pəhləvi dönəmindəki nəşri barədə söz açan Ə.Sərrafi olduqca acınacaqlı bir faktı belə ifadə edib: “53 illik Pəhləvi rejimi illərində folklorumuza aid cəmi 26 kitab işıq üzü görmüşdür ki, onların ancaq 8-i türkcə, qalanı isə farscadır”.
Əlbəttə, bu rəqəmlər o qədər də inandırıcı səslənmir və M.Fərzanənin etirafı bu məsələyə aydınlıq gətirir. O, öz araşdırmalarında dəfələrlə vurğulayıb ki, Güney Azərbaycanda xalq ədəbiyyatının səmərəli toplanılıb mətbuatda çap olunması milli hökumət dövrünə - 1945-1946-cı illərə təsadüf edir. “Güney Azərbaycan folkloru” toplusunda M.Fərzanənin “Varlıq” dərgisinin ayrı-ayrı saylarında çap olunmuş “Ana dilimiz və milli varlığımız uğrunda mübarizələr dəftərindən” silsilə yazılarında, habelə “Azərbaycan el ədəbiyyatından atalar sözü və məsəllərə aid bir orijinal əsər”, “Azərbaycan el mahnıları”, “Dədə Qorqud boylarının dil və üslub özəlliklərini Azərbaycan türkcəsində aramalıyıq”, “Novruz - el bayramı, bahar bayramı B.Q.Səhəndin şeirində”, “Pəhləvi rejimində Güney Azərbaycanda şifahi xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən”, “Söz dünyamız və folklor”, “Molla Nəsrəddin lətifələri” və s. kimi məqalələrində əksini tapmış folklorumuzun çoxyönlü qayğıları, qaynaqları kimi bir sıra önəmli məsələlərə də toxunulub.
M.Fərzanənin adı ilə bağlı bu toplunun nəşrini son dərəcə təqdirəlayiq ədəbi-mədəni hadisə kimi dəyərləndirən folklorşünas İsrafil Abbaslı sonda yazır: “Bu nəşr ömrünün son çağlarında doğma Vətənini tərk edib qürbətdə dünyasını dəyişən Məmmədəli Qövsi Fərzanənin işıqlı ruhu qarşısında müstəqil Azərbaycan folklorşünaslarının vəfa borcunun kiçik ifadəsidir”.
Güneydə xalq mahnısı
Apardı sellər Saranı…
Arpa çayı aşdı, daşdı
Sel Saranı aldı qaçdı.
Ala gözlü, qələm qaşdı
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Arpa çayı dərin olmaz,
Axar sular sərin olmaz,
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Arpa çayı düşüb ada,
Yaradan yetişsin dada,
Sarı başmaq üzür suda,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Sel Saraya oldu yağı,
Su bürüdü solu, sağı,
Yasa batdı toy otağı,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Mən bu bağa girməmişəm,
Qonçə gülün dərməmişəm,
Mən Saranı görməmişəm,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Olduq əcəb günü qara,
Dərdimizə yoxdu çara,
Sara həsrət qaldı yara,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Arabalar qoşa-qoşa,
Qurban olum qələm-qaşa,
Oğlan, əlin çıxdı boşa,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!