İran İslam Respublikasının dini-siyasi rəhbərliyinin ölkəni zamanı keçmiş üsullarla idarə etməsi, sosial ədalət prinsiplərini və zəruri islahatları yaxına buraxmaması, nəhayət, geniş kütlənin, eləcə də milli hüquqları pozulmuş xalqların ciddi etirazları və davamlı dirənişi ilə üzləşib. Hakim dairələr çoxluğun haqlı tələblərini dinləyb cavablandırmaq əvəzinə, sərt cəza tədbirlərinə əl atır, təbliğatda isə iğtişaşların səbəbini xarici düşmənlərin xalqı yoldan çıxarmağa çalışmasında axtarır.
Düşmən kimi qələmə verilən ilk ölkələrdən biri isə İran əhalisinin böyük bir hissəsini təşkil edən 30 milyondan artıq türklərin 10 milyonluq soydaşlarının Şimalda yaşadığı müstəqil Azərbaycan dövlətidir. Bu saxta arqumentin əsasında dayanan isə məhz Azərbaycanın müstəqil ölkə, əhalisinin isə güneylilərlə eyni xalq olmasıdır. Nəinki İranda və Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar eyni xalqın, Azərbaycan türklərinin nümayəndələridir. 50 milyonluq bu nəhəg toplum hakim fars rejiminin nəzərində niyə qorxunc bir qüvvəyə çevrilib? Müstəqil Azərbaycan dövləti İranın hakim rejimi üçün niyə bu qədər təhlükəlidir?
Tanınmış iranşünas mütəxəssis, AMEA-nın Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Mustafayevlə bu suala cavab axtardıq. Müsahibimiz bildirdi:
– İranın hakim dini rejiminin məsuliyyətsiz və satqın mübəlliğlərinin illər boyu ölkəmizə qarşı səsləndirdikləri yalan və uydurmaları, son 2 ayda isə ara verməyən açıq düşmənçilik təbliğatını nəzərdın keçirib cavablandırarkən əvvəlcə çox vacib bir məqamı qeyd etmək lazımdır. İranın Azərbaycana qarşı total təbliğatı rejimin özü kimi ancaq yalan üzərində qurulub, çünki gerçək və ağlabatan bir əsas tapa bilmirlər.
İranın indiki rejimi Mehdi əfsanəsi ilə legitimləşdirilir. Belə ki, Mehdi və onun qayıdışı haqqında bəzi şiə ilahiyyatçılarının düzüb-qoşduqları nəzəriyyəyə əsasən, “zamanın sahibi”nin gələcəyinə qədər müsəlmanları ancaq onun vəkili olan bilikli fəqih idarə edə bilər. Mehdi və onun qayıdışı məsələsi müsəlmanların mütləq əksəriyyətini təşkil edən sünniməzhəblər tərəfindən qəbul edilmədiyi üçün həmin iddia siyasi hakimiyyətin legitimliyinin əsası ola bilməz və bunu iddia edənlərin bütün müsəlmanların adından danışmaq səlahiyyəti yoxdur.
Mehdinin vəkili və fəqih məsələsi İranın hakimiyyətpərəst ruhaniləri tərəfindən uydurulmuş yalandan başqa bir şey deyil. Yalnız hakimiyyət hərisi olan şiəməzhəb ruhanilər (o da azlıqda olanlar) belə bir əfsanə uydura bilərlər. Mehdinn vəkili qismində “rəhbər” adı ilə 40 ildən çox müddətdə hakimiyyətdə olan fəqihlərin “qulbeçələri” də onları qorumaq üçün ancaq yalan arxasında gizlənirlər.
Rejimi müdafiəyə qalxan Həsən Hanizadə adlı bir ekspert nə qədər canfəşanlıq etsə də, İranla bağlı ittihamların və mövcud problemlərin heç birini təkzib etməyə nail ola bilmir. Çünki yalanla doğrunu təkzib etmək mümkün deyil. Bu imanını danan, bununla dinə də bağlılığı olmadığını ortaya qoyan “şiəməzhəb ideoloq” İranda azərbaycanlıların, 30–35 milyonluq bir xalq kimi mövcudluğunu, Güney azərbaycanlıların ana dilində heç bir məktəbi olmadığını inkar edə bilərmi?
– Həqiqət budur ki, İranda nəinki azərbaycanlıların ana dilində məktəbi yoxdur, həm də hakim rejim ölkənin əsas qanununun İran etnoslarına yarımçıq ana dili hüququ verən 15-ci maddəsinin reallaşdırılmasına indiyədək imkan verməmişdir.
– Tamamilə doğrudur. Bütün dünyanın bildiyi bu həqiqətləri imanlı və əxlaqlı bir adam pərdələyə bilərmi? İranda bir ovuc erməninin ana dilində məktblərinin olması və onların rejim tərəfindən hərtərəfli qayğı ilə əhatə edilməsi fikrini təkzib etmək olarmı? Əlbbətə, yox! İran rejiminin son 30 ildə Ermənistana hərtərəfli yardım və dəstək göstərdiyi fikrinə etiraz etmək mümkündürmü? Qətiyyən yox!
Haqqında söz açdığım vicdanını satmış ekspert isə Azərbaycanın işğal altında olan ərazilərini 44 günlük Vətən müharibəsində azad etməyə başladığı gündən İranın erməniləri dəstəkləmək üçün Azərbaycanın qarşısında “qırmızı cizgilər” çəkməsinə cidd-cəhdlə haqq qazandırmağa çalışır. Bədnam Həsən Hanizadə İranla bağlı bütün dünyada səslənən ittihamlara münasibət bildirmək əvəzinə, Azərbaycanın, guya bu ölkəni təhdid etməsi, Amerika, İsrail və Türkiyəyə arxalanaraq düşmən mövqe tutması kimi cəfəng iddialar irəli sürür.
Nəhayət, İranda son əsrdə, xüsusən İslam rejimi dövründə Azərbaycanla bağl yaranan yanlış illüziyanın iki əsas komponentini xüsusi qeyd etmək lazımdır.
Birincisi, Azərbaycanın 2 əsr bundan əvvəl İran ərazisi olması arqumentləşdirilir. Yaxşı belədirsə, İran niyə bu ərazilər müstəmləkəyə çevrilib ağır zamanlar yaşayanda bircə dəfə də səsini çıxarmayıb? Azərbaycan xalqı Şimalda itirililmiş müstəqilliyini bərpa, 30 illik Qarabağ münaqişəsini isə təkbaşına həll edəndən sonramı ayılıb İran dövləti? Şimali Azərbaycan İran ərazisi imişsə, bəs, Ermənistan Qarabağı işğal edəndə bu dövlət niyə səsini çıxarmadı, nədən 30 illik işğal dövründə davamlı olaraq susdu? Ağayi Hanizadə, bəlkə bu suallara bir saxta cavab uydurasan?!
Görünən budur ki, İranda panfarsist ideoloqlar, bir tərəfdən, İranın Şimali Azərbaycan iddiasını, digər tərəfdən, guya azərbaycanlıların İrana birləşmək meylini tez-tez gündəmə gətirərək özlərini aldatmaqla, özgələrin isə gözünə kül üfürməklə məşğuldurlar. Həqiqət budur ki, ərazi dövləti kimi İran Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra formalaşmağa başlayıb. Bir milli, yəni fars hakimiyyətli dövlət kimi İran XX əsrin 20-ci illərindən formalaşmağa başayıb. Hər iki mənada Şimali Azərbaycan heç vaxt İran fars dövlətinin tərkibində olmayıb.
Burada onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan (həm Şimali, həm də Cənubi) Sasani sulaləsinin hakimiyyəti (224-651) ərəblər tərəfindən ləğv edildikdən sonra heç vaxt farsların yaratdığı dövlətin tərkibində olmayıb. Çünki həmin vaxtdan XX əsrin əvvəllərinədək farslar indiki İran ərazisində heç bir dövlət yaratmayıblar. İndiki fars dövləti də onlara azərbaycanlılardan qalıb. Bu səxavətin müqabilində azərbaycanlılar son 1 əsrdə məhvə məhkum edilmişlər. 50 milyonluq bir xalqın 30-35 milyonluq kəsimini isə yox etmək mümkün olmamışdır.
İkincisi, azərbaycanlıların əksəriyyətinin İslamın şiə məzhəbinə mənsub oması əsas tutulur. İran teokratik şiə rejimi həmin amildən şiə azlığı olan müsəlman ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə edir. Amma bir şey unudulur. Hazırki İranın müstəqil Azərbaycana qərəzli və müdaxiləyönlü şiə baxışı yalnız İslam rejimi yaranandan meydana gəlmiş, ondan əvvəl, yəni qatı antitürk Pəhləvi rejimi zamanı da (1925–1979) belə bir yanaşma müşahidə edilməmişdir. Deməli, həmin amil iranlıların nəzərində keçici bir amil rolu oynayır.
– Bunu yaxşı başa düşən azərbaycanlılar İran rejiminə həmin amildən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etməyə imkan vermək istəmirlər.
– Üstəlik, dini amillə bağlı bir cəhəti də xüsusi ilə vurğulamaq lazımdır ki, iranlılar dini rejimin mahiyyətini öz həyatlarında çox yaxşı təcrübədən keçirdikləri üçün artıq ondan birdəfəlik xilas olmaq üçün son döyüşə atılıblar. İndiki hadisələr göstərir ki, öz xalqının düşməni olan rejim başqa xalqların dostu ola bilməz. Baş verən hadisələr din amilinin tezliklə öz əhəmiyyətini itirəcəyi və İranda yaradılmış anti-Azərbaycan illüziyanın darmadağın olacağı mesajını da verir.
Bunları yaxşı bilən, ancaq satıldıqları rejimin yıxılacağından qorxan ideoloqlar, guya, İranın köklü və haqlı maraqlarını müdafiə etdiklərini güman edirlər. İranın həqiqi milli maraqları isə dini rejimin hakimiyyətinin qorunmasında deyil, burada yaşayan xalqların indiyədək saya salınmayan, nəzərə alınmayan milli haqlarının təmin edilməsində axtarılmalıdır.