Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü
12.12.2022 10:20
  • A-
  • A
  • A+

12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü

Taleyim elə gətirmişdir ki, dünyanın bir çox tanınmış insanları ilə görüşmüşəm, bunların arasında böyük siyasətçilər, görkəmli dövlət xadimləri, elm və mədəniyyət korifeyləri də olmuşdur. Ancaq səmimiyyətlə demək istəyirəm ki, onlardan heç biri Heydər Əliyev qədər əzəmətli və möhtəşəm, zəhmli və mehriban, sirayətedici və müdrik, analitik təfəkkürlü və fenomenal yaddaşlı, vətənpərvər və qətiyyətli, iradəli və cəsarətli olmamışdır. Siyasi liderlər, şəxsiyyətlər əsri olan XX əsr haqqında danışarkən Uinston Çörçildən Cəvahirləl Nehruyadək hamını xatırlayan tanınmış siyasətçi Eduard Şevardnadze demişdir: “XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir”.

Mən çox xoşbəxtəm ki, belə bir şəxsiyyətin soydaşıyam, müasiri olmuşam və bir neçə dəfə onunla görüşmək, həmsöhbət olmaq şərəfinə nail olmuşam.

“Azərbaycan” və “azərbaycanlı” məfhumlarının sosial-siyasi statusunu dəyişdirərək, bu məfhumların çox vaxt alt qatlarda gizli qalan, təhrif edilən gerçək mahiyyətini üst qata çıxara, onları olduğu kimi təqdim, təmsil və tərənnüm edə bilən Heydər Əliyev Vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmətin canlı nümunəsi idi. Və elə bunlara görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bilmişdi. O, anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, Heydər Əliyev ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun müdrik ideyaları əsasında inkişaf edirdi... Hüquq nəzəriyyəçisi kimi dövlət quruculuğunun əsas yükü onun çiyinlərində idi... Usta diplomat kimi ölkəmizin dünya birliyində layiqli yer tutması onun müstəsna xidmətləri idi... Böyük sərkərdə kimi Azərbaycanın bu gün bizi doğma torpaqlarımıza qovuşduran Milli Ordusunu o qurmuşdu... Milli mədəniyyətimizin, elmimizin və təhsilimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin ən böyük bilicisi kimi bu dəyərlərin ən böyük hamisi o idi...

Bəzən təəccüblənməmək olmur: o, bütün bunları, bunca azman fəaliyyəti 80 illik bir insan ömrünə necə sığışdıra bildi? Amma bu suala cavab var. Bu cavab ulu öndərin “Xalqın, Vətənin taleyi hər bir insanın öz taleyinə çevrilməlidir” kəlamında gizlənir. Heydər Əliyev heç vaxt öz şəxsi həyatını yaşamadı. Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi.

Yaxşı xatırlayıram, Ankarada böyük Atatürkün Anıtqəbir movzoleyini ziyarət edirdik. Bizdən irəlidə xeyli məktəbli ziyarətə gəlmişdi. Bizə bələdçilik edən kompleksin yaşlı əməkdaşlarından biri danışırdı ki, 1953-cü ildən fəaliyyət göstərən bu muzeyi hər il milyonlarla insan ziyarət edir. Biz bu ziyarətçilərin statistikasını aparırıq. Məlum olub ki, ümumi ziyarətçilərin sayı ilə yanaşı, gənclərin, məktəblilərin sayı ildən-ilə artır. Səbəbini soruşanda belə izah etdi ki, dahilərin xoşbəxtliyi və digər adamlardan bir fərqi də ondan ibarətdir ki, onlar zaman etibarı ilə uzaqlaşdıqca, daha çox sevilirlər, insanlar onları daha dərindən dərk edir, onların xidmətləri, gördükləri işlər daha aydın görünür. İndi o xatirəni yadıma salanda düşünürəm ki, bizim gənclərin də Heydər Əliyevə sevgisi,rəğbəti onu daha dərindən, daha böyük məsafədən, tarixin müqayisəli prizmasından görməsi ilə bağlıdır.

O çətin günləri, hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü dövrləri, vətəndaş müharibəsinin xofunu, çörək növbələrinin faciəsini, tariximizin, bəlkə də, ən çətin mərhələsini addım-addım yaşamışıq deyə, bizim üçün o hadisələr adiləşib. Ancaq yeni nəsillər tarixin ayrı-ayrı dövrlərini müqayisə edib, son otuz ildə haradan haraya gəldiyimizi, necə bir inkişaf yolu keçdiyimizi, Asiyanın geri qalmış nizamsız ölkəsindən Avropanın mədəniyyət paytaxtlarından birinə çevrilmiş Azərbaycanın qazandığı uğurların miqyasını daha aydın görə bilirlər. Bunun necə əldə edildiyini, hansı çətinliklərdən keçildiyini, burulğanların, tufanların hansı diplomatik üsullarla, siyasi manevrlərlə yatırıldığını oxuyaraq, öyrənərək daha yaxşı bilir və bu inanılmaz qəhrəmanlıqların müəllifini daha yaxşı tanıyırlar.

...Bir dəfə Heydər Əliyevin yaxın dostu, məşhur həkim, Türkiyənin tanınmış ictimai xadimi İhsan Doğramacı Prezidentin dəvəti ilə Azərbaycana gəlmişdi ki, öz yubileyini burada onunla birgə keçirsin. Heydər Əliyev səfərin və yubileyin təşkilati işlərini mənə tapşırmışdı.

Yubiley günü zəng vurub Heydər Əliyevin mənimlə danışmaq istədiyini dedilər. Bir azdan dəstəkdə ulu öndərin səsini eşitdim:

– Hə, hazırlıq işləri necə gedir? Mənə çatdırıblar ki, hər şey qaydasındadır.

Cavab verdim ki, tapşırılan bütün işlər yerinə yetirilib. Onu qarşılamaq üçün avtomobillər, mehmanxanada yer, yubileyin keçiriləcəyi məkan, hamısı hazırdır. Bir azdan hava limanına gedib qonağı qarşılayacağıq.

– Bəs kim çıxış edəcək? – deyə xəbər aldı. Çıxış edəcək adamların adlarını birbir sadaladım. Heydər Əliyev gözlənilmədən soruşdu:

– Bunları bildim, bəs sən nə edəcəksən?

Mənə ancaq hazırlıq işlərinin tapşırıldığını və bu işləri yerinə yetirdiyimi söylədim. Ulu öndərin təklifi sanki ürəyimdən xəbər verdi:

– İclası apara bilərsənmi?

...Beləliklə, iclasın aparıcılığını mən etməli oldum. Yaddaqalan bir yubiley mərasimi alındı. Yığıncaqdan sonra kiçik bir heyətlə şam yeməyi oldu. Orada Heydər Əliyev, ailəsi ilə birgə yubilyar özü, mən, o vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu, Türkiyənin ölkəmizdəki səfiri və daha bir neçə nəfər vardı. Küncdə piano qoyulmuşdu. Heydər Əliyev üzünü Polad Bülbüloğluya tutdu:

– Polad, burada piano da var, bəlkə bizim üçün bir mahnı oxuyasan? Polad Bülbüloğlu dərhal piano arxasına keçib soruşdu:

– Hansı mahnını dinləmək istərdiniz?

– “Küçələrə su səpmişəm”…

– Əfsus ki, bunu oxuya bilməyəcəyəm, – deyə Polad məyusluqla gülümsündü. Mahnının sözlərini bilmirəm.

– Necə yəni bilmirsən?!

– Heydər Əliyev güldü,– Yaxşı, narahat olma, mən sənə kömək edərəm.

Polad pianoda ifaya başladı. Heydər Əliyev ayağa qalxıb, İhsan Doğramacını da qaldırdı. Təəssüf ki, həmin epizod videoya çəkilməyib. Görəydiniz, Polad Bülbüloğlunun bilmədiyi sözləri Heydər Əliyev necə əzbər bilirdi və orada nə gözəl oxudu... Elə bil ki, Siyasi Büroda SSRİ-nin taleyini həll edən qərarlarla bağlı çıxış edən, Qorbaçovla döş-döşə gəlib kəskin mübarizə aparan, Azərbaycanı uçurumun kənarından xilas edən, BMT Baş Məclisinin iclasında əzəmətlə nitq söyləyən, güclü qar yağmasına, çətin aşılan dağ yollarının son dərəcə təhlükəli olmasına baxmayaraq, Şuşada Vaqifin məqbərəsinin açılış mərasimini keçirən bu adam deyildi...

Mən həyatımda ilk dəfə bu böyük şəxsiyyəti yaxından 1975-ci ildə görmüşəm. Onda Azərbaycan Dövlət Universitetində (indiki BDU) təzəcə müəllim işləməyə başlamışdım. Yayda qəbul imtahanları zamanı xəbər yayıldı ki, Heydər Əliyev universitetə gəlir. O zamanlar əsas binanın 4-cü mərtəbəsində, təxminən, 30 otaqda imtahan gedirdi. Biz riyaziyyatçılar da bir otaqda əyləşib abuturiyentlərin yazı işlərini yoxlayırdıq. Birdən auditoriyanın qapısı açıldı və Heydər Əliyev bizim otağa daxil oldu. İndi düşünürəm ki, həmin vaxtlar onun 52 yaşı vardı, xeyli cavan idi, ancaq elə bil ki, otağa ağsaqqal, nurani bir insan gəldi. Aurası, baxışları, söhbətləri çox fərqli idi. O, təhsil sistemində mövcud olan problemlər, ali məktəblərdəki vəziyyət, imtahanlar, aspirantura, gənc alimlər haqqında söhbət etməyə başladı. Elə incəliklərə toxundu ki, çoxumuz bu məsələlərdən xəbərsiz idik. Qısa müddətdə onun zəkasına, hadisələrə yanaşmasına, faktları dəqiqliklə bilməsinə və maraqlı söhbətlərinə valeh olduq. Söhbətini başa vurandan sonra sualımızın olub-olmadığını soruşdu. Gənc professor Valeri Salayev dedi:

– Yoldaş Əliyev, mənim sualım var. Bizə göstəriş gəlib ki, məzunların aspiranturaya qəbulu üçün mütləq ən azı iki il iş stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğlanlar iki illik hərbi xidmətə gedir və təhsil estafeti qırılır. Riyaziyyatda isə ixtisasla fasiləsiz məşğul olmaq lazımdır.

Təhsil naziri, rektor və onunla birlikdə gələn digər rəhbər işçilər planlaşdırılmamış sualdan ciddi narahat oldular. Heydər Əliyevin cavabı vəziyyəti xeyli yumşaltdı:

– Bu tələb, daha çox humanitar və sosial elmlər sahələrinə aiddir. Riyaziyyatçılara gəlincə, siz tamamilə haqlısınız, fundamental elm sahələrində, o cümlədən fizikada, riyaziyyatda məzunlar qarşısında gərək belə tələb qoyulmasın.

Yeri gəlmişkən, qeyd edim ki, o məsələ bununla da öz həllini tapdı və fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən sonralar iş stajı tələb olunmadı. Heydər Əliyevin gənc professorun sualına belə səmimi və müsbət reaksiyası, deyəsən, başqalarını da ürəkləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı:

– Yoldaş Əliyev, mənim 32 yaşım var. Ailəliyəm, 3 övladım var. Amma hələ də mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şəraitdə elmlə məşğul olmaq çox çətindir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz.

Heydər Əliyev gülümsünüb bədahətən Nyuton, Eynşteyn də daxil olmaqla, bir çox böyük alimlərin adlarını çəkdi. Onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri yüksək nailiyyətləri yada saldı:

– Siz bilirsinizmi, bu alimlərin əksəriyyəti öz elmi əsərlərini xüsusi bir şəraitləri olmadan, əsasən, kitabxanalarda yaradıblar?! Hətta, döşəmədə əsərlər yazan alimlər də olub. Əlbəttə, mən həmişə çalışıram ki, hər bir vətəndaşımız normal şəraitdə yaşasın – Heydər Əliyev təbəssümlə həmin müəllimi süzdü – Sizə də imkan daxilində kömək göstəriləcəkdir. (Bir müddət sonra, həqiqətən, o müəllimə mənzil verildi).

Ulu öndərin dərin ensiklopedik biliyi, hadisələrə anındaca reaksiya vermək bacarığı, təhsil və elm sahəsinə bu qədər təfsilatı ilə bələd olması məni ilk görüşdəcə heyrətləndirdi.

Mən başqalarının da onun dərin biliyinə təəccübləndiyinin dəfələrlə şahidi olmuşam. Bəzən özünün birbaşa məşğul olmadığı xüsusi sahələr haqqında o qədər mükəmməl bilik və təcrübə nümayiş etdirirdi ki, yaxından tanımayan insanlarda onun fəaliyyət sahəsi haqqında bəzən, müsbət mənada, yanlış təsəvvür yaranırdı. Ötən əsrin 80-ci illərində, ulu öndərin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu və bir çox mürəkkəb sahələrlə yanaşı elm və təhsilə də rəhbərlik etdiyi dövrdə Moskvada universitet müəllimlərinin iştirakı ilə keçirilən bir tədbirdə iştirak edirdim. Mənim azərbaycanlı olduğumu bilən tanınmış rus alimlərindən biri yaxınlaşıb sual verdi ki, Heydər Əliyev neçə il kafedra müdiri vəzifəsində işləyib?

Təəccübləndim, Heydər Əliyevin, nəinki kafedra müdiri vəzifəsində, ümumiyyətlə, təhsil sistemində heç zaman çalışmadığını deyib nə üçün belə düşündüyünü soruşdum. Cavab verdi ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiya iclasında Heydər Əliyevin bir çıxışını dinləyəndən sonra bu qərara gəlib.

– Heydər Əliyev ali təhsil sistemində mövcud olan problemləri o qədər yüksək peşəkarlıqla, incəliklə təhlil etdi ki, biz onun uzun illər universitetlərin birində kafedra müdiri, ya dekan çalışdığını düşündük.

Sonralar onun fenomenal yaddaşa malik olduğunu, 20-30 il əvvəl baş vermiş və çoxlarının bəlkə də, unutduğu hadisələri, epizodları, iştirakçıların ad-soyadına qədər xatırladığının dəfələrlə şahidi olmuşam. Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın bu barədə fikirləri maraqlıdır: “Zənnimcə, dahi siyasi xadim Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng ölkənin hökumətinə asanlıqla rəhbərlik edə bilərdi. Siyasətçiyə lazım olan mühüm keyfiyyət strateji, genişmiqyaslı təfəkkürdür. Heydər Əliyev bu keyfiyyətə tam malik idi. O, çox uzaqgörən idi, hətta hələ başlanmayan hadisələrin necə cərəyan edəcəyini, nə ilə nəticələnəcəyini də gözəl başa düşürdü. Onun yaddaşı sanki kompüter yaddaşına bərabər idi. Çoxları heyrətlənirdi ki, o, hər şeyi yadda saxlayır. Heydər Əliyev illər əvvəl baş verən hadisələrin detallarını xatırlayırdı. İstər sovet dövrü olsun, istər müasir Azərbaycan dövrü, o, yaşadığı dövrlə, nəinki ayaqlaşır, həm də bu dövrə yüksək səviyyədə uyğunlaşırdı.”

Heydər Əliyev Azərbaycanı yenidən qurdu, bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni qəsəbələr, ali məktəblər, muzeylər, zavod və fabriklər, teatrlar, kitabxanalar, heykəllər... yaradıldı. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada, o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan ümummilli liderimiz, güvənc yerimiz və qürur duyduğumuz böyük azərbaycanlı idi.

Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının xüsusi çalarları idi.

Azərbaycanda iqdisadiyyat, mədəniyyət, elm, idman, incəsənət, ağır sənaye, diaspor hərəkatı, kənd təsərrüfatı, neft strategiyası, ordu quruculuğu və digər bütün sahələrin inkişafı, təşəkkülü, formalaşması bilavasitə onun adı ilə bağlıdır. Ancaq təhsil onun üçün prioritet sahə, müəllimlər ən ali peşə sahibləri idi. "Mən yer üzündə müəllim adından yüksək ad tanımıram”, – deyərək müəllimə hər zaman dərin hörmət və ehtiramını bildirirdi. Yaxşı xatırlayıram, mən universitetdə prorektor vəzifəsində işləyəndə mexanika-riyaziyyat fakültəsinin müəllimi Tofiq Bəktaşi rəhmətə getmişdi. Onun vəfatını eşidən Prezident şəxsən özü rektor Murtuz Ələsgərova zəng edib bərk-bərk tapşırmışdı ki, Tofiq Bəktaşi son mənzilə layiqincə yola salınsın. Çünki o, Naxçıvan Pedaqoji Məktəbində Heydər Əliyevin müəllimi olmuşdu.

Daha bir maraqlı xatirəm ondan ibarətdir ki, Murtuz müəllimin rektor olduğu dövr tarix fakültəsinin Sabir Xəllilov adlı tanınmış bir müəllimi vəfat etmişdi. Biz onun dəfn mərasimində fəal iştirak etdik, hörmətlə vida mərasimi keçirdik, başqa qayğılar da göstərdik. Həmin müəllimin il mərasimi yaxınlaşan günlərdə Murtuz Ələsgərov artıq Milli Məclisin Sədri, mən isə BDU-nun rektoru idim. Bir zamanlar təhsil aldığı tarix fakültəsinə və onun müəllimlərinə xüsusi qayğı ilə yanaşan ulu öndərin yaxşı tanıdığı Sabir müəllim haqda universitet qəzetində məqalə çap edilməsini tapşırdım. Qəzet il mərasiminə iki gün qalmış çap olundu, qəzet çap edilən günün sabahı Heydər Əliyev mənə zəng etdi: ”Misir müəllim, Sabir Xəlilovun vəfatını mənə niyə xəbər etməmisən?”. Cavab verdim ki, “Cənab Prezident, Sabir müəllim keçən il rəhmətə gedib, onda da rektor Murtuz müəllim idi.” “Nə olsun? Sən ki, prorektor idin, deyə bilərdin…” – dedi, mən isə deməyə söz tapmadım. O, davam elədi: ”Sən bilirsən ki, mənim müəllimlərə, xüsusən də təhsil aldığım tarix fakültəsinin qocaman müəllimlərinə böyük hörmətim var. Digər tərəfdən də bu adam 91-lərdəndir, mənim onlara da dərin ehtiramım var. Get Sabir müəllimin evinə, nə lazımdırsa, kömək et. Sabahkı il mərasiminin bütün xərcini sən çək. Öyrən, gör, əgər qəbrinin üstünü götürməyiblərsə, onu da et! Sabahkı məclisdə universitet kollektivi fəal iştirak etsin! Vəssalam!”, - deyib, telefonu qoydu. Bu da onun müəllimə olan rəğbətinin daha bir təsdiqi. Mənim ümummilli liderlə bağlı onlarca xatirəm var. Rektor və nazir təyin edərkən görüşlərimiz, tövsiyə xarakterli söhbətləri və tapşırıqları onun universitetə, respublika təhsil şəbəkəsinə dərin bələdliyi ilə məni təəccübləndirmişdisə, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, Prezidenti Əsgər Akayevin, Moldova Prezidenti Petru Luçinskinin BDUya gəlişi zamanı onlarla birlikdə gələn Heydər Əliyevin diplomatik ustalığı, siyasi manevrləri, həmkarlarının ona böyük həsəd və rəğbətlə yanaşması, şəxsiyyətin əzəməti məni heyrətləndirmişdi.

1999-cu ildə BDU-da tanınmış ziyalı Səfyar Musayevin dəfn mərasimindəki xatirələri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75-ci ildönümü münasibətilə çıxışı zamanı keçmiş müəllimlərinin ad və soyadlarını bir-bir yada salması onun ziyalıya həssas münasibətinin, 1970-1982-ci illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış şəxslərlə görüşündəki nitqi isə Azərbaycanın gələcəyi barədə hər zaman düşündüyünün göstəricisidir. Bir dəfə onunla birlikdə Xətai rayonundakı SOS Uşaq Kəndinin açılışında iştirak edirdim. Azərbaycanda belə bir mərkəzin yaradılması yeni hadisə olduğuna görə məndən başqa həmin tədbirə digər nazirlər, dövlət adamları, deputatlar da dəvət olunmuşdu. Prezident uşaqların şəraiti ilə yaxından tanış olmaq üçün onların yaşadığı otaqlara baxırdı. Bu otaqların birinə daxil olanda uşaqlardan soruşdu ki, Azərbaycanın himnini oxuya bilərsiniz? Uşaqlar da bunu gözləyirmişlər kimi, səs-səsə verərək himni çox gözəl oxudular. Ulu öndər bu mənzərədən kövrəldi, hətta gözləri doldu, ancaq özünü tez ələ alıb kənarda dayanıb bu hadisəni seyr edən dövlət rəsmilərə müraciət etdi: – Bu uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər. Baxın, siz himni belə oxuya bilərdiniz? Açığını deyim ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illər idi, indiki vaxtlardan fərqli olaraq dövlət məmurları himnin sözlərini yaxşı bilmirdilər, ona görə hamı utandığından kənara çəkildi. Doğrudur, bu hadisədən sonra hamı himnin sözlərini, musiqisini öyrəndi, ancaq ulu öndərin həmin dəqiqələrdə bizim zəif yerimizi hiss etməsi onun böyüklüyünü bir daha təsdiq edərək bizi çox təəccübləndirdi. Yaxşı xatırlayıram ki, ümummilli lider Dünya Azərbaycanlılarının Qurultayını keçirmək, bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanmasını təmin etməyi necə vacib amil hesab edirdi. Sonralar tarix göstərdi ki, Heydər Əliyev bu addımında da nə qədər müdriklik və uzaqgörənlik, həm də milli mənafelərə qəlbən bağlılıq nümayiş etdirmişdir. Uzun və çoxşaxəli hazırlıq prosesindən sonra, nəhayət, 2001-ci ildə çox mühüm hadisə olan birinci qurultayı keçirmək mümkün oldu. Bu zaman səhhəti nisbətən zəifləməsinə baxmayaraq, böyük həvəslə onlarca xarici ölkədə yaşayan 600 nəfərə yaxın azərbaycanlını tapmaq, onları Bakıya eyni vaxtda gəlməyə razı salmaqdan otel problemlərinə, ekskursiyalara, digər mədəni-kütləvi proqramlara qədər çox mürəkkəb işlərə rəhbərlik edən ulu öndər mənə zəng etdi: - Sizin bir müddət əvvəl çap olunmuş “Azərbaycan Respublikasının Dövlət rəmzləri” adlı kitabınız var idi. Ondan əlavə 600 ədəd çap etdirin, qonaqlara paylayaq. Qoy onlar Dövlət rəmzlərimizi öz ölkələrinə aparsınlar, evlərində saxlasınlar, uşaqlarına göstərsinlər, yaddan çıxarmasınlar ki, bura onların doğma Vətənidir.

Mən bu insanın böyüklüyünə, mənəviyyatına,vətənpərvərliyinə məəttəl qaldım, heyrət etdim ki, bu qədər işin içində gör yadına nə düşüb, Vətən üçün, xalq üçün gör nələri düşünə bilir...

Mən Bakı şəhərinin bir sıra məktəblərində yeni dərs ilinin başlanması və yeni tikilmiş məktəblərin açılışı münasibətilə bu böyük şəxsiyyətlə birlikdə iştirak etmək xoşbəxtliyinin və həmin tədbirlərdə onun təhsilin inkişafı, Azərbaycan tarixinin və dilinin öyrənilməsi, məktəb tikintisi, məktəblilərin dərsliklərlə pulsuz təminatı kimi tarixi qərarlarının qəbul olunduğu, onun şagirdlərə, valideynlərə və müəllimlərə doğma münasibət göstərdiyi unudulmaz anların canlı şahidiyəm. Bir sıra ölkələrə ulu öndərlə birlikdə getdiyim günlərdə təyyarədə bir dəqiqə də boş vaxt keçirməyərək nümayəndə heyəti üzvləri ilə intensiv görüşüb söhbət etdiyini, onlara milli maraqlar naminə müvafiq tapşırıqlar verdiyini, daim Azərbaycan üçün nə isə etmək haqqında düşündüyünü, həmin ölkələrdə yaşayan həmvətənlərimizlə səmimi görüşlərini, xarici ölkələrdə nə qədər böyük ehtiramla qəbul edildiyini şəxsən görmüşəm, belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığıma və onun rəhbərliyi ilə çalışdığıma görə daim Allaha şükürlər etmişəm.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada yerini və mövqeyini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil etmişdir. Bu gün möhtərəm Prezidentimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı Qələbə, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ulu öndərin səmərəli fəaliyyətinin sayəsində mümkün olmuşdur.

Zəngin və şərəfli həyatını Azərbaycan xalqının xoşbəxtliyinə, tərəqqisinə və dünya xalqları arasında layiqli yer tutmasına həsr etmiş ümummilli lider Heydər Əliyev qədirbilən xalqımızın tarixində unudulmaz bir şəxsiyyət kimi daim yaşayacaqdır.

Misir MƏRDANOV, Riyaziyyat və Mexanika İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü

“Xalq qəzeti”

  • Paylaş: