Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Güney folkloru - milli kimliyin aynası
12.12.2022 10:34
  • A-
  • A
  • A+

Güney folkloru - milli kimliyin aynası

Otaylı-butaylı Azərbaycanda folklorla bağlı tədqiqatların, təxminən, yüz əlli ilə yaxın tarixi var. Cüng, salnamə, səyahətnamə, qədim yazılı abidələr və lüğətlərdə yer alan folklor örnəkləri, bəzən onlar haqqında verilən məhdud məlumat nəzərə alınmazsa, xalq yaradıcılığı ilə bağlı axtarış və araşdırmalar XIX yüzilin sonlarından başlamışdır. Bununla belə, uzun illər folklorşünaslıq ayrıca təhlil obyektinə çevrilməmiş, şifahi söz sənəti barədə elmi işlər XX əsrin ortalarına qədər ədəbiyyat tarixi ilə bağlı tədqiqatlara daxil edilmişdir.

Folklor hər bir ulusun milli-mənəvi varlığını təsdiq edən şifahi söz yaradıcılığı, xalqın könül dünyasının geniş bədii ifadəsidir. Folklor Vətəndir, torpaqdır, milli varlığın özünütəsdiqi və özünüifadəsidir. Bu zəngin xəzinə maddi və mənəvi dəyərlərin sözə çevrilərək gələcəyə ötürülməsində bədii daşıyıcı rolu oynayır. Hər bir xalqın milli kimliyi, ilk növbədə, folklor nümunələrində əks olunur və burada öyrənilir. Bu baxımdan şifahi söz sənəti milli varlığın saf və parlaq aynasıdır. Milli kimliyini itirmiş toplumun folklor yaradıcılığı da sönüb gedir.

Şifahi xalq ədəbiyyatı olmayan xalqın uzunömürlü olması çətin məsələdir. Folklor keçmişdən gələn özəllikləri ilə milli varlığın qorunmasına xidmət edir. Bu baxımdan son 1 əsrdə İranda yaşayan Azərbaycan türklərinin milli ayrı-seçkiliyin qurbanına çevrilməsi, ana dilində təhsilin yasaqlanması yazılı ədəbiyyatın inkişafına ciddi maneələr yaratsa da geniş xalqın şifahi yaradıcılığı söz sənətinin yaşamasında üstün istiqamət olaraq qalmışdır.

Zəngin, rəngarəng və çoxyönlü çalarlarla, ideya-məzmun əlvanlığı, bədii-poetik tutumu ilə tarix boyu yaradıcı olan xalqımızın yaddaş sərvətinə çevrilmiş bu şifahi söz sənəti - folklor irsi, əslində, bu gün böyük əksəriyyəti doğma tarixi torpaqlarında yaşayan, eləcə də dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq Azərbaycan türklərinin mənəvi dünyasını ehtiva etməkdədir. Görkəmli folklorşünas, professor İsrafil Abbaslının sözləri ilə desək: “Azərbaycan xalqının mənəvi mədəniyyətinin mühüm bir qolunu təşkil edən şifahi söz sənəti onun tarixən formalaşdığı coğrafi məkanla məhdudlaşmamışdır. Folklor daha çox yaradıcısı olan xalqın mədəniyyət çevrəsilə ölçülür. Bu gün dünyanın hansı bir ölkəsindən Azərbaycan türkünün səsi gəlirsə, demək, orada Azərbaycan folkloru mövcuddur və o yaşayır”.

Lakin məlum səbəblərdən indiyə qədər Azərbaycanın Quzeyində aparılan folklor araşdırmaları üstünlük təşkil edir. Güney Azərbaycanda və mühacirətdə folklorşünaslıqla bağlı tədqiqatlar isə sistemsiz aparılmış, bir çox halda diqqətdən kənarda qalmışdır. Çox təəssüf olsun ki, Güney Azərbaycan bu gün də öz milli dəyərlərini – mədəniyyətini, ədəbiyyatını itirmək təhlükəsindən xilas ola bilməmişdir. İranda hakim fars rejimi ictimai həyatda türk dilini yasaqlamaqla kifayətlənməyib onun məişətdə mövcudluğunu da müxtəlif üsullarla hədəfə alınmışdır. Son illərdə tətbiq edilən qaydaya əsasən, türk uşaqlar farsdilli məktəblərə fars dilini ana dili kimi bilməsə qəbul edilmir. Bu isə o deməkdir ki, türk analar bundan sonra öz dilini unudub uşaqlarına farsca dil açdırmalıdırlar.

Bu təhlükəni daha aydın görmək üçün Vətəninin azadlığı, hürriyyəti yolunda mücadiləyə qalxan, bu yolda dəfələrlə ağır zindan həyatı sürən və ən ağır cəzaya – edama məhkum edilən, çətinliklə xilas olaraq Almaniyanın Köln şəhərinə köçmək məcburiyyətində qalan mühacirlərdən Behruz Həqqinin “Ata sözlərinin kökləri və Azərbaycan şifahi xalq ədəbiyyatından örnəklər” kitabındakı bir məqama diqqət yetirmək kifayətdir: “Milli və insani görüşlərini qeyb edənlər “Azərbaycanlılar qorxusuz igidlərdir və Azərbaycan torpaqları İranın başı qədər dəyərlidir”, – deyə bağırıb-çağırmağa başlarlar. “Yaxşı, bəs bu başın dili nədir?” – deyə soruşulanda isə cavabdan qaçaraq kəkələməyə başlarlar. Haqlıdırlar, çünki illər boyu İranda hegemonluq, cəhalət, ədalətsizlik və basqı bu başın dilini fars şovinizminin kəskin qılıncıyla kəsib onu ruhsuz və cansız bir cismə döndərməyə çalışmışdır. Ancaq Azərbaycan xalqı bağrında yaşayan folkloru və ana dilini qoruyaraq düşmənlərin bu arzularını qursaqlarında buraxmışdır. Dilləri və folkloru ilə onlara qalib gəlmişdir”.

Bu sözlər folklorun Güney Azərbaycan üçün nə dərəcədə dəyərli olduğunu, mənəvi savaş mənası ifadə etdiyini göstərir. Əgər İran adlanan ərazidə 35 milyona qədər Azərbaycan türkü yaşayırsa, bu da oradakı folklor mətnlərinin nə qədər zəngin və sayının hədsiz dərəcədə çox olduğundan xəbər verir. Bu baxımdan Güney Azərbaycanın folklor mühiti həm zəngindir, həm də toxunulmamış, təbii halında qalmış münbit qaynaqdır. Təəssüf ki, İranda hələ də bu zəngin irsin toplanması, nəşri məlum səbəblərə görə, böyük çətinliklərlə başa gəlir.

Lakin Azərbaycanın Güneyində folklor materiallarının toplanmasına nə qədər maneələr törədilsə də, bu istiqamətdə müəyyən işlər görülmüşdür. Fədakar Güney folklorçuları min bir əziyyətlə şəhər-şəhər, oba-oba gəzib şifahi söz sənəti nümunələrini yazıya, lentə almağa çalışmışlar. Bu işin miqyasını genişləndirmək, birgə toplanmış marterialları nəşr edib-qorumaq və yaymaq üçün Quzey folklor araşdırıcılıları da əsl fədakarlıq göstərmişlər. AMEA Folklor İnstitutu xüsusi layihə əsasında “Güney Azərbaycan folkloru” silsiləsindən indiyədk 14 kitabı nəşr etdirmişdir.

Dediyimiz kimi, Güneydə folklorla bağlı, az da olsa, tədqiqatlar aparılmışdır. Azərbaycan folklorşünaslığına həsr edilən kitablarda bu araşdırmaların nəzərə alınması, təhlilə cəlb edilməsi də folklorşünalarımız qarşısında duran vacib məsələlərdir. AMEA Folklor İnstitutu 2015-ci ildən Güney Azərbaycanın şifahi söz sənətini əhatə edəcək materialların toplanması və nəşri ilə yanaşı, bu mənəvi xəzinənin elmi baxımdan öyrənilməsinə də başlamışdır.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin əsas istiqamətləri Güney Azərbaycan folkloru örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsi, Güney folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərin araşdırılması ilə bağlıdır. “Güney Azərbaycan folkloru” çoxcildliliyi xalq ədəbiyyatının bir araya gətirilməsi, müxtəlif tarixi-ictimai proseslər kontekstində bu ədəbiyyatın inkişaf istiqamətlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu toplulardakı folklor nümunələri həm güneyli soydaşlarımız, həm də əməkdaşlarımızın yorulmaz əməyi sayəsində toplanılıb, transliterasiya edilərək bir araya gətirilib. Həmin folklor nümunələri zəngin, illərlə qapalı saxlanılan xəzinənin kiçik bir parçasıdır. Ayrı-ayrı cildlərə Güneyin müxtəlif bölgələrindən toplanmış folklor örnəkləri daxil edilmişdir. Bəzi cildlərə isə otaydakı zəngin şifahi xalq yaradıcılığına aid dastan nümunələri daxil edilmişdir. Bu dastanlarda orjinallığın qorunmasına diqqət edilmişdir.

Göründüyü kimi, Güney folkloru da Quzey şifahi söz sənəti ilə yanaşı, otaylı-butaylı, mənəvi bütövlüyünü qoruyan bir xalqıın müdrikliyini, yaşadığı həyatı, gələcəyə baxışlarını parlaq söz nümunələrinə hopduraraq milli kimliyi ifadə edib və yaşadıb. Belə bir xalqı siyasət dəryalarında əritmək, yox etmək indiyədək mümkün olmadığı kimi, bundan sonra gerçəkləşə bilməyəcək.

Lalə BƏDİROVA, AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi

“Xalq qəzeti”

  • Paylaş: