Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub.
Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib.
Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görüldü, bununla da, ölkədə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar yarandı. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Totalitar rejimin hökm sürdüyü Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi.
Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayırdı. Ulu Öndər siyasi məzmunlu çıxışlarında ana dilinin inkişafını təmin etməklə yanaşı, cəmiyyətin bütün imkanlarını bu işə səfərbər edirdi. İnanıram ki, “Heydər Əliyev İli” dahi şəxsiyyətin fəaliyyətinin tədqiqinə, daha dərindən öyrənilməsinə və onun dil siyasətinin geniş təbliği işinə növbəti töhfə olacaqdır.
Təranə ŞÜKÜRLÜ, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.