Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Güney Azərbaycan İranda mədəniyyətin beşiyidir
13.12.2022 12:26
  • A-
  • A
  • A+

Güney Azərbaycan İranda mədəniyyətin beşiyidir

Rəvvadilər, Səlcuqlar, Atabəylər (Eldənizlər), Elxanilər, Cəlayirilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarların hakimiyyətlərinin sonuna qədər keçən uzun zaman boyunca bugünkü İran coğrafiyası bir çox türk dövləti və xanədanının hökm sürdüyü çox əhəmiyyətli ərazilərdən biri olmuşdur. 1925-ci ildə İranda sona çatan türk hökmranlığı yerini Pəhləvi idarəsinə və ondan sonra 1979-cu ildə İran İslam Respublikasına vermişdir.

Dəqiq olmayan məlumatlara əsasən, İran əhalisinin yarıya qədəri türklərdir. Böyük əksəriyyəti oğuzlardan ibarət olan türklər Təbriz, Xorasan, Türkmənsəhra, Tehran, Kərəc, Şiraz, İsfahan, Kirman, Ərak, Qum, Qəzvin, Həmədan və s. bölgələrdə yaşayırlar. Bugünkü İran coğrafiyasında tarixən müxtəlif türk dövlətlərinə paytaxtlıq edən 9 şəhər (Nişapur, Rey, Sultaniyə, Marağa, Ərdəbil, Təbriz, İsfahan, Qəzvin və Tehran) var. Şübhəsiz ki, bu şəhərlərin arasında birinci yerdə türk əhalisinin zəngin mədəni irsi ilə Təbriz şəhəri durur.

Rəvvadilərdən başlayaraq, 1925-ci ilə qədər bugünkü İran coğrafiyası fasiləsiz şəkildə türklər tərəfindən idarə edilmiş ərazi olmuşdur. Bu illər ərzində, xüsusilə də orta əsrlərdə Azərbaycanın cənubu dünya mədəniyyətinə əvəzsiz incilər bəxş etmişdir. Bu günə qədər gəlib çatan tarixi və memarlıq abidələri, kitabələr və əlyazma əsərlər, rəssamlıq məktəbləri və s. elm və mədəniyyət sahələri məhz Azərbaycanın, bilavasitə onun cənubunun adı ilə bağlıdır.

Keçmişdə İranda türk dilinin saray və ordu dili olaraq nə qədər işlək olduğu günümüzə qədər gəlib çatan əsərlərdən aydın görünür. Bu əsərlərin böyük bir qismi dövlət adamlarına, şahlara, padşahlara təqdim edilmiş və ya onların adına yazılmışdır. Azərbaycanın güneyindəki bu mədəni inkişaf onun ayrı-ayrı şəhərlərində fərqli şəkildə özünü göstərir. Marağa, Urmiya, Xoy və s. şəhərlərdə musiqi, incəsənət, nəqqaşlıq, memarlıq, astranomiya, kitab nəşri, xalçaçılıq, miniatür sənəti və s. tək-tək inkişaf etdiyi halda, bütün bu elm və mədəniyyət sahələri Təbrizdə cəmləşmişdi.

Təbriz orta əsrlərdə mədəniyyətin beşiyi sayılırdı. Buranın mədəni strukturunun zənginliyi xalçaçılığın, memarlığın, rəssamlığın, miniatür və musiqi kimi sənətlərin yüksək səviyyəyə çatmasına səbəb olmuşdur. Xüsusilə miniatür sahəsində özünəməxsus yerlərdən birini tutan Təbriz miniatür məktəbi Anadoludakı miniatür sənətinin inkişafında da çox əhəmiyyətli rol oynamışdır. Mətbəə, qəzet-jurnal nəşri, uşaq bağçası, teatr, telefon qovşağı, kar və korlar məktəblərinin İranda ilk dəfə Təbrizdə açılıb inkişaf etməsi də şəhərin ticari və mədəni zənginliyinin göstəricisidir. Tarix boyu Azərbaycanın dəfələrlə parçalanması əhalisinin maddi-mənəvi əzilməsindən ziyadə mədəniyyətinin də bütün dünyaya yayılmasına səbəb oldu. Dərbənd, Borçalı, İrəvan dərdinə bir tərəfdən də Təbriz dərdi qoşuldu.

Dahi Azərbaycan bəstəkarı, bir neçə çalğı alətinin yaradıcısı Səfiəddin Urməvinin (1217–1294) özünü və qohumlarını Hülakü xanın (1217–1265) qəzəbindən qurtarmaq üçün ud çalmasından, ömrünün sonlarını aclıq və səfalət içərisində keçirməsindən tutmuş, əsir götürülmüş memar və xəttatların dünya mədəniyyətinə bəxş etdiyi ölməz əsərlərə qədər bir çox mədəni abidələr azərbaycanlıların məhz mənəvi basqı altında qaldıqları dövrün nümunələridir. Məsələn, Əsir Əli və ya Qul Əli kimi tanınmış memar Əcəm Əlinin indiki Türkiyə Cümhuriyyəti ərazisində 20-dən çox əsəri qalmışdır. Səmərqənddə (Özbəkistan), Dehlidə (Hindistan), Türküstanda (Qazaxıstan), Bağdadda (İraq), Qahirədə (Misir), Sarayevoda (Yuqoslaviya) və daha neçə-neçə şəhərlərin maddi irsi arasında azərbaycanlı ustaların əsərləri yer alır.

Orijinalları əlimizdə olmayan yüzlərlə əsərlərimiz (miniatürlər, xalçalar, əlyazmalar və s.) dünyanın bir çox kitabxana, arxiv və muzeylərini bəzəyir. Bir tək Şəhabəddin Sührəverdinin (1145–1234) əsərlərinin yüz əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxana və əlyazma arxivlərində saxlanılır. Göründüyü kimi, Azərbaycanın dərdi yalnız xəritədə cızılmış torpaq itkisi deyil, onun mənəvi itkiləri torpaq itkisindən min dəfələrlə çoxdur.

Dünya mədəniyyətində Azərbaycan türklərinin varlığı, onların zaman-zaman bir çox dövlətlərin tərəqqisi yolunda çoxsahəli əvəzsiz xidmətləri danılmazdır. Təbii ki, bu dövlətlər arasında İran özgə bir yerə sahibdir. Zaman-zaman türklərə qarşı edilən təcavüzlər, onların milli istiqlal və milli kimlik uğrunda apardıqları mücadilələr hələ XIX əsrin II yarısından etibarən Həsən bəy Zərdabi (1837–1907), Mirzə Ələkbər Sabir (1862–1911), Əli bəy Hüseynzadə (1864–1940), Cəlil Məmmədquluzadə (1869–1932), Əhməd bəy Ağoğlu (1869–1939), Nəriman Nərimanov (1870–1925), Məmməd Səid Ordubadi (1872–1950), Məmməd Əmin Rəsulzadə (1884-1955), Mirzə Bala Məmmədzadə (1898-1959) və başqalarının əsərlərində bu və ya digər şəkildə öz əksini tapıb.

Rusiya ilə İran arasında aparılan müharibələr 1813-cü ildə Gülüstan sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Müqaviləyə əsasən, Azərbaycanın şimal hissəsi Rusiyaya, güney hissəsi isə İrana verildi. Müqavilənin bağlandığı ilk illərdə hələ ki Rusiya siyasətinin tərkib hissəsi olmayan şimali azərbaycanlılar güneylə mədəni əlaqələrini davam etdirirdilər. Bu illərdə Abasqulu ağa Bakıxanovun (1794–1847), Mirzə Kazımbəyin (1802–1870) fars dilinin tədqiqi ilə bağlı apardığı araşdırmaları, M.F.Axundovun (1812–1878) Mirzə Mülküm xan Nizamüddövlə (1833–1908) ilə qurduğu ədəbi əlaqələri, Mirzə ağa Təbrizinin M.F.Axundovla məsləhətləşərək və onun əsərlərinin təsiri ilə yazdığı dram əsərlərini xüsusi vurğulamaq lazımdır.

Tehranda yaranmış, Təbrizdə də yerli şöbəsi olan İran Demokrat Partiyasının qurulmasında türklər mühüm rol oynamışdılar. Partiyanın rəhbəri Seyid Həsən Tağızadə (1878–1970) idi. Bu partiyanın Tehrandakı “İrane-nou” qəzetini Məmməd Əmin Rəsulzadə, Təbrizdəki “Şəfəq” qəzetini Mirzə Hacıağa Rzazadə (Rzazadə Şəfəq) redaktə edirdi. Qeyd edək ki, məşrutə inqilabı dövründə Azərbaycanda 50-yə yaxın qəzet və dərgi çıxırdı. Bunlardan 8-i türkcə–farsca, biri türkcə, qalanları isə farsca nəşr edilirdi. Tehranda çap edilən bir çox qəzetin təsisçisi və redaktoru da türklər idilər.

Əhməd bəy Ağaoğlu ­1911-ci ildə “Türk yurdu” dərgisində çap etdirdiyi “Türk aləmi” adlı silsilə məqalələrində İrandakı türklər haqqında məlumat verir. Burada o, yerli türklərin milli şüur baxımından geridə qaldığını bildirir. Məmməd Əmin Rəsulzadənin 1912-ci ildə İstanbulda çap etdirdiyi “İran türkləri” silsilə ­məqalələri İran türkləri haqqında geniş araşdırmadır. Silsilənin ilk iki məqaləsi İranın, xüsusilə Güney Azərbaycanın coğrafi, etnodemoqrafik təsnifatına həsr edilib. Sonrakı məqalələrdə isə İranın dövlət həyatında iki əsas etnosun – türklər və farsların rolundan bəhs edir. O, son 5 yüz ildə İran dövlətçiliyinin iki amilə – türklərin “qüvvətli bazularına, cəngavərlik səciyyələrinə” və “fars mədəniyyətinin mənəviyyatına” əsaslandığını yazır.

Azərbaycanın güneyinin, xüsusilə də Təbriz şəhərinin tarixi, coğrafi və mədəni xüsusiyyətlərini izah etmək üçün cild-cild əsərlərə ehtiyac duyulur. Biz də bu kiçik işimizdə yazılan bütün dəyərli əsərlərin biblioqrafik göstəricilərinin bir yerə toplanmasına səy göstərdik. Azərbaycan Respublikası Milli kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar, Folklor və Şərqşünaslıq institutlarının, Bakı Dövlət Universitetinin və ölkənin başqa bir çox kitabxanalarının elmi arxivlərində olan bütün məlumatları toplayaraq sistemləşdirdik. Çalışdıq ki, çap olunmuş bütün əsərlər burada öz əksini tapsın.

Azərbaycanın şimalında hər zaman Güneyə, xüsusilə də Təbrizə böyük maraq var. Ömründə bir dəfə də olsun Təbrizi görməyən insanların həsrətini az da olsa, anlamaq olar. Amma Təbrizi min dəfə görən insanlar da Təbriz həsrəti çəkir. Bu həsrət Təbrizi görməklə bitən bir həsrət deyil. Sonsuzdu... Canımıza, qanımıza hopdurulmuş bir həsrətdi. Yanğıdı... Su içməklə sönməyən bir yanğı. Təşnədi... Yarımçıq qalan arzulara beşikdi. Yazıq, fağır bir sızıltıdı... Ağır-ağır ürəyimizdən keçən bir karvandı Təbriz həsrəti.

Təbriz elə bir arzudu, istəkdi ki, onu düşünərək hər kəs öz evində, öz ocağının başında bir “Ayrılıq” havası zümzümə edir. Bu ayrılıq bacını qardaşdan, atanı övladdan, ananı baladan ayırıb. Bu ayrılığın alovu 200 ildir ki, millətimizi, mənəviyyatımızı, mənliyimizi, sözümüzü yandırır.

Qumru ŞƏHRİYAR, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru

“Xalq qəzeti”

  • Paylaş: